- Köşə

Gülyaz ƏLİYEVA. Ömür

Hər şey nə tez keçirmiş, zaman nə tez axıb gedirmiş qum saatından axıb gedən narın qum dənələri kimi!…

Sən demə, dünən sandığın o günlərdən yarım əsrədək vaxt keçibmiş. Sanki dünən idi, qısa, aydın yay gecələrində göydə sayrışan ulduzları seyr etməyin, ay işığında oturub uzaq xəyallara dalaraq cırcıramaların səsini dinləyə-dinləyə gələcək üçün xəyallar qurmaların… bütün arzular, ümidlər, rəngbərəng gözəlliyi ilə səni heyran edib bir anda partlayan sabun köpüyü imiş. Gerçəkləşmirmiş, unudulurmuş sonda… Günün qayğılarına qarışıb uçub gedirmiş. Hərəsini bir şeyə, adi məişət qayğılarına qurban verirmişsənmiş. Uçub gedən gözəl bir kəpənəyin qanadlarının tozu kimi tozu qalırmış nəhayətdə əllərində, xatirələrində…

Hər sey nə tez keçib gedirmiş?! Başın necə də iş-gücə qarışır, qaragözlü, qaynar gəncliyin nə zaman axıb getdiyindən xəbərin olmurmuş. Əllərindən hiss olunmadan axıb gedən su kimi… illər də eləcə axıb gedirmiş üzündə-gözlərinin kənarlarında iz buraxaraq. Bir də nə vaxtsa ayılıb güzgüyə baxanda oradan sənə baxan yad adamı ancaq gözlərindən tanıyırmışsanmış… Odlu, atəşli, “bir cüt ulduz kimi baş-başa verib” parlayan aydın işıqlı, gözlərdən…

Hər şey nə tez gəlib keçirmiş! Elə bil dünən idi, şehli otların üstü ilə ayaqyalın, saçları kürəyinə dağılaraq bağçada dovşanlarla, ala köpəklə, məstan pişiklə oynayan, ağacların ən yüksək budaqlarında yarpaqlar altında gizlənib qalmış meyvələri tapıb dərmənin qucaq dolusu sevincini yaşayan, səsi gəldikcə ucadan oxuyan o  balaca qızcığazın şıltaqlıq etdiyi qəhqəhəli günləri…

Hər şey nə tez keçib gedirmiş… o rəngarəng günlərin üstünə qəflətən  qapqara dumanın çökməsi, o al-əlvan dünyanı birdən-birə qapqara boya ilə boyaması… Hər şeyin alt-üst olması… Göydən ulduzların, ayın yoxa çıxması, bağçalardan kəpənəklərin, ağaclardan meyvələrin, üzlərdən gülüşlərin qeyb olub getməsi… Ağ damların uçaraq qara-qara çadırlara dönməsi, yox olması. Uşaqığını, gəncliyini, ürəkdolusu sevincini, səadətini bir gecədə qəflətən padşahın sehrli qızıl almalarını oğurlayıb aparan, nəhəng, qara divin oğurlayıb aparması kimi…

…Və bir gün bu dünyaya yenudən günəşin doğması, ürəklərdə illərlə atılıb qalmış ümid toxumlarının cücərib boy verməsi. Arzuların ürəkdə yenidən şitil tutması. Bir gün çiçəkləyəcəyinə inamın olması…

Hər şey nə tez keçirmiş, zaman nə tez axıb gedirmiş qum saatından axıb gedən narın qum dənələri kimi!… Demək, ömür imiş bu axıb gedən… Hər gün fərqinə varmadan qovaladığımız. Ömür… nə tez keçib gedirmiş, haylı-küylü sürət qatarı kimi. Keçib-getdikdən sonra da yerində bir səssizlik, bir mənsizlik qalırmış…

 

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova