- Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrı Litvada tamaşa nümayiş etdirib

Litvanın Druskininkai şəhərində keçirilən Beynəlxalq Teatr festivalında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı “Kral ölür” tamaşası ilə çıxış edib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada rolları Əməkdar artistlər Elxan Abbasov ( Kral Beranje), Sevda Orucova (Qulluqçu), Kəmalə Məmmədova ( Marqarita), İlham Hüseynov ( Həkim), aktyorlar Gültəkin Mehtizadə ( Mariya), Ruslan Hüseynov (Keşikçi) canlandırıblar.

11 nəfərlik heyətə teatrın direktoru Aqil Bəhramlı rəhbərlik edib. Festivala qatılan heyətin tərkibində tamaşanın rejissoru Tural Mustafayev, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov da yer alıblar.

Tamaşadan sonra Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri aktyorlarla görüşüb və xatirə şəkli çəkdiriblər. Teatrın direktoru Aqil Bəhramlı festivalın direktoru Mariya Tananaya ağacda yonulmuş, əl işi olan dahi şair Nizami Gəncəvinin məqbərəsini hədiyyə edib.

Qeyd edək ki, iyulun 21-dən 28-dək Gəncə Dövlət Milli Dram Teatrı “Kral ölür” tamaşası ilə Avrasiya Teatrlar Birliyinin Portuqaliyada keçirdiyi festivalda iştirak edib və festivalın Qran-Pri mükafatına layiq görülüb.