- Köşə

Gözdən yaş, dildən söz çıxarmı ürək yanmasa?!


Gülyaz ƏLİYEVA

“Adını mühərrir qoyub ortalığa çıxan gərək bir vəziyyəti nəzərdə tutsun; yəqin mühərririn düşməni dostundan çox olur; düşməndən qorxan adını mühərrir qoymağa haqlı deyil; camaatın ancaq xoşuna gələnləri yazan, axundlara, bəylərə, xanlara, sərvətdarlara yaltaqlıq edib milyonlarla əzilənləri yaddan çıxardan mühərrirlərin qiyməti bir qara puldur, o da qəlp”
Ə. Haqverdiyev

O, bizi deyib gəlmişdi. Gözünü açanda qaranlıq gördüyü dünyanı aydınlatmağa gəlmişdi. O, xalqını çox sevirdi. O dərəcədə çox sevirdi ki, qəhrəmanlarını xalqın içərisindən – həyatın lap dibinə enib oradan, kiçik adamların içindən seçirdi. Hamının kiçik bildiyi adamlar əslində onun gözündə qəlbində böyük ağrılar daşıyan, bir qədər avam, amma saf, təmiz, böyük insanlar idi. O, ədəbiyyatı xalqa yaxınlaşdırdı. Onun təsvir etdiyi kiçik adamın ədəbiyyata gəlişi ədəbiyyatı dəyişdi, səmtini, yönünü xalqa tərəf döndərdi. Sadəlik, aydınlıq, real həyata bağlılıq, xəlqilik onun yaradıcılığının əsasını təşkil edirdi. Onun xalqa ünvanlanan tənqidi sadəcə tənqid deyildi, ürək yanğısı idi, göz yaşları içində qəhqəhə idi. Siz heç ağlaya-ağlaya, gözləri qan-yaş içində gülən adam görmüsünüzmü? Mən görnüşəm. Bu, o idi. O, qəhrəmanlarına yaxşı bələd idi, onun Novruzəliyə canı yanırdı, Zeynəbin halına ürəyinin başı göynəyirdi. Vəliqulunun nadanlığı, danabaşlığı onun bağrını dəlirdi, hüquqsuz, çadra dustağı olub həbsxanaya pəncərəsi olduğu üçün həsrətlə baxan qadınlara baxanda onun da ürəyi dərddən partlayırdı. Qurbanəliyə qəzəbi tuturdu. Nadanlıq, cəhalət onu çox yandırırdı.

O, xalqı bu cəhalətdən qurtarmaq üçün yollar axtarırdır. O, bu cəhalətin xalqı hara aparacağını yaxşı bilirdi. Onun tənqidi ürək ağrısından, göz yaşından yoğrulmuş bir tənqid idi. Bu, ona bənzəyir ki, yaxın bir adamının uçuruma doğru getdiyini görəsən, amma onun qarşısını ala bilməyəsən. Onun atdığı hər addım səni səndən edir, lakin qarşıda uçurum olduğunu bilməyənə bunu heç cür anlada bilmirsən, o, sənin gördüyünü görmür, sən onu sevirsən, pisliyini istəmirsən, amma o, səni anlamır və dayanmadan uçuruma doğru gedir. Sənin sözlərinə əhəmiyyət vermədən gedir. Ona qarşı laqeyd olsan, bu, səni yandırmaz! Amma sən bu ağrıya dözə bilmirsən, bu, səni dəli edir. Kefli İsgəndərə dönürsən…. Onun dərdi, kədəri xalqın görmədiklərini görmək dərdi, anlamaq dərdi udi. Xalqının dərdinə yanmasaydı, özü də bu odda yanardımı? Laqeyd olsa, can yanğısı olmasa, o da güldən-bülbüldən yazardı, özünü tənələr, mərhumiyyətlər, məngənəsində sıxmazdı. O isə bütün bunların hamısına sinə gərdi, dözdü, tutduğu yolundan dönmədi. Can yandırdığı xalqdan ona dəyən təpiklər başqasına dəysəydi, çoxdan bu yoldan dönər, xalqdan üz çevirərdi. Onun yazdıqları pak vicdanının harayı, qışqırtısı idi.

Xalqa olan sevginin nəticəsi udi ki, onun azadlığı, rifahı, savadlanması uğrunda əlindən gələn hər şeyi edirdi. Zəhrabəyim ananın balalarının arasında qalmasına bənzəyirdi onun halı. Sevdiyi xalqını bir araya gətirə bilmirdi, hərəsi bir dildə danışırdı, oxumuşunun dərdi bir başqa, savadsızının dərdi bir başqa, “uçitelinin” dərdi bir başqa idi onun qəlbində. O, xalqa bağlı olduğu, ona yaxın olduğu üçün onun dilində yazırdı, sadə yazırdı. O dərəcədə sadə yazırdı ki, yazma-oxuma bilməyənlər də onun yazdıqlarını samovar alışığı edə-edə axırda nə isə anladılar, nə isə başa düşdülər. O dərəcədə sadə yazırdı ki, onunla yolları bir olsa da, rəqabətdə olanlara da hətta o “sadə yazır, amma çox yaxşı yazır”,- dedirtdi. O, bu xalqın başıqapazlı olmasını, danabaş olmasını istəmirdi. O istəmirdi ki, xalqını it qapsın,yolunu zırrama kəssin. O, xalqının Novruzəli, Məmmədhəsən əmi, Xudayar bəy, Qurbanəli bəy, Pirverdi, Rüstəm bəy, Məhəmmədəli, Səməd Vahid olmasını istəmirdi. Canı yanırdı, xalqın ayılmasını istəyir, haqqının tapdanmasına göz yuma bilmirdi. Bunları gördükcə yanan qəlbinin tüstüsü başından çıxırdı.

O, soydaşlarını bir günəşin – azad Azərbaycan ətrafında bir olaraq, ondan qopmadan , ətrafında dolanmasını ustəyirdi. Vətən dərdi onun ən ümdə dərdi idi. Ona gərə də “Ax, yazıq vətən. Bəs sən haradasan, ay biçarə Vətən?!”, “Ax, gözəl Azərbaycan vətənim !Harada qalmısan?”, “gəlin, gəlin, mənə bir yol göstərin!”, nəhayət,”…niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım ?!” yazırdı. O bütün bunları ürək qanı ilə, göz yaşı işərisində, gülərək yazırdı. Ona görə onun əsərləri tragikomediya idi. Yazdıqlarından aydın görünür ki ,o, mənsub olduğu xalqa – onun yaşayışına, düşüncəsinə, ağrı-acısına, dilinə dərindən bələddir və incə müşahidə qabliyyəti var. Gərək xalqını nə qədər sevəsən ki, onu bu dərəcədə yaxından tanıya biləsən ki , onun dilini də bu qədər gözəl biləsən. O, bu dünyaya qəm pəncərəsindən baxırdı. O bütün əsərlərini xalqı üçün yazdı, ədəbiyyatı xalqa daha da yaxınlaşdırdı, milli koloritini artırdı və göstərdi ki, ədəbiyyatın, “yazı yazmağın ən birinci qanunu hamının asan və tez başa düşə biləcəyi dildə yazmaqdır Vətən yolunda , el yolunda səy və qeyrət göstərməkdir”, qoca Molla Nəsrəddin kimi “haqq və həqiqəti dost tutmaqdır”.

O, yaxşı bilirdi ki, yalnız həqiqəti yazdığı, xalqın tərəfini tutduğu üçün düşməni dostundan çox olacaq. Düşməndən – qaragüruhdan qorxmadı, onların xoşuna gələnləri yazmadı, axundlara, bəylərə, xanlara yaltaqlıq etmədi. Milyonlarla əzilənin haqqını deyil, sərvəti olanların tərəfini tutanların qiyməti onun gözündə bir qara pul idi – o da qəlp.

Odur ki, heç bir şeydən, hətta ölümdən də qorxmayıb həqiqəti yazdı və yazdığı “kağızı bükdü qoydu paketə, üstünü yazıb və markasını yapışdırıb”, gələcək nəslə göndərmək üçün verdi Novruzəliyə ki, onu salsın poçta və düşüncələri, fikirləri, gəlib çatsın, biz də yazıçının ürəyinin qanı ilə yazdıqları ilə tanış olaq. Cəhaləti, avamlığı, mövhumatı qamçılayan, heydən salan yazıçının ürəyinin qopardığı bu haraya yatanlar ayıldı, bir çoxlar tam ayılmasa da, ən azı yuxusu qaçdı, gərnəşdi, sağ böyrü üstündən durub sol böyrü üstə keçdi! Ona qədər kim öz fikirlərini bu sadəlikdə, bu aydınlıqda, bu səmimilikdə ifadə edə, xalqa çatdıra bilmişdi? Onun sadə adamları əslində böyük adamlar idi və bizə çox mətləblər qandırdılar. Onun xalqının halına ürəyi yanmasa idi, yazmazdı. O bu üzdən böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı təkcə milli deyil, həm də böyük ümumbəşəri dəyərlərin daşıyıcısıdır. O hətta xalqının çatışmayan cəhətlərini tənqid edərkən də onu yanğı ilə, islah etmək naminə tənqid edir, göz yaşı axıda-axıda yazırdı! Son zamanlar onun haqqında yürüdülən yanlış fikirlır mənim də ürəyimi yandırdı, gözümü yaşartdı və bu yazını yazdım.
Gözdən yaş, dildən söz çıxarmı ürək yanmasa?!