Kino peşəkarlarının və kinosevərlərin maraqla izlədiyi peşəkar nəşrlərdən olan “Fokus” analitik kino jurnalı növbəti – 10-cu nömrəsilə oxucularının görüşünə gəlib.
AZƏRTAC xəbər verir ki, Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalı Qafqazda çap formatında dərc edilən yeganə analitik kino dərgisidir. Jurnalın 10-cu nömrəsinin nəşri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib. Gənc Film İstehsalçıları Assosiasiyası ilə Mədəniyyət Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, Nazirlik jurnalın növbəti 4 nömrəsinin nəşrini maliyyələşdirəcək. Eyni zamanda Azərbaycan Kinematoqrafçılar İttifaqı da jurnalın nəşrinə maliyyə və təşkilati dəstək verib.
Bu nömrədə jurnal ənənəvi olaraq Sevda Sultanova, Aliyə Dadaşova, Aygün Aslanlı ilə yanaşı, yeni müəlliflər – Qismət Rüstəmov, Hacı Səfərovla da əməkdaşlıq edib. Jurnal yeni müəlliflər də cəlb etmək, yeni kinoşünaslar nəsli yetişdirmək əzmindədir.
Jurnalın redaktoru Əli İsa Cabbarovun “Ön söz”də bildirdiyinə görə, 10-cu nömrənin ana məqsədi “Kinomuz haradadır?” və “Kinomuz hara gedir?” suallarına cavab tapmaqdır. Bu səbəbdən dramaturq Cəfər Cabbarlının “Litеraturnaya qazеta”nın 1930-cu il 20 iyun tarixli 30(67)-cu nömrəsində çap olunan “Hara gedir Azərkino” adlı məqaləsi jurnalın ilk məqaləsi kimi seçilib. Kinorejissorlar Elvin Adıgözəl, Hilal Baydarov və Rüfət Həsənov nömrənin əsas qəhrəmanlarıdır. Bununla yanaşı, Rüstəm İbrahimbəyovdan və məşhur ssenari təlimçisi Kristofer Voqlerdən də məqalələr dərgidə yer alıb. Kinooperator Orxan Abbasov, kinorejissorlar Teymur Daimi və Teymur Hacıyevlə müsahibələr bu buraxılışın maraqlı yazılarındandır.
Jurnalı nəşr edən Gənc Film İstehsalçıları Assosiasiyasının sədri Əli İsa Cabbarov: “Prosesləri analiz etmədən heç bir sahədə irəliləyiş əldə etmək olmaz. “Fokus”un ana missiyasını bunda görürük” deyib. Əli İsa Cabbarov jurnalın nəşrinin bərpasının Mədəniyyət Nazirliyində baş verən müsbət dəyişikliklərlə bağlı olduğunu söyləyib.