Məlumdur ki, tibb elmi müasir dövrün ən yüksək sürətlə inkişaf edən elmlərindən biridir. Belə hesab edilir ki, tibb elminə daxil olan informasiyalar hər keçən onillik ərzində iki dəfə artır. Bu isə ortaya yeni aşkar edilən fizioloji və biokimyəvi proseslərə, çoxsaylı xəstəlik əlamətlərinə, yeni müalicə üsullarına və vasitələrinə ad vermək zərurəti çıxarır.
Tibbi terminologiyada tibb təhsilinin rolunu inkar etmək olmaz. Bu sahədə qarışıqlığın yaranmasında tibbə dair dərsliklərin, dərs vəsaitlərinin və xüsusən sahə üzrə terminlər lüğətlərinin nəzarətsiz şəkildə və çox zaman sadəcə kitab çap etdirməyə imkanı olan şəxslərin fərdi iradəsi əsasında tərtib edilməsinin böyük rolu vardır. Üstəlik son zamanlar xarici ölkələrdə təkmilləşmə kürsları keçmiş həkimlərimizin də məhz xarici ölkədə təhsil keçdiklərini nümayiş etdirməklə özlərini reklam etdirməyə həvəs göstərməsi terminologiyamızda yeni qaydasızlığın səbəblərindən birinə çevrilmişdir. Onların mətbuata gətirdiyi yanlış terminlər əvvəl dildən-dilə keçir, bunun ardınca isə dərslik və lüğətlərə sirayət edir. Son vaxtlar, xüsusən televiziyada reklam xarakterli həkim söhbətlərində işlədilən və tədricən həkimlərimizin elmi işlərində də yer alan bir söz birləşməsi – “insulin dirənci” deyilənlərə misal ola bilər.
Bu sözü dilimizə son vaxtlar Türkiyədə təkmilləşmə kursu keçmiş həkimlərimiz gətiriblər və türk tibb ədəbiyyatında “insulin dirençi” şəklində işlədilir. “Dirənc” sözü əslində müasir türk dilində işlədilən “direnç” sözünün dilimizin fonetikasına uyğunlaşdırılmış formasıdır. Lakin Azərbaycan dilinin izahlı lüğətində və orfoqrafiya lüğətinin son variantında dirənc sözünə rast gəlmirik. Türk dilində olan “direnç” sözünün vikimənbələrdə olan izahı isə belədir:
1) bir etkiyə karşı koyma, dayanma;
2) bir nəsnənin elektrik akınına karşı durma özəlliyi.
Əlavə olaraq qeyd edək ki, türk tibb ədəbiyyatında “direnç” əvəzinə həm də “mukavimet” və “rezistento” sözlərindən istifadə edilir. Biz bu sözün əvəzinə müqavimət sözünü təklif edəriksə, bəzi özünü türk dostu, bizləri isə türk düşməni adlandıranların dərhal “ay aman, bu ərəb sözüdür” deyib hay-küy salacağını yaxşı bilirik. Lakin nəzərinizə çatdırıram ki, hətta “insulin dirənci” və “insulin müqaviməti” kimi sözlər haqqında bəhs edilən prosesin mexanizmini düzgün əks etdirmir. Çünki bu proses əslində insulinin müqaviməti deyil, orqanizmdə insulinin təsirinə qarşı olan müqavimətdir. Yəni insulinin əsas təsiri qanda şəkərin qatılığının azaldılmasından ibarət olduğu halda, insulin dirənci adlandırılan bu proses orqanizmdə insulin hormonunun əksinə təsir göstərən amillərin güclənməsi və insulin inyeksiyasının gözlənilən təsiri verməməsi ilə xarakterizə edilir (bu prosesdə iştirak edən amillər və onların təsir mexanizmi başqa söhbətin mövzusudur və oxucunu yormamaq üçün onlar haqqında məlumat vermirəm). Yəni bu proses insulinin müqaviməti deyil, insulinin əleyhinə olan müqavimətdir. Beləliklə, türk tibb ədəbiyyatında geniş istifadə edilən bu termin, haqqında bəhs edilən prosesi düzgün əks etdirmir.
Yuxarıda şərh edilənləri nəzərə alaraq biz haqqında bəhs edilən xəstəlik əlamətini keçən əsrin 80-ci illərində “insulinə qarşı rezistentlik” adlandırmışıq (latınca resistentio – müqavimət).
Bəzi həkimlərimizin həm sosial şəbəkələrdə, həm də mətbuatda rast gəlinən status və müsahibələrində iddia edilir ki, biz gərək türklərə baxıb, indiyə qədər işlətdiyimiz tibb terminlərindən imtina edək və beynəlxalq terminlərin sonluğunu dəyişib istifadə edək. Bu ideyanın artıq elmi və populyar ədəbiyyatımıza da sirayət etdiyini və dilimizin eybəcərləşdirilməsini görmək olduqca acınacaqlıdır. Sadə bir misal: İllərlə istifadə etdiyimiz “psixoloji”, “patoloji”, “immunoloji” kmi terminlərin sonuna bir “k” hərfi (səsi) əlavə edib onları “psixolojik”, “patolojik”, “immunolojik” kimi gülünc şəklə salmağa cəhdlər edilir.
Açığını deyim ki, mən belə bir fikrin əleyhinəyəm. Əslində biz dilimizdə olan terminləri işlətməli və daha da təkmilləşdirməliyik. Eyni zamanda beynəlxalq terminlərdən dilimizdə olan terminlərlə paralel şəkildə, lakin onları eybəcər dəyişikliyə uğratmamaq şərtilə işlətmək olar. Yeni tibb terminlərinin dilimizdə qarşılığı olmayan növlərini isə uyğun şəklə salıb işlədə bilərik.
Tibb terminlərinin hamısıni türk ədəbiyyatındakı kimi təhrif edib işlətmək tərəfdarlarına isə demək istərdim ki, əgər təklifinizi reallığa əsaslanıb səmimiyyətlə irəli sürürsünüzsə, “rezistentlik” sözünü niyə bəyənmirsiniz? Hər halda ilk təhsilini Azərbaycanda alan keçmiş tələbələrimizin bu sözdən xəbəri olmalıdır axı.