Fransanın paytaxtı Parisdə Azərbaycanın Milli Film Günü keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin, UNESCO yanındakı Daimi Nümayəndəliyinin və respublikamızın UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə Parisdəki Rex kinoteatrında 2-ci Beynəlxalq “Kino irsi” kino festivalı çərçivəsində baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, isveçli fotoqraf və rejissor Mikael Silkebeq və digər şəxslər iştirak ediblər.
Festivalda Azərbaycan M.Silkebeq tərəfindən ölkəmizin UNESCO üzrə Milli Komissiyası və respublikamızın İsveçdəki Səfirliyinin dəstəyi ilə çəkilmiş “Xarıbülbül Əfsanəsi” və “Odin Kodu” sənədli filmləri ilə təmsil olunub.
Tədbirdə çıxış edən E.Abdullayev xarıbülbülün İkinci Qarabağ müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edildiyini, həmçinin Azərbaycan Ordusunun zəfər simvoluna çevrildiyini bildirib.
Filmin rejissoru M.Silkebeq çıxış edərək türk xalqlarının mədəniyyətinə olan xüsusi marağından danışıb və qonaqlara filmlərin çəkilişi haqqında məlumat verib.
“Xarıbülbül Əfsanəsi” Azərbaycanın musiqi paytaxtı Şuşanın işğaldan azad olunmasından sonra çəkilmiş ilk sənədli filmdir və onun tarixi əhəmiyyəti, zəngin mədəni irsindən bəhs edir. Filmdə həmçinin qələbə və azadlıq simvoluna çevrilən xarıbülbül çiçəyinin simvolik rolu haqqında da məlumat verilir.
Festival çərçivəsində nümayiş olunan “Odin Kodu” filmi isə Azərbaycan ilə Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən bəhs edir. Filmdə, bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyyah Tur Heyerdalın Azərbaycana səfəri, eləcə də Ümummilli Lider Heydər Əliyevlə görüşlər zamanı səsləndirilən fikirlər haqqında məlumat verilir.