lanetar bəla olan pandemiya ilə əlaqədar məhdudiyyətlərin yumşaldılmasından sonra tamaşa salonlarının fəaliyyətinin bərpası yaradıcı kollektivləri, xüsusən də öz ruhunu daim tamaşaçılarından alan teatrlarımızı yeni əsərlərlə qarşıya çıxmağa sövq edib.
Gəncə Dövlət Dram Teatrı da qarşıdakı mövsümdə tamaşaçıları ilə üçü “Nizami ili”nə həsr olunan beş yeni quruluş ilə görüşməyi nəzərdə tutur. Hazırda teatrda rejissor Elşad Əhmədovun quruluşunda Məmməd Alimin mənzum kompozisiyası əsasında hazırlanan “İrfan məclisi”, Nizami Gəncəvinin əsərlərinin motivləri üzrə ərsəyə gələn “Xəmsə lövhələri”, eləcə də dahi mütəfəkkirin şeir və qəzəllərindən ibarət ədəbi-bədii tamaşanın məşqləri gedir.
“Mövsümümüz oktyabrın 31-də açılacaq. Həmin gün böyük yazıçı, dramaturq, maarifçi, filosof və icimai xadimimiz Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsəri uzun müddət davam etmiş fasilədən sonra yenidən Gəncə teatrının səhnəsinə, özü də yeni quruluşda qayıdacaq. Çox yaxın zamanda isə Gəncə Dövlət Dram Teatrı özünün yeni binasına köçəcək və bununla da yaradıcı kollektivimizin istər reprtuar, istər də texniki imkanları genişlənəcək”, – deyə teatrın bədii hissə müdiri Anar Bürcəliyev bildirib.
Yeni binada göstəriləcək ilk tamaşa isə millətimizin Zəfər Bayramı ilə həmahənglik təşkil edəcək. Bu, Nüşabə Məmmədlinin “Cavad xan” əsəridir.
“Qəhrəmanlıq mövzulu, real tarixi hadisələri əks etdirən “Cavad xan”ın məşqləri yekunlaşmaq üzrədir. Bu, istər bəddi həlli, istər də səhnə tərtibatı – dekorasiya, geyimlər və atributlar baxımından çox möhtəşəm bir tamaşa olacaq. Ümumiyyətlə, tarixi-qəhrəmanlıq mövzusu iri miqyas tələb edir. İstəyirik ki, bu məsələləri çox yüksək səviyyədə həll edək, tamaşaçılarımıza yadda qalan anlar yaşadaq. Çünki bu, həm də yeni binamızın açılışı günüdəki ilk tarixi an kimi yadda qalacaq”, – deyə Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirir.
Qeyd edək ki, Gəncə teatrının yaradıcı kollektivi xüsusən uzun müddət davam edən pandemiya şəraitində qısametrajlı bədii filmlər çəkmək sahəsində də öz təcrübəsini sınayıb. Hazırda bu yöndə, Zəfər Gününə daha bir töhfə olacaq “Millətim” filminin çəkilişləri yekunlaşmaq üzrədir. Film teatrın aktyoru, İkinci Qarabağ müharibəsinin qazisi Hüseyn Cəfərovun ssenarisi əsasında çəkilir.
525.az