- Köşə

Gülyaz ƏLİYEVA. Ana haqqı…

Ana… Sənin haqqın Tanrı haqqına bərabərdir, sənin haqqın heç ödənilməz ki… Sən də Yaradansan, sənin də övladına sevgin, məhəbbətin tükənməzdir, sən də bağışlayansan. Sən Haqq dərgahında ən uca zirvələrdə dayananlardansan. Cənnət sənin ayaqların altındadır. Sən nə qədər zərif və güclü bir varlıqsan. Ən qüdrətli sərkərdələr sənin qarşında acizdirlər, əyilməyən başlar yalnız sənin qarşında əyilir, Qiyamət dəhşətindən qorxmayanlar, dörd yanı pələnglərlə əhatə olunsa da, ürpənməyənlər, sənin qəzəbin qarşısında tir-tir əsirlər. Dünyanın bütün var-dövləti vədi ilə baş əyməyənlər sənə itaətdə rahibdirlər.

Sənin gözündən düşmək qədər qaldırılmayan yük yoxdur. Sənin haqqında hər kitabda, hər dində vərəqlər var, sənin haqqın ödənməz ki… Sən bütün çətinliklərə sinə gərib övladın yolunda oddan keçmisən, alovda yanmışan, buzda donmusan, kipriklərinlə od götürmüsən, yenə övladından vaz keçməmisən. Əziz anam… şirin dilli anam. Qəlbi kövrək, gülərüzlü anam… Laylay denən mənə. Laylan – şirin nəğmə. Laylan hopub iliyimə, qanıma… o şirin ləhcənlə, o saf südünlə içirmisən ruhuma, qanıma, canıma öyüdlərini, arzularını, diləklərini ana dilimlə birgə. Mən də qulağımda sırğa eləmişəm, unutmamışam, yolumdan sapmamışam. Nağılların, Xeyirin Şər üzərində qələbəsinə inamını içirmisən ruhuma gilə-gilə. Əziz anam… müqəddəs qadın, sən bütün şəxsi arzu və istəklərinin üstündən övladın naminə bir andaca, göz qırpmadan vaz keçməyi bacaran böyük ürəkli qadınsan. Bu sözləri sənin timsalında bütün analara aid edirəm. “ANA” deyəndə gözlərim önünə sən gəlirsən, Analara məxsus bütün keyfiyyətləri özündə cəm etmisən, Anam.

Mərdliyi, düzgünlüyü, gözütoxluğu, sözündən dönməməyi, maddi çətinliyə boyun əyməməyi, zəhməti sevməyi, heç kəs qarşısında əyilməmək üçün əməksevərliyi öyrətmusən bizə, öz şəxsi örnəyinlə, şəxsi nümunənlə. Bizə heç vaxt “belə ol”, “belə yaşa” deməmisən, elə olmusan, elə yaşamısan, bizə örnək olmusan. Ən çətin anında belə nikbinliyini, gələcəyə, övladlarına inamı itirməmisən və bunu öz şəxsi nümunənlə bizə təlqin etmisən. Alnıaçıq, üzüağ 8 övlad böyüdübsən, tərbiyə, ali təhsil veribsən, yeddi fərqlənmə diplomu yığmısan boşalmış mücrünə… Əziz Anam, əzmin, iradən, mərdliyin, nikbinliyin qarşında tək biz – övladların yox, səni tanıyan hər kəs baş əyir. Xarici gözəlliyin də daxili gözəlliyini tamamlayıb, vəhdətdə olub, bütöv olmusan, tam olmusan.

Sənin zərrələrindən, nurundan, işığından hamımızda var, amma heç birimiz sən ola bilmərik, sənin kimi mükəmməl insan, tam şəxsiyyət, əsl ANA, ləyaqət, ismət nümunəsi olan Anam! Şəxsi ayrıntılara girmıdən sənin timsalında analara həsr etdum bu yazımı… Bu gün sənin ad günün Qarabağın solmaz çiçəyi, əyilməzlik simvolu, bütün çətinliklərə əzmlə sinə gərən, ləyaqət, mərdanəlik timsalı Solmaz Mirdənə qızı Əliyeva. Doğum günün mübarək. Noyabrı sənə görə, sənin doğum günün olduğu üçün, səni bu dünyaya bəxş etdiyi üçün sevirdim. İndisə, noyabr Qarabağı bizə bəxş etdiyi üçün, Zəfər Günü olduğu üçün ayların tacı oldu bütün Azərbaycan üçün. Zəfər bayramlı, Azad Qarabağlı ilk doğum gününüz mübarək olsun əziz anam – Solmaz ANA!