“Gəncə qapılarının taleyi mənim ötən il Gürcüstana səfərimin gündəliyində olan məsələ idi. Biz bu məsələni orada aidiyyəti dövlət qurumları ilə müzakirə etdik”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir qeyd edib ki, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur: “Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır”.