Son vaxtlar elmi tədqiqatla məşğul olan adamlara məqalə çap etmək barədə göndərilən şirnikləndirici təkliflərin sayı xeyli artıb. Bunlar internet vasitəsilə dələduzluqla məşğul olub elmi-tədqiqat əsərlərinin “çapına” görə aldatma yolu ilə pul alan tüfeylilərdir. Mən özüm təkcə bu günün 7 saatı ərzində qeyd etdiyim mövzuda altı məktub almışam. Aşağıdakı şəkildə elektron poçtumun son səhifəsinin skrin edilmiş hissəsini nəzərinizə çatdırıram. Məlumunuz olsun ki, bu tip məktubları dələduzluq yolu ilə elmi jurnal adından çıxış edən müxtəlif şəxslər də göndərə bilərlər. Onlar yüksək impakt faktoru jurnalda çap etmək adı ilə sizdən məqalə götürüb saxta saytda yerləşdirərək, böyük məbləğdə pul tələb edirlər. Buna görə əgər siz də belə məktub alırsınızsa və verilən vədə əsaslanıb çap üçün məqalə göndərmək fikrindəsinizsə, əvvəlcə məktub aldığınız mətbuat vasitəsini hərtərəfli araşdırın.
Unutmayın ki, yüksəkreytinqli elmi jurnalın redaksiyası məqalə ardınca qaçmaz.
Dünyanın bütün ölkələrində alimlərin sadəlövhlüyündən istifadə edib varlanmağa çalışan firıldaqçılar o qədər həyasızlaşıblar ki, demək olar, bütün az-çox impakt faktoru olan jurnalların hamısının saxta saytlarını yaradıb, həmin saytlar vasitəsilə elm adamlarının, belə deyək, cibinə girirlər.
Mən
im özümün işlədiyim jurnalın adından istifadə edilməklə internetdə iki saxta sayt açılıb. Bu saytların yaradıcıları bizim adımızdan istifadə etməklə guya skopus məlumat bazasına daxil olduqlarını iddia edərək dələduzluqla məşğul olurlar. İş hətta o yerə çatıb ki, həmin fırıldaqçı zümrə bizim jurnalın beynəlxalq identifikasiya nömrəsini (ISSN) öz saytlarında göstəriblər, redaksiya heyəti kimi isə Naxçıvan Dövlət Universitetinin bir qrup əməkdaşının adlarını yazıblar. Haradan əldə edildiyi məlum olmayan həmin siyahıda adları professor kimi qeyd edilənlər arasında hətta orta təhsilli texniki işçilər də vardır. Aşağıda həmin saxta saytların elektron ünvanını göstərirəm ki, həmkarlarım aldanmasınlar:
Əfsuslar olsun ki, nə qədər çalışsaq da bu saxtakar tüfeylilərin dələduzluğuna son qoya bilmirik. Çunki ölkədə bu işlə peşəkarcasına məşğul olan ya yoxdur, ya da məşğul olmalı olanlar başlarını ağrıtmaq istəmirlər. Dələduzlar isə öz fitnələrni davam etdirməkdədirlər. Bu saytların yaradıcıları dünyanın, demək olar ki, bütün ölkələrindən aldatma yolu ilə məqalə götürüb yerləşdirirərək böyük məbləğdə pul alırlar. Müəlliflər isə aldadıldıqlarını yalnız məqalələrinin skopus bazasına yerləşdurilmədiyini gördükdən sonra başa düşürlər.
Belə müəlliflərdən bir qismi sonradan kömək üçün bizə müraciət edirlər. Lakin belə hallarda onlara kömək etmək bizim imkanlarımız çərçivəsində deyil. İndiyə qədər bizə Rusiya, Belorusiya, Ukrayna, Özbəkistan, Albaniya kimi ölkələrdən müraciət edib soruşublar ki, nə üçün məqalələri skopusun bazasına daxil edilmir. Araşdırdıqda həmin məqalələrin məhz saxta saytlara göndərildiyi məlum olub.
Bu yaxınlarda hətta bizim azərbaycanlı həmkarlarımızdan birinə də şirnikləndirici vəd verib, bank vasitəsilə nə az-nə də çox, 400 ABŞ dolları məbləğində pul köçürtdürüblər ki, bu da həmin həmyerlimizə bank rüsumu ilə birgə 807 manata başa gəlib. Həmyerlimizin pul köçürməsinə dair bank qəbzinin surətini aşağıda göstərmişəm. Təəssüf ki, qəbzdə hesab nömrəsi natamam yazıldığına görə dələduzların hansı ölkədən olduğunu aydınlaşdıra bilməmişik. Ancaq yuxarıda göstərdiyim saytlardan birinin telefon nömrəsinin Böyük Britaniyaya aid olduğunu bilirik.
Qeyd: Bir daha nəzərinizə çatdırıram ki, yuxarıda adlarını qeyd etdiyim saytlar SAXTADIR və adı çəkilən jurnala heç bir dəxli yoxdur. Həqiqi saytın adını isə reklam etmək fikrində olmadığıma görə göstərmədim.