- Ədəbiyyat

Fraqmentlər:

İmarət Cəlilqızı

1.
Dərsin müəyyən bir məqamıdır. Heç bir giriş sözü söyləmədən qəfil deyirəm:
-Onların papağı olur, amma ayaqqabısı olmur, ayaqları yalın qalır.
Soruşurlar:
-Nəyin, müəllim?
-Sizcə, nəyin?.. Bir az düşünək, lövhəyə, divardakı sxemlərə diqqətlə baxaq, bəlkə, görərik onları.
Baxırlar, düşünürlər, pıçıldaşırlar. Qəfil bir neçəsi birdən hay-küylə səslənir:
-Qrammatik şəkilçilərin!…
-Gözəl!.. Əhsən!..
Məmnunluqla gülümsəyirlər.
Davam edirəm:
-Amma hərdən onların bəzilərinin bəxti gətirirr: ayaqları ayaqqabı görür. Sizcə, nə vaxt?
Çoxbilmiş birisi dərhal yerindən sıçrayıb səslənir:
– Qrammatik səkilçi leksik şəkilçidən əvvəl gələndə, – misal çəkməyə çalışır, – hmm.., eee, əmimgil, evimizdəki…
– Əla!.. Afərinn!..
“Yesss” deyə qolunu qatlayıb əzələ jesti göstərir yoldaşlarına.
–“Yes”i bundan sonrakı dərsdə Məlahət müəllimə deyərsən. Bu dərsdə olmaz. Yeri gəlmişkən, “yes” nə idi, ay uşaqlar?
Hay-küylə bütün “-izm”ləri qarmaqarışıq sadalayıb axır ki, lazim olanı tapırlar:
–Varvarizm!.. Varvarizm!…
–Düzdür! Afərin!..
Hay-küylə “Yeees!” deyə sevinclə qışqırir və dərhal da gülüşurlər. Mənim də əllərimi yana açıb başımı bulamaqdan və gülümsəməkdən başqa bir çarəm qalmır.

2.
Bir az çəkinə-çəkinə:
– Bilirsən, deyəsən, sənin bu qaydalarını, gördüyün işi, səliqə-sahmanını bəyənmirlər.
– …
– Hiss eləmirsən?
O, gözünü əlindəki işdən ayırmadan gülümsədi.
– Nəyə gülürsən?.. Düzünə qalsa… Düzünə qalsa, heç sənin özünü də bəyənmirlər, deyəsən.
O heç tövrünü pozmadan sakitcə dilləndi:
-Bəyənmirlər, bəyənməsinlər də. Öz kefləridi, özləri bilər.
-Necə yəni? Bəs sən bundan heç darılmırsan?
O yenə də əvvəlki tövrü ilə sakitcə cavab verdi:
-Hm.. Niyə darılım? Bəyəm mən işimi, ya da özümü kiməsə bəyəndirməyə çalışıram ki? İşdi, bacardıgım kimi görürəm. Özüm də Allah nə surətdə yaradıbsa,
oyam da – bəyənsələr də, bəyənməsələr də.
Sonra nə düşündüsə, birdən əlini işdən cəkib çevrildi, çöhrəsi çox ciddiləşmiş halda söylədi:
-Bilirsənmi nə var, əzizim? Mən çoxdandır ki, bu dünyada adamlardan hansısa əməlimin müqabilində nəsə bir qarşılıq, nəsə bir təmənna ummadan yaşamağa alışdırıram özümü, çoxdan. Mən qismətimə düşmüş ömür payımı yaşayıram: şiriniynən, acısıynan, sevinciynən, əzabıynan, xoş, ya da bəd təsadüfləriynən, sürprizləriynən, mükafat və məhrumiyyətləriynən birlikdə. Bir kimsəyə bir ziyan vurmamağa calışaraq, mənim üçün əziz, sevimli, dəyərli olanlara mümkün qədər yararlı olmağa, onları hər cür zərərdən qorumağa çalışaraq yaşayıram. Bu dünyada var olma müddətim bitənəcən də belə yaşamaq niyyətindəyəm. Və bu halım kimə xoşdur, bəyənsin məni, kimə xoş deyil, bəyənməsin — mənim kimlərinsə istəyinə, tələbinə uyğun dəyişmək fikrim yoxdur. Allah hamısına kömək olsun.
Sözünü bitirdi və onun sakit səslə söylədiyi bəyanatı maddım-maddım dinləyən müsahibinin yanağından tutub yüngülcə sıxaraq şirin-şirin gülümsədi.