Noyabrın 11-də görkəmli rus yazıçısı, filosof və publisist Fyodor Mixayloviç Dostoyevskinin anadan olmasından 200 il keçir. Rusiya Federasiyası Prezidentinin fərmanına əsasən 2021-ci il “Dostoyevski ili” elan edilib.
Bakıdakı Rus Kitab Evi (RİMM) noyabrın 11-də saat 16-da arzu edən hər kəsi bu mühüm hadisə ilə əlaqədar keçiriləcək tədbirlərə qoşulmağa dəvət edir. RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin gün RİMM-də professor, texnika elmləri doktoru Vladimir Belikovun tərtib etdiyi “İnsan qəlbinin görücüsü. Fyodor Mixayloviç Dostoyevski” adlı sərginin açılışı olacaq.
Daha sonra “Manej” muzey-sərgi birliyi tərəfindən yaradılmış “Öz səsi ilə” adlı sənədli film nümayiş etdiriləcək. Bu ekran əsərində yazıçının “Bəyaz gecələr” povestinin motivləri əsasında müxtəlif vaxtlarda ayrı-ayrı ölkələrdə yaradılmış 8 bədii film təhlil edilir.
Tədbirə giriş sərbəstdir, lakin COVID pasportu və ya immun sertifikatı təqdim edilməlidir.