Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tamaşadan əvvəl teatrın truppa rəhbəri Ələsgər Muradxanlı çıxış edərək 44-cü səhnə həyatını yaşayan tamaşa barədə məlumat verib.
Əsər iki gəncin Aqil və Turanın nakam məhəbbəti fonunda baş verən 20 Yanvar hadisələrinin insanların həyatında yaratdığı faciələrdən, sevgi, dostluq və sədaqət hissinin əbədi olmasından bəhs edir. Böyük məhəbbətlə bir-birini sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər sadiq qalırlar. Aqil 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, sevdiyi insanın anasını tək qoymur.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar İlqarə Tosova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Ramiq Nəsirov, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Müşfiq Əliyev, Ramil Şamiloğlu, Yasəmən Malik, Elgün Yəhyayev və başqaları ifa edirlər.
Böyük maraqla izlənilən tamaşanın nümayişindən sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayonu komitəsi tərəfindən “Mənim ağ göyərçinim” tamaşasının yaradıcı heyəti Fəxri fərmanla təltif edilib.