- Mədəniyyət

Görkəmli şərqşünas alimin kitabı nəşr edilib

“Elm və təhsil” nəşriyyatında görkəmli şərqşünas alim,  Bakı Dövlət Universitetinin “İran filologiyası” kafedrasının dosenti Əsmətxanım Məmmədovanın “Nizami Gəncəvi yaradıcılığı üzrə filoloji tədqiqlər” adlı monoqrafiyası nəşr edilib. Monoqrafiyada Yaxın və Orta Şərq təfəkkür tarixində yeni epoxanın əsasını qoymuş dahi Azərbaycan şairi Nizami Gəncəvinin etik-estetik, poetik-fəlsəfi görüşlərinin  məcmusu olan “Xəmsə” məsnəviləri nəzəri-filoloji aspektdə tədqiqata cəlb edilib. Şairin bədii irsinin ideya-tematik və poetik xüsusiyyətlərinin öyrənilməsi ilə müqayisədə, adətən, arxa planda qərarlaşan nəzəri-dilçilik məsələləri də tədqiqat mərkəzinə gətirilib.

Monoqrafiyanın ədəbiyyatşünaslıq bölməsində Azərbaycan üslubunun zirvəsi Nizami, şairin bədii irsində atalar sözləri, hikmətli ifadələrin işlənmə dairəsi, gül adlarının poetik xüsusiyyətləri, sağlamlığa, tibbə dair tövsiyə və qadağalar, Nizami tədqiqatçıları kiimi geniş əhatə dairəsinə malik mövzular elmi təhlilə cəlb edilib. Kitabın elmi redaktoru akademik Rafael Hüseynov, rəyçilər akademik Nizami Cəfərov və professor Mehdi Kazımovdur.

Müəllif monoqrafiyasını unudulmaz müəllimlərinin əziz xatirəsiinə və şərqşünaslıq fakültəsinin 100 illik yubileyinə ithaf edib.