Mənə elə bir ordu göstərin ki, 30 illik yolu 44 günə getmiş olsun.
Mənə bir ordu göstərin ki, əsgəri vəhşiliklə qovulmuş anasının qucağında çıxdığı torpağı görməsə də, o torpağa məhəbbəti dağlardan uca, dəryalardan dərin olsun, əsgərini anası səsi çıxmasın deyə, mənfur erməni eşitməsin deyə boğsa da, ölməyən, Allahdan güc-qüvvət alan, ümidlə yaşayan, çıxarkən o torpağın hər daşını, qayasını, dönğəsini, aşırımını, yolunu-yolağasını gözlərinə yığıb, 30 ildən sonra, müqəddəs Kəbəsi – Şuşa dağlarına səhərdən əvvəl, qartallardan öncə, düşmənini heyrətə salaraq, şaşırdaraq, ürəklə, inamla, igidcəsinə çıxmış olsun. Topsuz, tüfəngsiz… kinini mərmiyə, qəzəbini pulemyota, nifrətini topa çevirmiş olsun. Dilində “Allah” kəlməsi, qəlbində müqəddəs Vətən eşqi ona güc-qüvvət, dizlərinə təpər vermiş olsun!
Mənə bir ordu göstərin ki, əsgəri babasının kürəyində qundaqda çıxdığı torpağa gözübağlı olsa da, tanıyaraq, zəfər bayrağı ilə, tankla qayıtmış olsun.
Mənə bir general göstərin, elə bir general ki, əsgərlərini övladından artıq sevmiş olsun, övladlarını tək qoysun, əsgərlərini yox!Çətin anda səngərdə əsgəri ilə bir yatsın, torpağını anası bilsin, anasına:” əsgərlər də balamdır, onları qoyub necə gəlim ?!”- demiş olsun, torpağın qoynuna gül baxçasına, anasının qucağına girərcəsinə girərək şəhid olsun, şəhidliyi ilə xalqı birləşdirsin, düşmənə nifrəti mərmiyə, tanka , topa, PUA-ya döndərsin!
Mənə bir əsgər göstərin, elə bir əsgər ki, babasının kürəyində çıxdığı torpağı, qayıdaraq ələnmiş, sovrulmuş, yerlə yeksan edilmiş, qəbirləri belə çıxarılıb aparılmış görsə də, sarsılmasın, əzmi qırılmasın, bir xarıbülbül eşqinə hər şeyini, əzizlərini, sağlamlığını, həyatını qurban verməyə hazır olmuş olsun. Ən çatın anda, son nəfəsində belə insanlığını itirməmiş, bir əlində silah, bir əlində yaralı yoldaşı dik qamətlə düşmən üzərinə getmiş olsun! Mənə bir ana göstərin ki, şəhid balasının tabutunu dimdik ayaqda, başı üzərinə qaldırmış olsun!
Mənə bir xalq döstərin ki, 30 il çəkdiyi zülmlərə, məhrumiyyətlərə rəğmən, inam və ümidini bir an da itirməmiş olsun, 44 gün ərzində monolit bir yumruğa dönüb düşmənin başına enmiş olsun! Əyilməsin, sınmasın, düşmənin gözünə ox olub batsın, yumruğunun gücü ilə düşmənin bütün havadarlarının gözünü qırmış olsun!
Mənə bir qardaş göstərin, daim qardaşının yanında olsun, dostu dostu, düşməni düşməni olsun, güləndə gülsün , ağlayanda ağlasın, tarixi, dili, mədəniyyəti, milləti bir, dövləti ayrı olmuş olsun…
Mənə bir ordu göstərin, əsgərləri bir gecəyə Şuşa dağlarının quşqonmaz qayalarına dırnaqları ilə qazıyaraq çıxmış olsun!
Mənə bir ordu göstərin, oğulları 20 Yanvarda quyruğunu qırdığı sarı ilanın başını Şuşada dabanı altıında əzmiş olsun! Atasının yalın əllə Bakıda lüləsini əydiyi tankları oğlu Qarabağdan qənimət kimi yenidən Bakıya gətirmiş olsun!
Mənə ordu göstərin dağ cüssəli, qartal baxışlı, ürəyi vətən eşqli əsgərləri sərhəddində sıra dağlar kimı çiyin-çiyinə dayanmış olsun.
Mənə bir ordu göstərin ki, əsgərləri Vətən dağlarında dastan yazmış, özləri də dastana dönmüş olsun… Mənə elə bir ordu göstərin, Ali Baş Komandanın əmri ilə bir dəmir yumruğa dönmüş olsun!
Mənim elə bir ordum var! Elə bir ordum varsa, demək, yurdum da var!