- Köşə

Gülyaz ƏLİYEVA. Hello, təbrikello

Bir dəfə bu misalı çəkmişəm, yenə yazıram. Sovet dövrü çəkilmiş bir film var idi. “Şərikli çörək”. (Onu da deyim ki, Sovet dövrü çəkilmiş filmlərə dövün tələbinə görə müəyyən ideoloji diktə var idisə də, o filmlər dilinin gözəlliyi aktyor oyunun təbiiliyi, milli xüsusiyyətlərimizi doğru-düzgün əks etdirmə baxımından bugünümüzə örnək filmlər idi). O filmdə ağsaçlı, ağsaqqallı, nurani sifətli bir qoca obrazı vardı. İlk baxışdan qoca adama çox xoş gəlirdi. Öz çörək “kartoçka”sını itirən filmin qəhrəmanı balaca oğlana bazarda rast gəlir və ona ümid verərək özü ilə birlikdə evə qayıdır. Yolda qoca balaca oğlanla sakit səslə, çox gözəl söhbətləşir, ona müdrik sözlər deyir, təsəlli verməyə çalışır. Bu söhbətdən sonra “kartoçka”sını itirmiş ac uşağın qəlbində bir ümid qığılcımı yaranır. Düşünür ki, “kartoka”sının itdiyini bilən bu mehriban baba, yəqin, evə çatanda ona da çörək və ya yeməyə nəsə verəcək. Bazarlıq etmiş qocanın zənbilinə kömək edib uşaqla evlərinə gələrkən baba uşağa: “Eybi yox, oğlum,- deyir, – bir yandan bağlayan bir yandan da açar. Sən fikir eləmə”…

Söhbətləşı-söhbətləşə, nəhayət, onlar evə çatırlar. Qoca zənbili uşaqdan alır, onu çardağa çıxarır və yetişmiş sapsarı, şipşirin ağ şanı üzümlərini yığdırır və sonda ona heç nə vermədən yola salır. Gedərkən uşağa deyir: ” Çox sağ ol. Mənə kömək etdin. Axşam bizə gələrsən. Nənə sənə nə bişirsin?”
Ac uşağın qəlbindəki ümid işığı tamamilə sönür və o udqunaraq kor-peşman boş əllə boş evlərinə qayıdır. Beynində isə bu sözlər səslənirdi: “Mən elə bilirdim, biz evə çatan kimi nahar edəcəyik”.
Uşaq axşam daha onlara getmir və evlərinə gəlib ac da yatır…

O vaxtdan indiyədək o nurani görkəmli qocanın danışığı ilə əməli arasındakı təzad məni yandırlr. Niyə axı o uşağın ac olduğunu və çörək “kartoçka”sını itirdiyini bilə-bilə qoca ona çörək vermir. Yaxşı, bildik, çörək qıt idi, heç olmasa, o üzümdən bir salxım verə, uşağı boş vədlərlə yola salmaya idi. Axı bu dünyagörmüş bir qoca idi…

Məqsədim kinonu sizə danışmaq və ya qocanı qınamaq deyil. Məni maraqlandıran kinodakı o cümlədir. O epizodda uşağın dediyi o cümlə: “Mən elə bilirdim ki, biz evə çatan kimi nahar edəcəyik”,- sanki beynimə həkk olunub. Gözlədiyim bir şey olmadıqda o yadıma düşür. Bütün ümidlərin qırıldığını özündə ehtiva edir o bir cümlə…

İndi onun sözü olmasın, mən əvvəllər elə bilirdim ki, biz müstəqillik qazanan kimi öz milli-mənəvi dəyərlərimizin hamısına sahib çıxacaq, onu inkişaf etdirəcək və yad ünsürlərdən qoruyacağıq. Bu milli-mənəvi dəyərlərimizdən ən birincisii isə bizim ana dilimizdir. Elə bilirdim ki, biz SSRİ-nin – Moskvanın təsiri ilə rus dilində danışır, uşaqlarımızı rus dilində oxuduruq. Öz əlimiz öz başımız olandan sonra bizi heç kəs buna məcbur edə bilməyəcək. Amma… amma gördüklərim mənim qəlbimdəki o ümid qığılcımını öz çörək “kartoçka”sını itirmiş uşaqdan daha betər söndürdü. Müstəqillikdən 30 ildən çox keçməsinə baxmayaraq, şəhərin harasına baxırsansa, bütün reklamlar və obyekt adları əcnəbi dildədir. Mənim doğma ana dilimə onların arasında yer yoxdur. Bakıya yenicə gələn bir turist və ya qonaq üçün şəhərin Azərbaycanın paytaxtı olduğunu göstərən heç bir əlamətə rast gəlmirsən. Sovet dövründə Bakıda “Amfibya adam” filmini çəkərkən şəhər İtaliya şəhərinə oxşasın deyə küçələrə film bitənədək xarici dildə reklamlar yapışdırmışdılar. İndi isə buna heç bir ehtiyac yoxdur. İstənilən xarici filmi burada, reklam və obyekt adlarını xarici dildə yazdırmaq üçün bir qəpik belə xərcləmədən rahatlıqla çəkmək olar. Hər yanda yazıların 90%-i əcnəbicədir. Şəhərin küçələrini gəzdikcə, azərbaycanca lövhəyə, ada rast gəlmirsən. Tək-tük olanı da bərbad gündə, bayağı sözlər və kustar üsulla, orfoqrafik cəhətdən səhv-sühv yazılmış: “Avtoş dönər”, “Bomba dönər”, “Peçat dönər”, “Puşkin dönər”, “Bər-bərxana”, “Kasıb usda”, “Ucuz eynəklər”, “Endirim”, “Troya çayxana”, “Bu gün pullu, sabah pulsuz” tipli yazılar.

Hələ bu azmış kimi, bu günlərdə Bakının bu gözəl dil mənzərəsində daha bir yenilik kəşf etdim. Gözünüz aydın. Artıq dilim başqa dillərə inteqrasiya edir, calaq edilərək hibrid sözlər əmələ gəlir. Bu isə çox gözəldir.. Dilimiz dayanmadan inkişafdadır. Bəs nə? Axı müstəqillik dövründə biz artıq heç kəsdən və heç nədən asılı deyilik, öz milli-mənəvi dəyərlərimizə sahib çıxırıq. Şəhərin bir çox yerlərində gözümüzü yağır edən “Dönəretto”muz, “Qazello”muz var idi, indi də ona yaraşan “Çərəzella”mız var. Bəs nə! Ana dilimizin qeydinə qalır, onu yeni yaranmış sözlərimizlə zənginləşdirir, inkişaf etdiririk. “Çərəzella”, yəqin, çərəzlər deməkdir. Bundan riqqətə gəlirəm, çox sevinirəm. Görəsən, Bakının küçələrindəki bu reklamlara cavabdeh şəxslər də bunu görür və mənim qədər sevinirlərmi? Onlara üz tutub: ” Təbrikello”, – deyirəm. ” Mübarəkello. “Çərəzello”dakı o çərəzellalardan rahatlıqla yeyello edin, nuşello olsun! Bütün bunlar vecinəzello da olmasın!”