Gəncədə görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, akademiyanın müxbir üzvü Fikrət Əmirovun 100 illik yubileyi qeyd olunub.
“Report”un Qərb bürosu xəbər verir ki, əbədi-bədii gecə Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, “İrsimizin Tədqiqi və Təbliği” ictimai Birliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Dövlət Filarmoniyasının və Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, Xalq artisti, professor, Ü.Hacıbəyov adına Müsiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlov, “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri Səadət Təhmirazqızı və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Gəncənin sonuncu xanı Cavad xanın türbəsinə gedərək onun xatirəsini anıblar.
Gəncə Dövlət Filamoniyasında gerçəkləşən əbədi-bədii gecənin rəsmi hissəsində əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib.
Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimli, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, deputat Pərvin Kərimzadə, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev və digər qonaqlar çıxış edərək, görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə olan misilsiz töhvələrindən söhbət açıblar. Bununla yanaşı, gecədə iştriak edən mədəniyyət xadimləri “F. Əmirov və xalq musiqisi”, “F. Əmirov yaradıcılığında romantizm”, “F. Əmirov və klassik Azərbaycan poeziyası” mözusunda çıxışlar ediblər.
Tədbirin rəsmi hissəsindən sonra bəstəkarın mahnılarından ibarət kosert proqramı baş tutub. Konsertdə Xalq artisti Murad Adıgözəlovun pianoda ifası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Daha sonra Xalq artisti Sevinc İbrahimova “Evləri var xana-xana”, Əməkdar artistlər Təhmiraz Şirinov “Göygöl”,” Reyhan”, Zemfira İsmayılova “Sevil” operasından Sevilin ariyası, “Azərbaycan elləri”, Babək Niftəliyev “Şeyx Sənan” operasından Kor Ərəbin mahnısı, Kəmalə Tağızadə “Böyük dayaq” filmindən Pərişanın mahnısı, solist Elmir Pişnamazov “Sevil” operasından Balaşın ariyasını səsləndirərək tamaşaçıların zövqünə oxşayıblar.
Sonda bir sıra şəxslər tədbirin təşkilinə görə təltif olunublar.
Bundan başqa, Gəncədə Azərbaycanın görkəmli sənətkarı, “Cücələrim” mahnısı ilə bütün dünyaya səs salan Qəmbər Hüseynlinin 106 illiyi dahi bəstəkarın məzarı önündə qeyd olunub.