Manya SƏXAVƏTQIZI
Könül damım sökülüb
Könül damım sökülüb
Göz yaşım qəlbə damır.
Ruhum sınıb, tökülüb,
Qəm dörd əlli yapışıb,
Xoşbəxtlik məni danır.
Qəlbimi görən deyər,
Viranə ölkəsidir.
Sənsizlik bədbəxtliyin,
Ardım ilə saldığı,
Sürünən kölgəsidir.
Yeyəsi köçgün düşən,
Bir evi andırıram.
Sənsiz çox üşüyürəm,
Bir az isinmək üçün,
Xatirə yandırıram.
Bu sevgidən dönmərəm
Hər baxanda şəninə,
Qürurum boy-boy olur.
Azərbaycan sevgisi,
Hey ürəyimə dolur.
Vətən deyib döyünür,
Ürəyim heç durmadan.
Mən yaşaya bilmərəm,
Vətən sevgim olmadan.
Üç rəngli şanlı bayraq,
Müqəddəs and yerimdir.
Ən ali məhəbbətim,
Vətənimə sevgimdir.
Yorulmaram nə qədər,
Vətəni vəsf etsəmdə,
Bu sevgidən dönmərəm,
Son nəfəsi versəmdə.
Para-para etsələr,
Qanım vətən yazacaq.
Vətənin səmasında,
Ruhum qanad çalacaq.
Nə vətən məndən dönər,
Nə də ki, mən vətəndən.
Bayraq, torpaq sevgisi,
Olub qəlbimə həmdəm.
Sən hansı bahardasan?
Mənim həsrət qoxuyan,
Sevgi payım hardasan?
Ruhumu sazaq kəsib,
Sən hansı bahardasan?
Yayın günəşi vermir,
Şəfəqindən pay mənə.
Bir anda çovğun düşüb,
Sevgi adlı çəmənə.
Tellərim üstə qonur,
Yayda yağan bəyaz qar.
İndi bildim ki, insan,
Sevgisiz həlak olar.