Mayın 17-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi ziyalı və tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 155 illiyi tamam oldu. Filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Güldəniz xanım Qocayeva ilə söhbətimizdə Azərbaycan ədəbiyyatında və ictimai həyatında xüsusi rolu olan ədibin ana dilimizin saflığının qorunması və zənginləşməsi istiqamətində fəaliyyəti barədə danışdıq.
-1905-ci ildə Rusiyada baş verən inqilab imperiyanın hər yerində olduğu kimi, Azərbaycanda da ictimai və estetik şüurda təbəddülata səbəb olmuşdu. Bu mürəkkəb dövrdə ziyalı təbəqələrinin çoxplanlı ideoloji, fəlsəfi, ədəbi görüşlərindəki oxşar, fərqli və daban-dabana zidd cəhətlər özünü göstərirdi. Bütün bunlar Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığında da iz qoyub. Oxucularımız üçün bu barədə, qısa da olsa, məlumat verməyinizi istərdik.
-Əvvəla, ondan başlayaq ki, Əbdürrəhim bəy Haqverdiyev 1905-ci ildə artıq Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatında öz mükəmməl fəaliyyəti, sözü, davranışı olan şəxsiyyətlərdən biri kimi tanınmışdı. Təhsil illəri, on il yaşadığı Peterburq mühiti, onun dünyagörüşünün formalaşmasında, fəaliyyətinin inkişaf istiqamətində mühüm rol oynamışdı. Vətənə o dövrlərdə çox gərəkli olan dəmir yolları mühəndisliyi üzrə təhsilini davam etdirə bilməmişdisə də, Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakultəsinin proqramını azad müdavim olaraq başa vurmuşdu. Rusiyanın avanqard teatr səhnəsi Aleksandrinski teatrının, demək olar ki, bütün tamaşalarını izləyərək, əsl dramaturq, rejissor kimi yetişmişdi, doğma yurda müasir tədris üsullarını mənimsəmiş maarifpərvər, tarixi sənədlərlə işləmək metodikasına malik tədqiqatçı kimi qayıtmışdı. Mədəniyyətimizin, ədəbiyyatımızın müxtəlif sahələrinə göstərdiyi xidmətləri yazıçının həyatıyla bağlı bioqrafik göstəricilərdən əlavə, arxivindəki yazılı sənədlər də sübut edir. XX əsrin əvvəllərində canında milli ruh daşıyan ziyalılarımızın demək olar ki, hər biri ilk növbədə maarifçi idi, vətən övladını gerilikdən xilas etməyə çalışan vətəndaş idi və bu yolda əksəriyyətin fikirləri vahid bir səmtə doğru yönlənmişdi. Əlbəttə, dünyagörüşündən irəli gələn fikir ayrılıqları da olurdu, bu da təbii idi, çünki hər kəs bildiyi “çarə”ylə müdaxiləyə çalışırdı, amma əsas olan dirçəliş yolunda irəliləmək istəyinin birliyi idi. Əbdürrəhim bəy xalqın maarifləndirməsində daha çox professional səhnənin, teatr tamaşalarının əhəmiyyətli rol oynaya biləcəyi fikrində idi və odur ki, Azərbaycan dramaturgiyasının inkişafına xüsusi səy göstərirdi. Ədəbi fəaliyyətinə “Yeyərsən qaz ətini, görərsən ləzzətini” adlı komediya ilə başlayan yazıçı, 1896-cı ildə N.Vəzirovun ”Müsibəti Fəxrəddin” faciəsinin ardınca “Dağılan tifaq” faciəsini yazıb səhnələşdirdi və fikir birliyində problemə münasibət fərqliliyi bu böyük ədibləri müxtəlif səmtlərə meylləndirdi; bu zamandan etibarən Nəcəf bəyin yaradıcılığında daha çox komediyalar, Əbdürrəhim bəyin səhnə əsərləri sırasında fəci planlı dramlar yer almağa başladı.
– Belə bir dövrdə, mərhum Yaşar Qarayevin təbiri ilə desək, “təkcə milli bədii şüurda yox, həm də milli ictimai şüurda intibah aktı kimi doğulan” “Molla Nəsrəddin” jurnalı Ə.Haqverdiyevin yaradıcılığına da təsirsiz ötüşməyib…
– “Molla Nəsrəddin” məcmuəsi üslubu, spesifik koloriti ilə dövrün bütün yaradıcı şəxsiyyətlərinin fəaliyyətndə öz izlərini qoydu. Əbdürrəhim bəy ironik gülüşlü nəsr əsərlərini məhz “Molla Nəsrəddin”də dərc etdirmişdir. “Ayın şahidliyi”. “Ata və oğul” adlı ilk realist-romantik ruhlu hekayələri Əli bəy Hüseynzadənin xeyir-duasıyla “Həyat” qəzetində dərc olunduqdan sonra, zəngin ifadələrlə, obrazlı təhkiyəylə qələmə aldığı “Xortdanın cəhənnəm məktubları” povesti, “Mozalan bəyin səyahətnaməsi” povestinin birinci hissəsi, “Maralarım” silsilə hekayələri bu jurnalın səhifələrində işıq üzü gördü.
– Jurnalın öz qarşısına ədəbiyyatı həyatla yaxınlaşdırmaq kimi bir vəzifə qoyması ədəbi dilə münasibətdə necə təzahür edirdi?
– Məlumdur ki, jurnalın ən ümdə qayəsi sadə, savadsız, avam olsa da qavramağa, anlamağa meyilli yurddaşlarının nə qədər pafoslu səslənsə də, gözünü açmaq, onları dünyəviliyə, zamana, real şəraitə kökləməkdən ibarət idi. Əlbəttə, məqsədi bu olan məcmuənin mövzuları da, dili də sadə, camaat fəhminə, duyğusuna yaxın olmalıydı. Adı “Molla Nəsrəddin” olan, xalqı tədricən qiraətə meyilləndirməyə cəhd göstərən məcmuənin səhifələrində ali ideyalar tərənnüm edən mürəkkəb ibarələrlə dolu, ideoloji-fəlsəfi fikirlər təlqin edən romantik əsərlərin dərc edilməsi yersiz olardı. Hər məcmuənin məqsədinə xidmət edə biləcək öz dəst-xətti vardı və həmin dövrdə dərc olunan dərgilərin içərisində məzmun keyfiyyətləri ilə bərabər dili də cilalanaraq yüksək səviyyə qazanmış “Molla Nəsrəddin” ən uzun ömürlüsü oldu, ədəbi məktəb kimi formalaşmağı bacardı.
– “Tipik şəraitdə tipik xarakterlər yaratmaq” – tənqidi realizmin bir cərəyan kimi tələbləri də ədəbi dilimizin xalq dilinə yaxınlaşmasına töhfə verib deyə bilərikmi?
– Deyə bilərik. Burada yazıçının inkişaf etməkdə olan fərdi üslubunun xüsusiyyətləri də mühüm əhəmiyyət kəsb edir.
– Amma qarşı cəbhə – füzyuzatçılar da güclü idi. Haqverdiyev “Ədəbi dilimiz haqqında” adlı məqaləsində yazırdı: “Bunu (1905-ci ildən sonra mətbuat və ədəbiyyatın inkişafı üçün yaranan şəraiti – A.Ə.) gördüкdə оsmanlı ədəbiyyatının ağalıq xülyası cünbüşə gəldi. Bir neçə nəfər İstanbuldan Azərbaycana ezam оlundu. Əlibəy Hüseynzadə, Əhməd Кamal, Səbribəyzadə Xalid Ziya və sairləri …Azərbaycan dilini оsmanlılaşdırmağa qədəm qоydu…”. Sonralar füyuzatçılar uduzacaq və Əli bəy Hüseynzadə ədəbi dil məsələsində səhvini anlayıb, Mirzə Cəlilin əlini sıxacaq… Amma ona qədər gedən amansız mübarizə barədə bir az məlumat verməyinizi istərdik…
– Gəlin, “qarşı tərəf” deyib cəbhələrə ayırmayaq, rəngləri tündləşdirməyək. ”Füyuzat” cəmi iki il fəaliyyət göstərə bildi, maliyyə vəsaitinin çatışmazlığı üzündən qapadıldı. Hər halda fəaliyyətinə xitam verilməsinə rəsmi olaraq bunu səbəb göstərmişdilər. Romantizm cərəyanının “qanadlı ali məramlar”nın təmsilçisi olan bu jurnalın əsas məqsədi türkəsilli xalqların birlik yaratmaq ideyasını təbliğ etmək idi. Yəni o dövrün keşməkeşlərinə qarşı dayana bilmənin bir yolunu bir çox fikir adamları panslavyanizmin, pangermanizmin artıq yüzillik irəliləyişi müqabilində çox zəif və tərəddüdlü türk xalqları birliyinin yaradılmasında görürdülər. Bu da növbəti və həm də uğursuzluqla sonlanan əsarətdən xilas cəhdi idi yəqin ki.
Digər tərəfdən, haqqında danışdığımız XX əsrin əvvəllərində normativ nizamlı ədəbi dildən danışmaq mümkün deyildi. Qələm sahibinin yazı manerası, fikri ifadə imkanı, söz bazası onun təhsil aldığı dildən, yerdən, mühitdən çox asılı olur. Məsələn, elə Əbdürrəhim bəy Haqverdiyevin kitablarından oxuduğumuz sadə, rəvan anadilli əsərləri müəllifin əlyazmalarında çox fərqlidir. İstər əski əlifbayla, istər sonrakı dövrlər çapında ədibin əsərləri yəqin ki ciddi şəkildə redaktə olunub. Hətta müqayisə üçün onun arxivindən tapdığım çap olunmamış bir hekayəsini əlyazmasında olduğu kimi (1992-ci ildə səhv etmirəmsə) “Kitablar aləmində” jurnalında dərc etdirmişdim, inanmaq olmurdu ki, Əbdürrəhim bəyin yazısıdır. Rus dilində təhsil almış bir adam üçün təbii hal idi, amma məsələ bundadır ki, rusca yazdığı bir ssenarisinin əlyazması da anadilli düşüncənin yaratdığı dil xətalarından xali deyildi. Bu, dövrün sonralar tədricən aradan qaldırılmış ümumi bir bəlasıydı. Bir də, səhv etmirəmsə, Ə.Haqverdiyevin “Ədəbi dilimiz haqqında” məqaləsi sovet hakimiyyəti dövründə yazılıb, o zamanın havasının nə daddığını hamımız çox yaxşı bilirik. Düşünürəm ki, şərhə ehtiyac yoxdur.
– Osmanlıca yazan Hüseyn Cavid də, “Başqalarını bilməm, zənnimə qalırsa, özgə şivə arayanlar aqibət yorulub peşiman olacaqlar. Mübahisəsiz, münaqişəsiz osmanlı dilini qəbul edəlim, cayi-tərəddüd deyil bu yer”, – deyən Hadi də ədəbi dil məsələsində mollanəsrəddinçilərə qarşı idi deyə bilərikmi?
-Dediyim kimi, onlar bir-birlərinə qarşı dayanmayıblar, sadəcə birliyə, bütövləşməyə yollar, çarələr axtarıblar. Bunu radikal cəbhələşmə kimi qiymətləndirmək düzgün olmazdı.
–Üzeyir bəy və Mirzə Cəlilin Rza bəy və Səməd Vahidi məlumdur. Bunlar milli mənliyindən imtina etmiş zavallı ziyalılardır. Haqvediyevdə də belə obrazlar varmı?
– Əbdürrəhim bəyin “25 ilin qorodovoyu” Kərbəlayi Zalı da, məğrur Mirzə Səfəri də, “enerjisi başmaqçı dükanına sığmayan” Şeyx Şəbanı da, hətta özünün prototipi olan ziyalı Xortdan bəyi də, dərviş Haqq Mövcudu da və bütün digər qəhrəmanları mütləq bir dil, mütləq bir düşüncə kimliyini daşıyır: Azərbaycan türkü vətəndaşlığını.
-Oxucularda belə bir təsəvvür yarana bilər ki, Haqvediyev və silahdaşları təkcə osmanlıcanın həmləsinə qarşı mübarizə aparıblar. Halbuki Mirzə Cəlil, Nemanzadə, Üzeyir bəy, Sabir və digərləri ədəbi dilimizin fars, rus və başqa dillərin təsirindən qorumaq üçün də həmişə mübarizə aparıblar.
-Elədir. Amma, məncə, dili qorumaq üçün kiminləsə mübarizə aparmaq, döyüşmək vacib deyil, ana dilini sadəcə ana kimi sevmək, hörmətini saxlamaq, əcdad məhəbbəti, kökün yadigarı kimi nəsildən nəsilə ötürməyi bacarmaq lazımdır.
-Əbdürrəhim bəyin ana dilimizin saflığının qorunmasına və zənginləşməsinə ən böyük töhfəsi xalqın anlayacağı bir dildə yazması və onun bütün gözəlliklərindən çox ustalıqla istifadə etməsidir. Ə.Haqverdiyevin əsərlərinin dili yetərincə tədqiq edilibmi və lüğətçilik mütəxəssisləri tərəfindən istifadə olunurmu?
-Zaman-zaman bir çox ədiblərimiz kimi Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığı da müxtəlif aspektlərdən, o cümlədən yazı dili tədqiqata cəlb olunub və bu sahədə uğurlu işlər az deyildir. Əbdürrəhim bəy həm də bütün varlığıyla millətinin tarixində örnək kimi əbədi yaşayacaq şəxsiyyətlərdəndir və belə insanların fəaliyyətinə tutulan işıq heç vaxt yetərincə olmur, daim daha yeni, daha parlaq şüa tələb edir.
Müsahibəni Aygün ƏZİZ aldı.