Gülyaz ƏLİYEVA
İlk sevgi, ilk heyranlıq yaddan çıxmırmış, doğrudan da… İllər ötsə də… O hissi, o anı o vaxtkı kimi yaşayırsan, beyninə həkk olunur. İlk peşmanlıq duyğusu da, hər şeyin ilki unudulmur. Vicdan əzabı da həmçinin. Hələ bunların üçünü də birdən yaşayasan. Hədsiz sevdiyinin sevginin çoxluğundan qatili olasan, bunun peşmançılığını çəkəsən. Üstəlik, günahı başqasının üstünə atıb ömrün boyu vicdan əzabı ilə yaşayasan. Ən xoşbəxt günündə qəfil yadına düşə, üzündəki bütün xoşbəxtliyi, gülüşü bir andaca dondura, qatili olduğunu xatırlada. Çox ağır hiss…
Nəhayət, bu sirri uzun illər ötəndən sonra anama danışdım və sanki bir az yüngülləşdim.
…Çox utancaq uşaqlığım olub. O qədər utanırdım ki, acından ölsəm belə, yemək istəməzdim, əgər bütün gün ərzində mənə yemək verməsələr. Nəyi isə istəmək, ürəyindən keçəni dilə gətirmək (bu, indi də başımda qalıb) mənim üçün şərəf və ləyaqətin alçalması olardı az qala öz aləmimdə. Atam-anam hərdən məni dükana-bazara aparar, nə istədiyimi soruşardılar. Ürəyim getdiyi şeylər olardı bəzən. Mənə almaq isgədiklərini soruşduqda heç vaxt nə istədiyimi deməzdim.
O vaxtlar qırmızı şirniquşlar, xoruz, aslan, dovşan şəkilli şirnilər olurdu. Anam:
-Alımmı ? – deyirdi.
-…..
Halbuki deyirdim, kaş bu dəfə xoruz yox, aslan götürə. Anam xoruzları yığırdı, “aslan da götür” ifadəsi 20 dəfə ürəyimdən, beynimdən boğazıma qədər gəlib, geri
qayıdırdı, deyə bilmirdim, “aha nə yaxşı bir dənə də aslan götürdü”.
Bu mükalimə beynimdə gedirdi.
– Sənə nə alım?
-….
Daşdan səs çıxardı, məndən yox.
-Kukla alım? Hansından?.
Dillənmirdim.
Halbuki çox istəyərdim, o kuklalardan biri mənim olsun. Söz yox ki, məndən səs çıxmadığını görüb özləri nəsə alardılar mənim üçün. Amma mən əsla dillənməzdim.
Anamla bir gün həkimə getmişdik. Yolumuz elə oldu ki, Ağdam bazarının içərisindən keçəsi oldu. Anam mənə cürbəcür şeylər göstərdi:
-Korjik alım ?
-……..
-Qarğıdalı partlağı alım ?
-…..
-Şirniquş alım ?
-…..
-Paltar alım?
Heç nəyə cavab vermirdim. Əslində istəyirdim. Amma bunu deməyə çox utanırdım .
Ağdam bazarı böyük bazar idi. Tarixən İpək yolunun üstündə olduğundan böyük ticarət mərkəzi olmuşdu və hər zaman bütöv Qarabağın: həm Aran, həm də Dağlıq Qarabağın ticarət mərkəzi idi. Ətraf rayonlardan ora gəlib bazarlıq edərdiilər. Bazarın içərisində dükanlar, mağazalar, meyvə-tərəvəz, bazarın arxa tərəfində isə toyuq-cücə, qaz-hinduşka və s. satılırdı.
Bazardan keçərkən bir qutunun içərisində altı cücə gördüm. İlahi, cücələr necə gözəl idi! Rəngbərəng, ağlı-qırmızılı, qaralı. Cücələrin bir gözləri vardı… Həyatımda ilk dəfə belə gözəl gözlər görürdüm. Ağzımı açıb cücələrə nə qədər baxmışam, bilmirəm. Anam yolu xeyli gedəndən sonra arxaya baxıb ki, mən yoxam .
“Sevinc, burdasan, ürəyim düşdü”,- səsinə diksinib bu gözəlliyə heyranlıqla baxmaqdan aralandım. Anam soruşdu:
-Nədir, istəyirsən?
Dillənmədim. Amma bütün qəlbim, ürəyim cücələrin yanında, onların gözlərində qaldı. Xüsusən, içərisində biri var idi, ondan o qədər xoşum gəlmişdi ki, mən heç vaxt belə gözəl bəzəkli cücə görməmişdim. Deyim ki, cücə görməmişdim? Yox,görmüşdüm. Evimizdə altmış cücə vardı. Atama inkubatordan pay vermişdilər. O da evə gətirmişdi. Onlar hamısı eyni rəngdə ağ və ölüvay idilər. Bu cücələrə çatmazdılar.
Anamın ardınca ayaqlarımı sürüyə-sürüyə gedirdim, amma ağlım-fikrim cücələrdə qalmışdı. Bir neçə dəfə cəhd eləyib, on pudluq, özümdən ağır sözləri boğazımdan keçirib ağzımın içinə, dilimin üstünə qədər gətirdim. Amna deyə bilmədim. Deyə bilmədim ki, o cücələri istəyirəm, mənə al. Sözləri o qədər ağzımda gəvələyib çeynədim ki, axırda uddum.
Cəsarətimi toplayıb; “Ana nə gözəl cücələr idi”, – dedim. Anam: “hə”, – dedi …
Ayaqlarım güclə gedirdi, elə bil ağır daş asmışdılar. Cücələrdən aralandıqca yerimək istəmirdim. Bir də dedim: “Ana, o cücələrin gözləri nə gözəl idi, bizimkilər heç elə deyil”. Anam yenə “hə”, – dedi.
Səsimdə elə bir yalvarıcı ton var idi ki, anam üzümə baxdı:
– Sənə nə olub? Qan-tər içindəsən , – dedi.
-Heç, – dedim.
Dönüb bir də həsətlə arxaya baxdım. Anam təhər-tövrümdən nə isə anladı.
– Cücələri istəyirsən?
Artıq son hədd idi, dilimi tərpədə bilmədimsə də, başıma gücüm çatdı, onu tərpətdim.
-Bəs bayaqdaqdan de də! Bu istidə bir də geri qayıdaq?
Bayaqdan xeyli yol gəlmişdim. Ayağımı güclə sürüyürdüm. Anamın geri qayıtdığını görüb yerimədim. Quş olub anamın ardınca cücələrə sarı uçdum.
Qayıdan baş əlimdə qutunun içərisində altı dənə rəngbərəng, gözəl, yaraşıqlı, lümək-lümək cücələr, sanki bütün dünyanı mənə veriblərmiş kimi uça-uça evə gəldim.
Bütün yorğunluğum, yemək-içmək hamısı yadımdan çıxmışdı. Nəfəs belə çəkmədən oturub cücələrə baxırdım. Anam yumurta bişirdi. Cücələrə verdi. Bir andaca cücələr yumurtaları bir-birinə aman vermədən yedilər. Qutuda o tərəf-bu tərəfə qaçmağa başladılar. Halbuki inkubator cücələri yemək yeməyə can çəkirdilər. Anam əli ilə onların dimdiklərin açıb ağızlarına qoyurdu yeməyi. Dimdiklərin sallayaraq gündə neçəsi ölürdü.
Bütün günü cücələrə heyranlıqla tamaşa etdim. Hər hərəkətlərinə heyranlıqla tamaşa etdim. Onlar mənə qəribə gəlirdi. Anam çağırdı:
-Sevinc, o cücələrlə az oyna, gəl yemək ye.
Yeməyimi tez yeyib cücələrimin yanına qaçdım. İçində biri var idi, o qədər gözəl idi ki. Adını “Turac” qoymuşdum. Yavaşca balaca toppuş əllərimə alıb üzümə yaxınlaşdırdım. Yumşaq tükləri məni qıdıqladı, xeyli güləndən sonra güc-bəla onun bu qıdıqlamasına öyrəşdim. Gözləri par-par yanırdı. Üstündə hər rəngdən var idi: narıncı-qırmızı, sapsarı, açıq-sarı, qara.
Gecə düşmüşdü, gün ərzində piyada gəzib yorulmağıma baxmayaraq, yuxum gəlmirdi, öz sevimli cücəmdən aralana bilmirdim. Bütün günümü ona həsr etdim. Əllərimi cızan dırnaqları mənə o qədər xoş.gəlirdi ki, əlimdən yerə qoymaq istəmirdim.
Anam çağırdı:
-Sevinc, gəl yat, gecdir .
-Ana, noolar, bir az da oynadım, gəlirəm.
-Sevinc, gəl yat.
Cücəmdən aralana bilmirdim.
Turacımım özümlə yerimin içinə gətirdim.
-Sevinc, apar cücəni qoy yerinə, yazıqdır, sıxçalama.
-Ana, azca yanımda qalsın, aparacam.
Gözəl gözlü, alabəzək, diribala, su içəndə Allahı yaddan çıxarmayan cücəmdən heç cür aralana bilmirdim, Cücə əlimdə yuxuladı. Qaldırıb onun yumşaq tüklərindən öpdüm, öpdüm. Sinəm üstə qoyub yuxulayan cücəyə baxdım. Bir az da qalsın, aparıb yerinə qoyacaqdım ….
Səhərin gözü yenicə açılmışdı. Pəncərədən gün işığı öncə mənim üstümə düşdüyündən hamıdan əvvəl məni oyadırdı. Gözlərimi açdım. Nəsə özümü çox narahat hiss edirdim. Hiss etdim ki, paltarım yaşdır. Əl vurub yoxladım, hə, yaş idi. Dönüb yerimə baxdım! Nə görsəm yaxşıdır! Yerimin içərisində içalatı tamamilə pırtlayıb çölə çıxmış kənarda yalnız quru, içərisi boş dərisi qalmış Turacım! Demə, gecə sevimli cücəmin üstündə yatmışam, mənim ağırlığımdan onun bütün içalatı çölə çıxmış və paltarlarımı isladıbmış. Kənarda cücəmin içalatı çıxmış quru dərisi qalmışdı!
Mənim halımı təsəvvür edin! Nə edəcəyimi bilmədim. Hələ heç kəs durmamışdı. Məni tez durmağa vadar edən paltarımın islanmasından doğan narahatlıq hissi imiş. Səssizcə ürəyimə axan göz yaşları içərisində cücəmi xakəndazla yerimdən götürüb cücələr olan qutuya qoydum. İnkubator cücələri hamısı bir-birinə, yeni aldığımız cücələr də bir-birinə qısılıb yatmışdılar.
Paltarımı dəyişdim İslanmış döşəkçəmin üzünü dəyişib, balaca ürəyimdə kədər, qəm-qüssə, sonsuz peşmanlıq, vicdan ağrısı, gözlərimdə gördüyüm, səbəb olduğum dəhşətin görüntüsü gedib anama qısıldım!
Anam: “Sənə nə olub, rəngin ağappaqdır? Niyə əsirsən? – dedi.
Mən titrəyirdim.
Anam yuxudan ayıldı. Cücələrin yanına getdi.
-Hiyyy! Bu cücəni cücələr tapdalayıb öldürüb ki!
Bu zaman mən stolun altına girib vicdan əzabından ölürdüm.
Bir saatdan sonra məni oradan tapıb yıxılmış vəziyyətdə çıxaıblar. Ürəyim gedibmiş. Məni ayıltdılar.
Amma heç kəs bilmədi ki, mənim ürəyim niyə getmişdi ….