Oktyabrın 15-16-da “Gazelli Art House”da Latviyanın müasir tekstil rəssamları İrisa Blumate və onun tələbəsi İveta Vesenanenin sərgisi açılacaq.
Sərgi Latviya Respublikasının Azərbaycandakı səfirliyinin “Gazelli Art House” ilə birgə əməkdaşlığı sayəsində təşkil olunur.
Hər iki rəssam nəsillərarası dialoq vasitəsilə tarix boyu qobelen sənətinin inkişafını əks etdirir, ətraflarındakı müxtəlif yanaşma və üsulları araşdırırlar. Bu, tətbiqi sənət ənənələrini, bacarıqlarını və biliklərini qiymətləndirən bir araşdırma yoludur.
“ALL IN TWO” adlı sərgisi hər iki rəssamın zamanla tekstil sənətinin inkişafı, dəyişikliklər, yeni ideyalar və hissləri özündə əks etdirən retrospektiv və müxtəlif əsərlərindən ibarətdir.
Hər iki sənətçi eyni məktəbdə – Latviya Rəssamlıq Akademiyasında təhsil alıblar. Müəllim və tələbə ömrü boyu yaradıcılıqla məşğul olaraq bir çox beynəlxalq və milli sərgilərdə iştirak ediblər.
Tekstil sənəti həmişə Latviya mədəniyyətinin ayrılmaz bir hissəsini təşkil edib və hər zaman məşhur bir sənət sahəsi olub. Bu sənət növü xalq yaradıcılığı dəyərlərinin və peşə bacarıqlarının irsindən qaynaqlanan dərin və tarixi ənənələrə malikdir. (azertag)