- Cəmiyyət, Manşet

Gömrük Komitəsi Gorus – Qafan yolunda İran maşınlarından rüsum alındığını təsdiq edib

Ötən gün sosial şəbəkələrdə Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzin şəkilləri yayılıb. Qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var. Şəkil Ermənistan mətbuatında da tirajlanıb və bu ölkədə isterikaya səbəb olub.

Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və ərazini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

Qeyd edilib ki, bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir:

“Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.