Bu müqəddəs torpağıma,
Şəhidlərin məzarına,
O enməyən bayrağıma AND içirəm!
Azad olmuş Qarabağda başıuca gəzəcəyik,
O möhtəşəm qayalarda qartal kimi süzəcəyik,
Düşmənləri bundan sonra
çəyirtkətək əzəcəyik,
Şəhidlərin məzarına
Tər çiçəklər düzəcəyik,
Bundan sonra yağı düşmən
Addım atmaz torpağıma,
Xain gözlər baxa bilməz
O üçrəngli bayrağıma.
And içirəm, Qarabağda
Axan şəhid qanlarına!
And içirəm! And içirəm!
Heç “and içmək” ifadəsinin haradan gəldiyi haqqında düşünmüsünüzmü? Axı and niyə içilir? Niyə “and vermək” yox, “and içmək” deyirik? Sözün etimalogiyasın araşdırdıqda bir sıra xalqlarda bu sözün mənşəyinin eyni olduğu meydana çıxır. Monqollarda ta qədim zamanlardan bəri “anda” anlayışı olub. Tərcüməsi bizim də istiadə etdiyimiz “and” sözüdür. Qədim monqol dilində belə yazılan söz müasir monqolcada “and içmək” ifadəsi “andqay örqöx” kimi mövcuddur. Buradakı “örqöx” feli “dəstəkləmək, qaldırmaq, tutmaq” kimi tərcümə edilir. O vaxtlar “qan qardaşı” olmaq istəyən iki monqol əllərini bıçaq, xəncər və ya qılınc kimi silahla azca kəsər və əl verib görüşərmiş. Beləcə iki qan qarışırmış. Qan qardaşlığı bioloji qardaşlıqdan daha üstün imiş. Çingiz xan və “anda”sı (qan qardaşı) Camuxanın qan qardaşlığının təsviri verilmiş bir rəsmdə biz bunun aydın təsvirini görürük. Qədim türklərdə də bu adət olub, onlar qan qardaşının qanı ilə öz qanını qarışdırıb bir qabdan içiblər. Buna görə “and içmək” ifadəsi yaranıb. And – türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə mənalarını da verir. Ant olaraq da deyilir.
Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında elə də böyük bir fərqlilik yoxdur. Böyük bir and içilərkən bir qaba qan axıdılması səbəbi də budur.
Bu da “and içmək” ifadəsindəki “içmək” sözünü bizim üçün aydınlaşdırmış olur.
Müasir Türkiyədə gənclər kanka sözünü istifadə edirlər. “Kan kardeşi” ifadəsinin qısaldılmış şəkli olan bu söz ən yaxın dosta müraciət formasıdır. Yəni, ənənə əməldə olmasa da, sözdə günümüzə qədər gəlib çıxıb. Başqırdlarda yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə and içmək təbiri istifadə edilir və and edilərkən içilən süd ilə əlaqəlidir. Bununla yanaşı, söz vermək deyimi də sözün bir obyekt kimi başqalarına devr edildiyi düşüncəsinin qalıqlarıdır. Məhkəmələrdə və ya millət məclislərində and içilərək işə başlanır. Yəmin anlayışı bəşəriyyətin ortaq hisslərindən biridir. Türk-monqol mədəniyyətində əhəmiyyətli bir yer tutan qan qardaşlığı da yenə and içilərək həyata keçirilir və qan qardaşı olmuş bu insanlara andlı deyilir.
Türk, çuvaş və altay xalq inancında anda tobadı, tupata da deyilir. Vallah və ya billah kimi mənalarda istifadə olunur. “Tobadı doğru deyirəm” kimi ifadələr Skif ocaq tanrısı Tabıtının adıyla da əlaqəlidir. Sözün mənşəyi, köhnə türkcə və monqolca düz, düz çökmək mənası ehtiva edər. Hətta eyni məna tunqus və mançur dillərində də vardır. Mənşəyi dəqiq bilinməsə də, Toba (Tabgaç) şəklində bilinən qədim türk tayfasının adını da ağıla gətirir. Tapmaq feili ilə də əlaqəlidir (bu feil Anadolu türkcəsində ibadət etmək deməkdir). Çuvaşça tob və ya tup sözcüyü evin ortası mənasını verər. And içib qan qardaşı olmaq deməkdir. Bir tasın içərisinə qoyulan südə biləklərində açılan kəsikdən qan damladaraq içib qan qardaşı olmaq türklərdə və monqollarda ortaq bir ənənədir. Andalık türklərin ən əski ənənələrindən biridir. Andalar bir-birlərini qardaşlarından daha irəlidə qoruyarlar.
Həmçinin, məlumdur ki, and mənasında ərəb dilində işlənən əl-əyman yəmin sözünün cəmidir. Bu sözün əsl mənası əldir. Andın belə adlandırılmasına səbəb ərəblərin and içərkən bir-birinin əlindən tutması idi.
Şəri mənada and Allahın ad və ya sifətini dilə gətirməklə bir şeyə özünün təkidini bildirməkdir.
Beləliklə, bu gün bizə məcazi mənalı görünən bir çox sözlər var ki, onların köklərinə gedib, mənşəyin aradıqca vaxtilə həqiqi məna daşıdıqlarının şahidi oluruq. And içmək sözündə olduğu kimi.
İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığı zamandan ilk andlar da yaranmağa başlayıb: “Gün haqqı”, “torpaq haqqı”, “işıq haqqı”, “su haqqı” və s.
İnsanın təsəvvürünün hüdudları genişləndikcə valideynlər və əziz adamlarla bağlı andlar yaranıb: “Atamın canı üçün”, “And olsun anamın canına”, “Balamın canına and olsun” və s.
Dini təsəvvürlərin insanların şifahi yaradıcılığında hökmran mövqe tutması ilə əlaqədar andlar da yaranıb: “Allaha and olsun”, “Peyğəmbər haqqı”, “Əli yolu haqqı”, “Məzhəb haqqı” və s…
«Kitabi-Dədə Qorqud» dastanlarından öyrənirik ki, əcdadlarımız olan oğuzlar and və sədaqət məsələsində çox ciddi olublar. Peyğəmğərimizə aid edilən bir hədisdə deyilir ki, vəfası olmayanın imanı da olmaz. Oğuzlar da andlı və ya andsız vəfanı adi insanlıq əlaməti kimi götürürdülər. «Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy»da kafirlər Qazan xana təklif edirlər ki, onları tərifləsin və and içsin ki, bir də onlara düşmənçilik etməyəcək. Əlinə yalandan and içib qurtulmaq imkanı düşsə də, Qazan xan «Vallah, billah, doğru yolu görüncə əyri yola getmərəm» deyə and içir və əlavə edir: «Əlinə düşmüşkən, kafir, öldür məni, kəs başımı, öz əslimə, öz kökümə xain çıxan deyiləm. Əgər sağ qalsam, mən sizi öldürəcəyəm». Bu əxlaq islam inancından və Dədə Qorqudun bu inancdan doğan «yalan söz bu dünyada olunca, olmasa yaxşıdır» fəlsəfəsindən qaynaqlanır.
Quranda tez-tez and içmək yaxşı hal hesab olunmasa da, bəzən elə anlar yetişir ki, anda sığınmalı, tez-tez and içməli olursan.
Allah haqqı, Quran haqqı, peyğəmbər haqqı, çörək haqqı, bu çayın piri haqqı, bu suyun mələkləri haqqı. Yol haqqı, vicdan haqqı, məslək haqqı, hətta komsomol haqqı andı da vaxtilə dilimizdə olub…
S.Vurğunun qəhrəmanı Sarvanın içdiyi and məhz belə idi:
“Mən gələndə vədə verdim, and da içdim komsomola»
Andların günlük həyatımızda öz yeri var. And içib kimisə inandırırıq və ya and içib bizi inandırırlar…
Ta qədim dövrlərə söykənən andiçmə mərasimləri indi də mövcuddur.
Elə indinin özündə həkimlər Hippokrata, hakim və prezidentlər isə Konstitusiya və Qurana and içirlər. Əməl edirlər, ya etmirlər – Allah bilər, özləri bilər, Konstitusiya bilər, Hippokrat bilər.
İnsanları andla inandırmaq olur. Ona görə Allah taala endirdiyi bir sıra ayələri müxtəlif andlarla qüvvətləndirib.
Əslində, andın əsas faydası and içilənə, onun böyüklüyünə, əzizliyinə diqqət çəkərək deyilənin doğruluğuna inandırmaq, şübhəni aradan qaldırmaqdır: «İndi sənə endirdiyimizə şübhə edəcək olsan, səndən öncə Kitab oxuyanlardan soruş. Andolsun ki, sənə Rəbbindən gerçək gəldi, nəbadə şübhə edənlərdən olasan!» (Yunus 94). Əziz bir adamın canına and içiləndə sanki onun canı girov qoyulur. Əgər bir and bir kəsin şübhələrinə son qoyursa, ürəyinə rahatlıq verirsə, nə gözəl! Görünür, buna görə Uca Tanrı da Quranda çoxlu andlar verir…
Quran insanı əhdinə vəfa edən bir varlıq olaraq düşünür. Ona görə kiçik hədəflərə çatmaq üçün andı pozmaq qınanılır. Allah taala ağzından çıxan sözün yiyəsi olmağı əmr edir: «Ey iman gətirənlər! Eləməyəcəyiniz bir şeyi niyə söyləyirsiniz? Eləmədiyiniz bir şeyi söyləməyiniz artırar qəzəbini Allahın» (Saff 2-3). Amma andda pis bir niyyət nəzərdə tutulubsa, onu icra etməmək daha yaxşıdır.
Qələm surəsinin 10-cu ayəsində bilərəkdən yalandan and içənlər «alçaq» adlandırılır. Bundan sonra gələn ifadələri də onlara aid edən türk alimi Yaşar Nuri Öztürk yalandan and içənlərin aşağıda sadalanan keyfiyyətə sahib olması qənaətinə gəlir: səfillik, xaraktersizlik, nöqsan gəzmək, qeybətçilik, hay-küyçülük, xeyiri əngəlləmə, iyrənc davarınş sahibi olmaq, kobudluq, qabalıq, soysuzluq, südü xarablıq…
Allah bizləri belələrindən qorusun və belələrindən etməsin. İçdiyimiz andlara əməl edənlərdən olaq.