- Köşə

Gülyaz ƏLİYEVA. “Bir nigari-ənbərinxətdir…”

Deyirlər, dünya dəyişir, yenilənir, biz dünyaya inteqrasiya edirik. Babamız-dədəmiz oxuyan mətnlər bizə lazım deyil. Məgər dünya dəyişəndə insanın arzu və istəkləri dəyişirmi? Min illərdir, günəş eyni yerdən çıxıb, eyni yerdən batır. İnsan xisləti necə varsa, eləcədir. Sevgisi də, nifrəti də, ambissiyaları da. İctimai formasiyalar, hakimiyyətlər dəyişir, amma zalım yenə də zalımdır, məzlum məzlumdur. Xeyirlə Şər “Avesta” dövründən indiyənə hələ də mübarizədədir. 20-ci əsr mütəfəkkirlərinin inandığı, dünyanı qurtaracaq olan Mədəniyyət də dünyanı qurtara bilmədi! Bu gün də elə vəhşiliklər törədən müharibələrin törənmə məkanı mədəniyyət beşiyi sayılan Avropadan qaynaqlanmırmı? Cavid əfəndi demiş: “Təməddünün sonu vəhşətmi, əcəba?” 

Hələ də bayatılarımızda təsvir edilən vətən həsrəti, yurd sevgisi insanı tərk etməyib. Nağıllarda təsvir edilən hadisələr, arzu və istəklər köhnəlməyib. Şifahi xalq ədəbiyyatı nümunələri hələ də uşaq qəlbinə təsir edə bilirsə, deməli, o, köhnəlməyib. Uşağın dünya ilə tanışlığı, ana məhəbbəti, təbiətlə təması, heyvanlara marağı, sevgisi dəyişirmi? Dünyanın hər yerində insan elə insandlr, sevgisi də, nifrəti də, marağı da, düşüncələri də eynidir. Dünya ədəbiyyatının ən gözəl nümunələri, ürəyə təsir edən əsərlər dünyanın hər yerində eyni dərəcədə maraqla oxunur. Əgər dünya rəqəmsal texnologiyaya sahib olubsa, bu o demək deyil ki, qəlb sənəti ədəbiyyat arxa plana keçməlidir. Bizə hissiz, ürəksiz, mərhəmətsiz, qəlbi olmayan robotlar yetişdirmək lazım deyil. Ədəbiyyat insanda gözəl hislər, insani duyğular, mərhəmət hissi formalaşdırır. Bəlkə də,  müasir dünyanın problemi elə bundan qaynaqlanır. Uşaqların həqiqi bədii ədəbiyyatla tanışlığı onların qəlbinə, ürəyinə təsir etməli, mərhəmət,  sevgi toxumu səpməli, insani keyfiyyətlər şəxsiyyətin formalaşmasında əsas rol oynamalıdlr.

Bu gün məktəbin əsas vəzifəsi şəxsiyyət yetişdirmıkdirsə, ədəbiyyat da məktəbdə  aparıcı fənlərdən olmalı, 2-ci plana keçirilməməlidir. Uşaqlara bədii zövq aşılayan nümunəvi əsərlər öyrədilməli, dərsliklərə hər yoldan ötənin yazısı, tanışlıq, qohumluq, yaltaqlıq əsasında salınmamalıdır. Klassik sənətkarlar sözdən məharətlə istifadə edib, onu zərgər dəqiqliyi ilə cilalayıb istifadə ediblər. Məgər hər əlinə qələm alan uşaq ədəbiyyatı yarada bilər? Klassik sənətkarların uşaqlar üçün yazdığı əsərlər dərin təcrübənin, müşahidənin, sözə, uşaq psixologiyasınına bılədliyin nəticəsi olaraq ərsəyə gəlib. Oynaq ritmi, tez yadda qalması ilə seçilib, nəsə öyrətməyə xidmət edib. Ədəb-ərkan, xalqın milli mentaliteti o əsərlərin canına hopub, şifahi xalq ədəbiyyatından, dünya uşaq ədəbiyyatı nümunələrindən qaynaqlanıb.

Klassiklərimiz tərcümə etdiklərini belə o qədır özününküləşdirib, spesifik qatqılar qatıblar ki, tərcümə deməyə belə adamın dili gəlmir. Bu əsərlərinin dərin, maraqlı, öyrədici, müşahidəyə əsaslanan tərbiyəvi əhəmiyyəti olub. Daha “it gəldi, örkən apardı”, “evli Qazın Göyərçin eşqi”, “Kənddən gələndə mənə motal pendiri gətir” məzmunlu yüngül, dayaz yazılar ortaya qoymayıblar. Uşağa nəyi təbliğ edib, nəyi öyrətsən, nəyi aşılasan, sənə onu qaytaracaq, o zövqü sərgiləyəcək. Əlbəttə ki, aşına nə töksən, qaşığına da o çıxasıdır. Əgər bugünkü uşaqlar bədii əsərlər oxumaqda zövqsüzlük nümayiş etdirirlərsə, burada birbaşa bizim də “əməyimiz” var. O, doğru deyildir ki, guya uşaqlar klassik ədəbiyyatı oxumur, onu sevmirlər.

Mən əvəz etdiyim siniflərdə  hərdən klassik ədəbiyyat nümunələrini əzbərdən deyirəm. Bundan sonra uşaqlarda klassik şeirə dərin bir marağın olduğunu sezirəm. Onlar əvvəlcə şerin müəllifinin kim olduğun soruşur və indiyədək klassik ədəbiyyat nümunələrinin bu qədər gözəl olduğunu bilmədiklərini söyləyirlər.  Onlar bundan sonra klassik ədəbiyyat oxuyacaqlarını deyirlər.
Əgər uşaqlara zövqlü bir şeir oxuyuruqsa, o uşaq hər zaman zövqlü olacaq. Primitiv, məzmunsuz, ideyaca naqis əsərləri oxumayacaq, dar düşünməyəcəklər. Dərsliklərdə uşaqların ruhunu oxşayan, onlara maraqlı gələn mövzular seçməli və onu yüksək səviyyədə çatdırmalıyıq. Bu, klassika da ola bilər, sadə bir realist şeir də… Əsas olan bədii sözdür, zövqdür. Doğrudan da, bədii söz könüllər alan gözəl bir nigardır ki, ona ilk baxışdan vurulur və uzun zaman yadından çıxara bilmirsən. Füzuli necə də gözəl deyib:
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz…
Gərək bu sözün qəvvası olasan ki, ləl kimi sözləri, süni, saxta sözlərdən ayıra, əsərlərdən seçib uşaqlara tanıda, bu yolda onlara bələdçilik edə biləsən.

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova