Zəng çalındı. Zəhranın ürəyi şiddətlə çırpındı. «İndi gələcək. Deyim, deməyim?! Görəsən, yazar, ya yox?!»
Zəhra orta cərgədə müəllimin stoluna bitişik partada otururdu. Keçib əyləşəndə rəfiqəsi dedi:
— Albomu gətirmisən?
— Gətirmişəm.
— Müəllimə verəcəksən?
Zəhranın çiyinləri qalxıb-endi:
— Nə bilim.
Rəfiqəsi ürək-dirək verdi:
— Yox, verginən, sevimli müəllimimizdir, yaxşı bir şey yazar… Nədən utanırsan eee?!
Uşaqlar Zəhranın sevimli müəllimlərinə xatirə üçün avtoqraf yazdırdığını bilirdilər. Artıq onun albomunda iki müəllimin avtoqrafı vardı. İndi Zəhra belə bir xahişlə ana dili müəlliminə müraciət etmək istəyirdi. Xəyalından da şeir yazdırmaq keçirdi. «Amma yazsa, nə yaxşı olar, həmişə bu albomu saxlaram, həmişə!..»
Saniyələr keçdikcə, Zəhra daha çox həyəcanlanırdı: «Birdən yazmadı?! Yox, albomu heç göstərməsəm yaxşıdır…»
Qapı açıldı, iyirmi beş-iyirmi altı yaşlarında, ortaboylu, qarabuğdayı bir adam içəri girdi. Bir göz qırpımında hamı ayağa durdu. Müəllimin tanış, mehriban səsi ətrafa yayıldı
— Salam, uşaqlar!
Sinif yüksək dağın zirvəsindən gurultuyla tökülən şəlalə kimi səsləndi:
— Salam!!!
— Əyləşin, əyləşin.
Uşaqlar əyləşdilər. Elə sükut əmələ gəldi ki, onların nəfəslərini belə eşitmək olardı. Maraq dolu baxışlar müəllimə zillənmişdi. Müəllim də özünə dikilən gözləri iri qonur gözləri ilə süzür, sanki onları oxumağa çalışırdı. Birdən iti baxışları qarşısında oturmuş Zəhranın nəzərlərinə sataşanda dedi:
— Hə, Zəhra qızım bu gün yaman sözlü adama oxşayır. De görüm, qızım, utanma!..
Zəhranın yanaqları allandı, özünü itirdi. Elə itirdi ki, yanında oturmuş yoldaşının pıçıltısını belə eşitmədi: «Ver albomu, Zəhra, ver!..»
Pıçıltını Zəhra eşitmədisə də, müəllim yaxşı eşitdi. Dedi:
— Qızım Zəhra, deyəsən, mənə nə isə təqdim etmək istəyir, ancaq utandığından tərəddüd edir. Gəlin birlikdə xahiş edək, utanmasın.
Zəhra özü də bilmədi ki, nə vaxt ayağa durdu, nə vaxt partanın altından albomu götürdü, nə vaxt müəllimin stolunun üstünə qoyub çəkinə-çəkinə:
— Müəllim, bura bir şey yazarsınız? — dedi və özünə də elə gəldi ki, indicə sir-sifəti od tutub yanacaq.
Müəllim albomu götürüb maraqla o tərəf-bu tərəfinə baxdı. Vərəqlərini çevirdi, sonra da təmkinlə:
— Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçün bir şey yazaram, — dedi.
Bu sözlər Zəhraya qanad olub, bir göz qırpımında onu sinifdən müəllimlər otağına uçurdu. Jurnalı gətirməsi beş-altı dəqiqə belə çəkmədi.
O, tövşüyə-tövşüyə jurnalı müəllimə verəndə müəllim də albomu ona uzatdı. Zəhra albomu alanda pərt oldu. Bayaqkı sevincindən üzündə əsər-əlamət qalmadı. Yerində oturanda fikirləşdi: «Yəqin, şeir yazmaq istəməyib. Yazmaq fikri olsaydı, albomu özü ilə aparardı. Nə pis oldu. Gərək heç deməyəydim…»
Zəhra albomu açmadan partanın altına qoydu və pərt olduğunu müəllimə hiss etdirməməyə çalışdı. Ancaq onun müəllimi elə müəllimlərdəndir ki, gözündən heç nə qaçmazdı. Bu da qaçmadı: düymə dodaqları xəfifcə qımışdı, lakin özünü elə apardı ki, guya Zəhranın pərtliyini əsla görmür…
Müəllim sinifdən çıxan kimi uşaqlar Zəhranın başının üstünü aldılar. Rəfiqəsi hamını qabaqladı:
— Hə, albomu ver, görək müəllim nə yazıb?
Zəhra könülsüz cavab verdi:
— Heç nə yazmayıb, nəyini çıxardım?!
— Necə heç nə yazmayıb? Mən gördüm. Tez-tez nəsə yazırdı.
Uşaqlar da yoldaşlarının sözünə qüvvət verdilər:
— Düzdü, düzdü, biz də görürdük.
Zəhra albomu partanın altından çıxarıb tələsik vərəqlədi. Müəlliminin xətti ilə yazılmış şeiri görəndə iri ala gözləri işıqlandı. Rəfiqəsi cəld albomu onun əlindən qapıb, şeiri ucadan oxumağa başladı:
Zəhra üçün
İrəli qoş, irəli,
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan.
Bir quş kimi qanadlan,
Göylərə yüksəl, qızım.
Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydə günəş, ay sana
Eyləyir «gəl, gəl», qızım.
Albom əldən-ələ gəzdi…
1934-cü il martın 11-də Bakıdakı 18 nömrəli məktəbin beşinci sinif şagirdləri evlərinə dağılışanda müəllimlərinin yazdığı şeiri bir-birlərinə əzbər deyirdilər.
Bu müəllim, sevimli şairimiz Mikayıl Müşfiq, albomuna xatirə üçün şeir yazılan şagird isə indi tibb elmləri doktoru olan Zəhra Salayeva idi.
portal.azertag.az