- Mədəniyyət

“Füyuzat” jurnalının nəşr olunmasından 116 il ötür

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

AZƏRTAC xəbər verir ki, bu gün milli mətbuat tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalının nəşr olunmasından 116 il ötür.

Jurnal böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı il noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.