“WikiLeaks”in yaradıcısı, jurnalist Culian Assanjın Böyük Britaniya həbsxanasından Fransaya sığınacaq istəməsinə icazə verilməsi tələbi Kretey kommunasının məhkəməsi tərəfindən rədd edilib.
“Report” xəbər verir ki, bu barədə AFP məhkəmənin qərarına istinadən məlumat yayıb.
Məhkəmə bildirib ki, Assanjın tələbinin rədd edilməsi onun Fransa və ya Avropa İttifaqının ərazisində olmamasından irəli gəlir.
Sorğunun müəllifləri “Robin des Lois” assosiasiyanın nümayəndələri olub. Xüsusilə, onlar Fransa məcəlləsinin ölkə ərazisinə daxil olma və orada əcnəbilərin yaşaması, habelə sığınacaq hüququnun verilməsi ilə bağlı bir neçə maddəsinə etiraz ediblər. Ərizəçilərin fikrincə, bu maddələr Fransa konstitusiyasının preambulasına və bir sıra beynəlxalq konvensiyalara ziddir.
Görüşdə Fransa hökumətinin nümayəndələri iştirak etməyiblər. Assosiasiyanın özü apellyasiya şikayəti verməyi planlaşdırmır, lakin Fransanın ədliyyə naziri Erik Düpon-Morettini – Assanjın keçmiş vəkilini nəhayət ki, işə baxmağa çağırıb.