- Köşə

Gülgülə

Gülnarə Rəfiq

Yazdı. Şair demiş gül gülü çağırır, bülbül bülbülü. Güllər də gəlib çıxıb artıq, bülbüllər də buralardadı. Bir ucdan doğrayıb qırıb tökürük, o biri ucdan alıb yığıb quraşdırırq. Varlığa nə darlıq, neft ölkəsiyik də. Kim narazıdı, qədeşlər demiş, ayağının altına banan qabığı qoyub sürüşsün burdan!

Banan demiş, bir dəfə insan hüquqları üzrə komissiya necə olursa Afrikaya gedib çıxır. Onlar banan yığma prosesini müşahidə edirlər. Sən demə banan yığmağa azı iki nəfər lazımdı. Biri ağaca dırmaşıb banan salxımını kəsir, o biri isə aşağıda durub kürəyini o boyda hündürlükdən yerə düşən bananların altına verir. Sonra belinə yığdığı bananları anbara aparır. Deyilənə görə komissiya üzvləri gördüklərindən elə dəhşətə gəliblər ki, uzun müddət banan yeməyiblər. Odu-budu söz veriblər, insan və bitki arasında olan münasibətlərə qəti qarışmırlar. Əgər hardasa bitkilərə görə insan hüquqları pozularsa bunu insanlara görə hüquqları pozulmuş bitkilərlə başabaş sayıb adına karma (yəni əvəz-əvəz) deyirlər. İndi bu söz dəbdədi.

Təbiətcə bitkipərəstəm, ona görə də dibçəyimdəki bitki çiçəkləyən gün 10 adamın mırtıldamağını vecimə almaya bilirəm. Yazı tək mənim yox, həm də oxucuların da əhvalını əks etdirməlidi. Ona görə özümü güllərə qarşı kökləməkçün “yırtıcı güllər” adlı axtarış verirəm. Nə qədər acgöz bitki varmış! Yazıq həşəratları, milçəkləri, soxulcanları gözəlliyilə cəlb edib içinə salır, sonra xımır-xımır əridib yarpağa verir. “Nə olsun, insanları yemir ki” deməyin. Bioloqlar deyir, planetimizdə dinozavrlar gəzən zamanlarda bunların ölçüləri elə imiş ki, inəyi də uda bilərmiş. İndinin özündə də siçanı, xırda quşları hərfi mənasında udan bitkilər var. Büdcəni udan bitkiləri hələ siyahıya salmayıblar.

Hamı bilir, bitkilər insana çox lazımdı. Məsələn, Yeni Qvineyada putyanq adlı bir ot bitir. Yarpaqları o qədər sərtdir ki, kişilər üzünü onun yarpaqlarıyla qırxır. Oralarda lezviya, “jilet”- filan satmaq sərf eləməz. Ya da Avstraliyadakı Biobab ağacını götürək. Onun içi çox vaxt çürüyür deyə boş olur. İçində adamlar yaşayır bəzən. Ölkənin şimalında bir ara baobab yerli türmə kimi istifadə edilirdi. İndi insanlar bir az yumşalıb, baobablar 30 nəfərədək adamı yerləşdirə bilən avttobus dayanacaqlarına çevrilib. Hindistanda kappel adlı ağac var. Onun meyvələri o qədər ətirlidir ki, onu yeyən adamdan uzun müddət bənövşə ətri gəlir. Lap bizim avtobus don-juanlarının malıdır, hindistanlılar artıq təcrübədən keçirib. Mərkəzi Amerikanın camaatı yuxusuz olanda aptekə getmir. Onlar Floriyundiya acağından istifadə edir. Altında oturmaq bəsdi ki, yuxu səni aparsın. Asiyanın cənib-qərb tərəfində və Ərəbistan yarımadasında bir bitki yayılıb ki, adı “gülüş çiçəyi” kimi tərcümə edilir. Onun noxud boyda tumunu udan adam düz yarım saatlıq səbəbsiz gülməyə üz verir. Sonra rahatlanıb yuxuya gedir. Diş həkimləri bu toxumları novokainə allergiyası olan xəstələrə verir.

Bunları niyə yazıram? İnformasiyadır da, gül gətirənlərə lazım olar. Yerli ağacları qoparıb yerinə baobab əkərik. Dinc vaxtı dayanacaq, ara qarışanda türmə olar. Mitinq eləyib ara qarışdıranların üstünə Floriyundiya acağının budaqlarıyla getmək olar. Etirazçılar əsnəməkdən ölər. Ya da üzü gülməyən xalqın çörəyinə “gülüş çiçəyi” qatmaq olar. Ya gülsünlər, ya da yıxılıb yatsınlar. Yerli ləhcədə çiçəyin adını “gülgülə” qoyardıq yəqin. Bir də ki, ölkəyə gül gətirənlər nədənsə buraların mütəxəssislərinin rəyini, təcrübəsini qəti şəkildə istifadə etmir. Ona görə də Qış parkında Maqnoliya kolunun üstünə Daş palıd yazıb vurublar. Bəlkə qaiməyə görə daş palıd olmalı eksponat kiminsə villasında daşlaşıb? Daha bir versiya da ola bilər, şəhərin yaşıllaşmasıyla məşğul olan məmurlar insanların yaddaşında hündür ağacların, məsələn daş palıdın görkəmini silmək niyyətindədi.

Etiraf eləməliyəm. Dözmədim, dünyaca məşhur nəbatat bağlarının gül festivalları, gül bayramlarına tamaşa elədim. Virtual gəzintidən Niderland parkındakı tülpanların rəngi yazıya çökməyə bilməzdi. Moskvadakı bağçılıq üzrə yüksək moda nümayişində də oldum. İngiltərə nəbatat bağının o soyuqda bitirdiyi qulac-qulac çiçəklərinə batdım. Hindistanda yaz bayramında parlaq rənglərə bulaşdım. Üzüm güldü, hirsim tamam soyudu, bütün bunların burada olmasını istədim. Ona görə də günahkarcasına xalqımdan üzr diləyirəm. Çiçək bitkinin gələcəyə olan arzularıdır. O da çiçək açmağa və toxum verib artmağa ümidli idi. Reallaşmamış arzulardan hörülmüş rəngarəng çələnglər sizə heç nəyi xatırlatmır ki?..