- Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Bir neçə kəlmə də FADMM barədə…

Biz FADMM olaraq bir iş görməyə çalışırıq, özümüz üçün deyil, xalqımız üçün, Azərbaycan üçün faydalı bir iş… Bu işdə bizi dəstəkləyənlər, bizə qoşulanlar da az deyil. Doğrudur, Bakı şəhərinin küçə və prospektlərinin acınacaqlı dil mənzərəsi ilə bağlı Prezident Administrasiyasına sonuncu müraciət zamanı ümid edib üz tutduğumuz adamlardan bir neçəsi bizə qoşulmaqdan, kömək etməkdən imtina etdi. Maraqlıdır ki, elə onlar ədəbi dildən daha çox danışırdılar. Amma bizə ürəkdən, canü-dildən qoşulmaq istəyənlərin də sayı yetərincə oldu. Biz istəsək, imza sayını iki minə də çatdıra bilərdik. Amma istəmədik… Artıq kəmiyyət bizi maraqlandırmır. Əsas odur ki, bizə qoşulanların hamısı bu işə ürəkdən, candan bağlı olanlardır. Bunların sırasında 23 professor, 38 dosent və fəlsəfə doktoru, xarici ölkələrdə yaşayan ziyalılar, rəssamlar, teatr rəhbəri, akademik, millət vəkili, rejissorlar, yazıçılar, Yazıçılar Birliyinin üzvləri var. Başladığımız iş gözlədiyimizdən qat-qat artıq maraq doğurdu. Bizə qoşulmaq istəyənlərin sayı günü-gündən artdı. Məmnunluqla qeyd edə bilərik ki, Mərkəz yaranandan bu günədək işimizin doğurduğu rezonans gözlədiyimizdən də yüksək oldu. Qeyri-təvazökarlıq kimi çıxmasın, FADMM-i artıq ölkədən kənarda da tanıyanlar var. Xüsusən, bu təsir Türkiyədə açıq-aydın görünməkdədir. Türkiyədə bu məsələyə bizdən sonra, bizim təsirimizlə diqqət verilsə də, artıq onlarda sözdən əmələ keçiblər. Əsnaf özü əcnəbi dilli reklamları söküb atır.

Biz bu müddət ərzində ətrafımıza çoxlu ziyalılar toplamağı bacardıq, ölkənin ən görkəmli dilçiləri, dillə birbaşa bağlı adamlarla: yazıçılar, deputatlar, alimlər, dilçi-mütəxəssislərlə müsahibələr təşkil etdik. Problemi yetərincə ictimailəşdirdik. Nəriman Qasımoğlunun sözləri ilə desək, qeyri-hökumət təşkilatları içərisində FADMM müstəsna fəaliyyəti ilə seçilir. Mərkəz fəaliyyəti dövründə heç bir maliyyə qrantı almadan ölkədə, demək olar ki, ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemin həllinə yönəldilməsində əsas intellektual mərkəz rolunu oynayır.

Başqa bir mütəxəssis yazır: “Qeyri -hökumət sektoruna yaxından bələd olan biri kimi bildirirəm ki, FADMM-in 15 aya yaxın müddətdə gördüyü işi bəzi təşkilatlar 7-8 ildə görməyib. Amma bunun müqabilində heç yerdən maddi dəstək almayıb”…

Onu da təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, işimiz asanlıqla əmələ gəlmir, bir sıra maddi bir yana, mənəvi çətinliklərlə üzləşirik. Müraciət etdiklərimizin bəziləri, kömək etmək bir yana, bizə “ağıl verməyə”, bəzi məsləhətlərdə bulunmağa, ruhdan salmağa, əl-qolumuzu bağlamağa cəhd etdi. “Dilimizin problemi təkcə küçələrdimi? Təhsildə olan problemləri qaldırın. Dərsliklərin dili bərbaddır. Televiziya və radioda işləyənlərin ana dilindən xəbərləri yoxdur. Yuxarı təbəqədəkilər ana dilin bilmir, problemin kökü oradan qaynaqlanır, əvvəlcə onlardan başlayın!” və s. və i.a . kimi iradları da eşitməli olduq.

Əlbəttə, biz yaxşı bilirik ki, dilimizin əsas problemi təkcə küçələrdəki pozuntularla bağlı deyil. Daha çox problemlər var. Amma biz ən çox qabarıq olandan başladıq. Bakıya ilk gələn qonağın və ya öz vətəndaşımızın çaşqınlığına səbəb olandan başladıq. Amma bu, o demək deyil ki, biz təkcə küçələrin dilindən danışdıq, ancaq bu problemlə məşğul olduq. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi mövcud olduğu 1 il 3 aya yaxın müddət ərzində müxtəlif saytlarda 200-ə yaxın məqalə dərc etdirib, burada Bakıda və Azərbaycanın müxtəlif regionlarında reklam və müəssisə adları ilə yanaşı,  televiziyalar, sosial şəbəkələr, mahnıların dili araşdırılıb. Dil təzahürünün iştirak etdiyi bir çox sahələrdə nöqsanlar konkret faktlarla üzə çıxarılıb. Qonşu respublikaların, xüsusən Gürcüstanın bu sahədəki təcrübəsi öyrənilib, Batumu küçələrindən şəkillər çəkilib, məqalə həsr olunub (“Özünə hörmət edənlərin Batumisi, etməyənlərin Bakısı, Gəncəsi” – V. Sadıqlı) Bakı küçələrində FADMM sədri Vasif Sadıqlı özü şəxsən 500-dən artıq şəkil çəkib, müxtəlif veb saytlarda dərc etdirib. Qonşu respublikaların məsələ ilə bağlı təcrübələrinə aid faktlar toplayıb, əyani şəkillərlə ictimaiyyətə və BŞİH və ADRA-ya təqdim edib… Üzvlərimiz bəzən öz vəsaitlərini xərcləyiblər. Heç bur qeyri-hökumət təşkilatı hər ay hesabat yazıb geniş ictimaiyyətə təqdim etmir. Heç illik hesabat da yazmırlar. FADMM-in Mətbuat xidməti hər ay görülən işlər barədə hesabat yazıb geniş ictimaiyyətə təqdim edir. Bütün bunları yazmaqda qeyri-təvazökarlıq etmək fikrimuz yoxdur, sadəcə, göstərmək istəyirik ki, hər şeyin maddiyyətlə ölçüldüyü bir vaxtda maddi təmənna güdmədən xalq üçün, dilimiz üçün vicdanla, məsuluyyətlə çalışanlar hələ də var. Onu da təəssüflə qeyd etmək istəyirəm ki, bəzən bunu eşidənlər inanmaq istəmir, ya da adamı, bir növ gerizəkalı sayırlar. Bu günlərdə bu cür səhv düşüncənin şahidi oldum. Demək, AzTV-də Qarabağla bağlı bir verilişə dəvət alan qızımı gözləmə otağında gözləyirdim. Mənimlə bərabər öz övladların gözləyənlər də əsasən ziyalılar  idi. Ordan-burdan söhbət əsnasında söz dildən, dilimizin korlanmasından, Bakı küçələrində reklam və müəssisə adlarının azərbaycanca olmamasından düşdü. Mən də yeri gəlmişkən, FADMM-in bu sahədəki fəaliyyətindən, gördüyü işlərdən danışdım. Həmsöhbətlərim də “dil təəssübkeşləri” olduqlarından, söhbətə həvəslə qoşuldular və bu məsələnin onları çox narahat etdiyini söylədilər, FADMM-ə qoşulaq işləmək istədiklərini söylədilər. Nə iş görüldüyünü soruşanlara ruhlanaraq mən də gördüyümüz işlərdən, Bakı küçələrində çəkilən şəkillərdən, yazılan yazılardan, etdiyimiz müraciətlərdən danışdım. Bu qədər görülən işdən təsirlənən və bizə qoşulmaq istəyən iki həmsöhbətimin ikisinin də  eyni anda verdiyi sual:

– Mən də sizinlə işləmək istəyirəm, maaşı nə qədərdir? – sualı oldu…

Düzü, bu sualdan bir az tutuldum və heç bir maaşının olmadığı, hətta yeri gələndə işin xatirinə sədrin və üzvlərin ciblərindən pul xərclədiyini söyləyəndə işləmək həvəsilə işıldayan o gözlərdəki işığın tamamilə sönüb yox olduğunun, bir növ A.Ələsgərin qəhrəmanının düşdüyü (“Sındı qol qabadım yanıma düşdü) vəziyyətin şahidi oldum. Mən yenə danışdıqca əvvəlki həvəs və şövqlə qulaq asmayan həmsöhbətlərimin ikinci sualı belə oldu:

– Heç olmasa gələcəkdə hansısa maaş alacağınız gözlənilirmi?.

Bu sualdan da müsbət cavab almayan həmsöhbətlərimin gözlərindəki ifadə tamamən dəyişdi və mənə sanki birtəhər, gerizəkalı kimi baxdıqlarına tuş gəldim və bəzi önəmli “ağıl vermələrini” dinləmək məcburiyyətində qaldım:

– Bu, düzgün deyil, vaxt sərf edirsiniz, ailəyə, uşağa ayıracağınız vaxtı havayı yerə niyə sərf edəsiniz ki? Ona sərf etdiyiniz vaxta başqa bir faydalı, mənfəətli iş görər, maddi durumunuzu artırmış olarsınız, – deyə biri bildirdi.

Digər həmkarım isə şübhəli  nəzərlərlə məni süzüb, əvvəlki sualı yenə təkrar etdi:

– Yəni gələcəkdə də bir maaş gözlənilmir bir belə işin qarşısında?!

– Yox, – deyə sərt cavab verdiyimdən pərt olan müsahibim lap Söylüfason (“Bəxt üzüyü”nün qəhrəmanı):

– Onda bəs niyə işləyirsiniz? – deyə soruşdu.

Artıq bu namünasib söhbətdən və namübarək sözlər eşitməkdən sıxılmış biri kimi mən də bir az böyük səslənsə, etdiyim müqayisə bir az böyük olsa da, özümü onda qoymayaraq:

– Məgər H.Zərdabi, C.Məmmədquluzadə, ümumiyyətlə, XX əsr ziyalıları xalq üçün, dilimuz üçün bir iş görəndə, hansısa bir maddi dəstək alırdılar və ya o haqda düşünürdülərmi?! Onlar olmasa, şam kimi ömürlərini əridib ətrafındakı qaranlıqlara işıq salmasa idilər, necə olardı?! Biz özümüzü o işıqlı insanların davamçıları hesab edirik və elə işlər var ki, onun dəyəri pulla ölçülmür, -deyə cavab verdim.

Belə…