- Dil

Fuad İSLAMZADƏ: Qonşunun toyuğu qaz görünər

Mətbuatda verilən xəbərə görə, ölkəmizdə Azərbaycan dilinin orfoqrafiya lüğətinin növbəti nəşrinə hazırlıq gedir. Buna görə həm mətbuatda, həm də sosial şəbəkələrdə ana dilimizin müzakirəsinin xeyli intensivləşməsini müşahidə edirik. Bu müzakirələrə qoşulanlardan bir qrupunun müasir Azərbaycan dilində söz azlığından şikayət etdiyinin də şahidi oluruq. Qəribədir ki, bu mövzuda şikayət edənlər arasında akademik filoloqlarımız da var, dilçiliklə heç bir bağlılığı olmayanlar da. Ancaq mənə maraqlıdır, görəsən, bu şikayətçilərdən (akademiklər də daxil olmaqla) kimsə dilimizdə olan sözlərdən heç olmasa 30 faizini gündəlik danışığında və ya yazılarında istifadə edirmi?

Mənim fikrimi bilmək istəsəniz, deyə bilərəm ki, müasir Azərbaycan dilinin lüğət fondu istənilən mövzuda tam anlaşıqlı tərzdə danışmağa və yazmağa imkan verir və dilimizin yalnız elm və texnikanın son illərdə baş verən sürətli inkişafı nəticəsində yaranmış yeni söz və söz birləşmələri hesabına zənginləşdirilməsinə ehtiyac vardır. Bundan ötrü isə dildəki sözlərin sayını lazımsız sözlərlə artırıb, 300-500 minə çatdırmağa ehtiyac yoxdur.

Bu gün dilimizdə söz azlığından şikayət edənlər çox vaxt rus dilinin zənginliyini az qala gözə soxurlar. Halbuki gündəlik istifadə etdiyimiz elə sözlər vardır ki, rus dillində onların qarşılığını tapmaq əsla mümkün deyil. Fikrimi aydınlaşdırmaq üçün ilk növbədə Azərbaycan dilində olan yaxın qohum adlarının rus dilindəki qarşılıqlarını nəzərdən keçirək (bu sözlərdən danışmağım bu il iyul ayının birindən ölkədə qəbul edilmiş qanuna görə yaxın qohumların evlənməsinə qoyulan qadağa ilə əlaqədar deyil). Əslində bu tip sözlər dilin yenicə təşəkkül tapdığı dövrlərdə yaranmalı olduğundan, hər hansı inkişaf etmiş xalqın nitqində qarşılıqlıarının da olması gözləniləndir. Bununla belə, söz bazasının zənginliyi ilə bəzilərinin bizə misal göstərdiyi rus dilində məhs yaxın qohum adlarında böyük anlaşılmazlıq vardır. Məsələn, bizim əmidayı adlandırdığımız ikinci dərəcəli qohumları ruslar yalnız “дядя”, bibixala sözlərini isə yalnız “тётя” sözü ilə ifadə edirlər. Beləliklə, rus dilində danışanda haqqında söhbət edilən adamın əmi və ya dayı, yaxud bibi və ya xala olduğunu aydınlaşdırmaq üçün əlavə izahata ehtiyac yaranır (“дядя по отцу”, “тётя по матери” və s.).

Rus dilində üçüncü dərəcəli qohumların adlandırılmasında daha böyük qarışıqlıq vardır. Bunu yəqin ki, bilməyən yoxdur: əmioğlu, dayıoğlu, bibioğluxalaoğlu rus dilində yalnız bir mürəkkəb sözlə ifadə edilir — “двоюродной брат”. Əmiqızı, dayıqızı, bibiqızı xalaqızı sözləri haqqında eyni fikir söyləmək olar: bu qohumların dördü də rusca “двоюродная сестра” adlanır.

Rus dilində qohum adlarında olan belə qarışıqlığın mənfi təsirinə bədii əsərlərin tərcüməsində və xüsusən film və serialların dublyajında çox rəst gəlirik. Dəfələrlə şahidi olmuşam ki, teleserialların əvvəlində əsərin əsas personajının dayısı kimi tanıdığımız adamı sona yaxın dublyaj mətninin tərcüməçisi “əmi” (və ya əksinə — əmi kimi tanıdılan adamı “dayı”) adlandırır.

Üçüncü dərəcəli qohumlara rus dilində fransızcadan alınma “кузен” “кузина” да deyilir. Lakin bu sözlər də haqqında bəhs edilən qohumların nə dərəcədə qohum olduqlarını deyil, yalnız cinsiyyət fərqlərini ifadə edur. Yəni ümumiyyətlə əmioğluya, bibioğluya, dayıoğluya xalaoğluya “кузен”, əmiqızı, bibiqızı, dayıqızıxalaqızıya “кузина” deyilir. Bütün bunlara görə, bu qrupdan olan qohumların nə dərəcədə qohum olduğunu izah etmək üçün bir yığın əlavə sözdən istifadə edilir, lakin yenə də aydın bir təsəvvür yaranmır. Məsələn, “дваюродной брат со стороны отца” deyildikdə həm əmioğlu, həm də bibioğlu düşünülə bilər. “Дваюродной брат со стороны матери” sözləri ilə də həm dayıoğlu, həm də xalaoğlu nəzərdə tutulur.

Əmiqızı və bibiqızı, dayıqızı və xalaqızı sözlərinin də rus dilindəki izahı haqqında eyni sözləri demək olar.

Yuxarıda qeyd etdiyim kimi, “кузен”“кузина” sözləri rus dilinə fransız dilindən keçib. Fransız dilində əminin, dayının, bibinin və xalanın oğlanları “cousin”, qızları isə “cousine” adlanır. Beləliklə, fransızlar da səkkiz yaxın qohumlarının adlarını yalnız 2 sözlə ifadə edirlər və bu fərq də qohumların cinsiyyəti ilə əlaqədardır; ata tərəfdən olan bütün üçüncü dərəcəli qohumlar “cousin du côté paternel”, ana tərəfdən olanlar isə “cousin du côté maternel” adlanır. Yəni kifayət qədər çox lüğət ehtiyatına malik olan fransızlar da qöhumlarının qohumluq əlamətini sözlə ifadə etməkdə çətinlik çəkirlər.

Türk qardaşlarımızın dilində isə əslində belə çətinlik olmamalıdır. Çünki əslində müasir türk dilində bizim işlətdiyimiz sözlərə müvafiq gələn sözlər vardır. Məlumdur ki türk dilində “əmi”yə “amca”, “bibi”yə “hala”, “xala”ya “teyzə” deyilir; “dayı” isə elə türk dilində də “dayı”dır. Ancaq problem ondadır ki, özünə Yaqub Dilaçar adı vermiş Aqop Martayanın müasir davamçıları fransızların təsirinə uğrayaraq türk ədəbi dilinə “kuzen” sözünü gətirməyə başlayıblar. Üstəlik türk dilində cinsiyyət bölgüsü olmadığına görə, kişi cinsindən olan müvafiq qohumlara “erkek kuzen”, qadın cinsindən olanlara da “kız kuzen” demək iddiasındadırlar (demək, hələ şükür edilməlidir ki, qadınları “dişi kuzen” adlandırmayıblar).

Azərbaycan dilinin zənginliyinə dair daha bir misal: bizim dilimizdə bir-birindən mənaca fərqli olan müddət, vaxt zaman sözləri vardır. Bu sözlər rus dilində yalnız bir sözlə ifadə edilir — vremya (время). Sadaladığım 3 sözün semantik mənasını izah etməyə ehtiyac olduğunu fikirləşməkdən uzağam. Zənn edirəm ki, bunu orta təhsil almış hər bir adam bilməlidir. Ancaq bəzi tərcümə mətnlərində bu sözlərdən birinin yerinə digərinin işlədilməsi ürək bulandırır.

Son vaxtlar müxtəlif klinik laboratoriyaların xəstələrə təqdim etdiyi analiz hesabatlarında və tibb işçilərinin elmi işlərində “qanın laxtalanma vaxtı”, “protrombin vaxtı”, “rekalsifikasiya vaxtı” kimi ifadələrə çox rast gəlirik və hətta bu ifadələrdə “vaxt” sözü əvəzinəzaman” yazanlar da az deyil. Məlumat üçün deyim ki, bu və buna oxşar testlərin aparılma qaydası belədir: testin başlanğıcında saniyəölçən işə salınır, gözlənilən nəticənin alındığı anda isə saniyəölçənin işi dayandırılır və prosesə neçə saniyə sərf edildiyi qeyd edilir, yəni bu testlər aparılarkan müvafiq nəticənin alınmasına sərf edilən zaman kəsiyi müəyyənləşdirilir. Azərbaycan dilini az-çox bilən adam bu testin nəticəsinin “müddət” adlandırılmalı olduğunu bilməlidir (yəni müvafiq testlər “qanın laxtalanma müddəti”, “protrombin müddəti”, “rekalsifikasiya müddəti” və s. adlandırılmalıdır). Ancaq bu testləri aparan laboratoriyaların əməkdaşları və tibb üzrə tədqiqat aparan bəzi həkimlərimiz “müddət” əvəzinə gah “zaman”, gah da “vaxt” sözləri işlədirlər. Son vaxtlar yazı işlərində belə yanlışlığa yol verən bəzi həkimlərimizə irad bildirəndə onların “Səhiyyə Nazirliyinin klinik protokolunda belə yazılıb” dediklərinin çox şahidi olmuşam. Hesab edirəm ki, haqqında bəhs edilən klinik protokollarda belə yazılıbsa, demək, onlar rus dilində tərtib edilən mətnin uğursuz tərcümələridir və Səhiyyə Nazirliyinin müvafiq qurumu bu tip çap materiallarının keyfiyyətinə yenidən baxmalıdır.

Beləliklə, dünya xalqlarının hər birinin dilində çatışmayan cəhətlərə rast gəlmək mümkündür. Əlbəttə ki, Azərbaycan dili də bəzi qüsurlardan xali deyil. Ancaq hər halda müasir Azərbaycan dilinin imkanları hər istehsalat və elm sahələri üzrə anlaşıqlı şəkildə yazmağa və danışmağa imkan verir. Bu dildə söz sayını kortəbii şəkildə və ya “ura-ura” deməklə artırıb milyona çatdırmağa da ehtiyac yoxdur. Lakin elm və texnikanın müasir inkişaf səviyyəsi ilə ayaqlaşmaq üçün yeni yaranan sözlərin dilimizə uyğunlaşdırılmasına və ya onların qarşılıqlarının yaradılmasına ehtiyac vardır. Buna görə gəlin “qonşunun toyuğu qaz görünər” prinsipi ilə dilimizin söz ehtiyatını zorakı yolla artırmağa çalışmayaq.