“Nizami Gəncəvi İli” çərçivəsində Gəncədə növbəti ümumşəhər tədbiri təşkil olunub. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürkün, deputatlar Pərvin Kərimzadə və Müşfiq Cəfərovun, idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Gəncənin Cavadxan küçəsi boyunca təşkil edilən ümumşəhər tədbiri Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiya ilə açılıb. Daha sonra “Ozan” qədim milli musiqi alətləri ansamblının, “Xəmsə” ritm qrupunun, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının, “Gəncə qönçələri” və digər musiqi kollektivlərinin çıxışları izlənilib.
Ümumşəhər tədbirində Gəncə Uşaq Rəssamlıq və İncəsənət məktəbləri, habelə Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin əl işləri sərgilənib.
“Gəncə sənətkarları” bölməsində keramika üzərində rəsm, səbət toxuma, ağac üzərində oyma, misgərlik, dulusçuluq və digər qədim sənət növləri nümayiş etdirilib, Gəncə Dövlət Kukla Teatrının kollektivi tərəfindən Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından “Xeyir və Şər” nağılı təqdim olunub. Bununla yanaşı, Gəncə idmançılarının şahmat, ağırlıqqaldırma, güləş və digər növlərdə çıxışları izlənilib.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ümumşəhər tədbirində Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət Evinin, Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin kollektivləri də iştirak ediblər. Sonra Gəncə Dövlət Filarmoniyasının önündə konsert təşkil olunub.
Gəncə Urban Mərkəzində “Gəncəsənət” və “GəncəKitab” sərgi-satış yarmarkası da keçirilib. Sərgi-satış yarmarkasında müxtəlif növ sənətkarlıq və incəsənət nümunələri, habelə xeyli sayda yerli və dünya ədəbiyyatı inciləri satışa çıxarılıb.
Sonda Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə reallaşan “Gəncəsənət” incəsənət, sənətkarlıq və yaradıcılıq satış-sərgi yarmarkasının keçirilməsində əvəzsiz dəstəyinə görə Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, KOBİA və Göygöl Milli Parkına layihə rəhbərləri tərəfindən “Təşəkkürnamə”lər təqdim olunub. (azertag)