- Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Qərib, sənin xəbərin yox…


Dünyanın bütün millətləri, haqlı olaraq, taledən bəxtlərinə düşən milli dəyərlərlə, həm də min illər boyu qazanmış olduqları milli dəyərlərlə fəxr edirlər. Hər millətin vətənində olan bütün yeraltı və yerüstü sərvətlər taleyin onlara bəxş etdiyi milli dəyərləri təşkil edir. O maddi sərvətlər, bəzən, millətin taleyində müəyyən bir dövr üçün həlledici rol oynasa da, gec-tez tükənir. Amma milli-mənəvi dəyərlər tükənməz xəzinədir. Hər bir xalqın incəsənətinin müxtəlif sahələrinin – folklorun, təsviri incəsənətin, poeziyanın, nəsrin, heykəltəraşlığın, kinonun və s. yaratdığı əsərlər onun mənəvi-milli dəyərlərinin əsasını təşkil edir. Mənəvi-milli dəyərlərin millətin mənəviyyatının formalaşmasında, zənginləşməsində böyük rolu var.

Odur ki, bu dəyərlər də Vətən qədər müqəddəsdir, bölünməzdir, toxunulmazdır. Onlara da toxunmaq millətin heysiyyətinə toxunmaq kimidir. Bilmirəm, kim deyib, ancaq çox bəyəndiyim fikirdir. Vətən təkcə doğulub boya-başa çatdığımız yer deyil. Harda Üzeyir musiqisi səslənir, ana dili danışılır, Füzuli oxunursa, demək, ora da vətəndir. Mənim üçün Ü.Hacıbəylinin “Leyli-Məcnun”, “Koroğlu” operaları, “Arşın mal alan” kinofilmi, M. Füzuli, S.Vurğunun “Azərbaycan” şeiri, M.Şəhriyarın “Heydərbabaya salam” poeması,  M. Maqomayevin “Ey əziz anam Azərbaycan” ifası, “Qarabağ şikəstəsi”, Tacir Şahmalıoğlunun uşaq ikən oxuduğu “Vətən”, muğamlarımız  da milli-mənəvi dəyər, milli-mənəvi sərvətdir, Vətən qədər əzizdir, onlar səslənən yer də Vətəndir. Bu sərvətin içərisində ən üst qatda isə, sözsüz ki, qiyməti ölçüyə sığmayan “Kitabi-Dədə Qorqud” dastanı dayanır. Heç bir sərvətimiz olmasa belə, tək bu dastan bizi dünya xalqları içərisində tanıtmağa və layiq olduğumuz yerdə qərar tutmağımıza kifayət edəcək bir sərvət, bədii ədəbiyyatımızın böyüklüyünü təmsil edəcək bir mənəvi-milli dəyərdir. “Kitabi-Dədə Qorqud” bütün azərbaycanlılar  üçün müqəddəs kitabdır. Bizim milli kimliyimiz, milli pasportumuzdur. Elə dəyərlər var ki, onlara toxunmaq, başqa gözlə baxmaq , onlara “sataşmaq”, təhrif etmək olmaz. Amma əgər sən öz milli-mənəvi sərvətinə yetərincə qiymət verib, onu əziz tutmursansa, ona sahib çıxmırsansa, dəyərləndirib onunla bağlı hər hansı bir iş görmürsənsə, yetərincə təbliğ etmirsənsə, kimlərsə ona toxuna, mənimsəyə, onu küçümsəyə, qiymətdən sala  bilər.

Doğrudur, tarixən birgə yaşayan türk xalqlarının mənəvi-milli  dəyərləri müəyyən bir dövr ərzində ortaq olub. Bu ortaq dəyərlərin cərgəsində “Kitabi-Dədə Qorqud” dastanının da adını çəkə bilərik.

Lakin mən onu daha çox məhz Azərbaycanın bir nömrəli milli dəyəri hesab edirəm ki, buna müəyyən mənada əsaslarım da var. “Kitabı -Dədə Qorqud” ən çox bizə məxsusdur, Azərbaycan türklərinin sərvətidir. Təkcə ona görə yox ki, dastanda sözügedən məkan da, toponimlər də, coğrafi ərazi də məhz Azərbaycana aiddir. Həm də ona görə ki, Dədə Qorquda, əsərin qəhrəmanlarına şüuraltı bir hörmət var, bir ehtiram var hər bir azərbaycanlıda. Amma buna baxmayaraq, çox təəssüf ki, milli mənəvi dəyərimizə lazımınca qiymət vermir, onu yetərincə təbliğ etmirik. Doğrudur, Sovet dövründə, 1975-ci ildə Anarın ssenarisi və rejissorluğu ilə 2 seriyalı bir bədii film çəkilib. Bundan sonra yalnız üç cizgi filmi çəkməklə kifayətlənilib, əsəri tam əhatə edən bir samballı iş isə hələ də ortaya qoyulmayıb. Halbuki bu boyda nəhəng bir salnaməmizlə bağlı çoxseriyalı serial,  kino çəkmək, onu dünyaya çıxarmaq müstəqillik dövründə kinomuzun əsas qayələrindən biri olmalı idi.  Özümüzü bu kino vasitəsilə dünyaya tanıda bilərdik… “Kitabi-Dədə Qorqud” boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyan, çətin zamanlarda xalqın köməyinə gələn, müdrik məsləhətləri ilə onlara yol göstərər müqəddəs bir şəxsiyyət kimi təqdim olunur. Dədə Qorqud adı, eyni zamanda, qopuzla, sözlə əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. “Kitabi-Dədə Qorqud” yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatlarla da zəngindir ki, kinoda bu cəhətləri qabartmaqla, özümüzü həm özümüzə, həm dünyaya tanıda bilərik. Dastan vasitəsilə bizim ərazimiz, kimliyimiz, qonşularımızın kimliyini göstərmək, bu gün dünyanı heyrətə salan vətənpərvərliyimizin əsildən, kökdən, gendən gəldiyini sübut etmək olar. “Kitabi-Dədə Qorqud” qadına yüksək münasibəti, gənc nəslin təlim-tərbiyəsinə oğuzların xüsusi diqqəti ilə də seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından da “Kitabi-Dədə Qorqud”un tayı-bərabəri yoxdur. Buradaki cəmiyyətin insanları yüksək milli və əxlaqi dəyərlərə sahib insanlardır. Başqasının torpağına göz dikmir, öz vətənini canından artıq sevir, igidlik, ərənlik, mərdlik, doğruluq, onlar üçün ən yüksək əxlaqi dəyərlərdir. Ağsaqqala hörmət, saza-sözə dəyər, ata-anaya qiymət, uşaqların, qızların  təlim-tərbiyəsinə xüsusi diqqət, sevgidə sədaqət bu cəmiyyətin yüksək əxlaqi dəyərlərindən xəbər verir ki, min il bundan əvvəl də, bu gün də ayrı-ayrı millətlərin yaratdığı mənəvi milli dəyərlərin xarakteri və mahiyyəti demək olar ki, eynidir. Çünki hər bir millət yüksək ali dəyərləri qiymətləndirir və yüksək insani keyfiyyətləri özündə əks etdirən əsərlər yaratmağa çalışır. Bəs bu gün bu cür dəyərlərə malik dastan milli kino sənətimizdə öz əksini layiqincə tapıbmı?!…

Bizdən fərqli olaraq son zamanlar Türkiyədə  “Kitabi-Dədə Qorqud” mövzusuna daha çox yer verilib, onunla bağlı kino və  cizgi filmləri çəkilib. “Dədə Qorqud Hekayeleri” (cizgi film), “Dədə Qorqud Hekayələri” (film), “Bamsı Beyrək, “Dəli Domrul”, “Salur Qazan tutsak düşər”, “Uruz tutsak düşüncə” filmləri.

Amma kaş heç çəkməyə idilər. “Dədə Qorqud” la bağlı cizgi filmləri bəyənsəm də, bu günlərdə telekanallardan birində  -Tv 8-də türk istehsalı olan “Bamsı Beyrək” məzhəkəli filminə baxdım və heç bəyənmədim, dastana münasibət məni çox ağrıtdı. Bəlkə də, bu sözlərimə görə kimsə məni qınayacaq. Amma heç bu mövzu ilə əlaqədar olaraq da məzhəkəli film çəkmək, Dədə Qorquda, Bamsı Beyrəyə bu qədər gülünc, ironik yanaşmaq olarmı? Əsərin ən təsirli boylarından biri olan “Bamsı Beyrək boyu”nda hadisələrə gülünc don geydirib  komediya çəkməyi heç də təqdirəlayiq saymadım. Komediya üçün Türkiyədə yetərincə mövzu var. Məncə, “Bamsı Beyrək” məzhəkə filmini çəkməyə, dastanı təhrif etməyə gərək yox idi.

Boyda əsas süjet xəttini qismən saxlasalar da, hadisələrə komik don geydirilməsi gülüş yox, təəssüf doğurur. Hələ Dədə Qorqudu deyingən, qorxaq qoca kimi təqdim etmək!…

O filmə baxanda mən gülmək əvəzinə əsəbiləşdim və bu yazını yazmağa məcbur oldum. Ümumiyyətlə, kinonu çəkən bu filmdə dəyərləri sifira endirib.

“Kitabi-Dədə Qorqud” sanıram ki, bizim müqəddəs kitabımızdır, ona bu cür yanaşmaq düzgün deyil, məncə.

Rejissorun Dədə Qorquda münasibəti burada ironikdir, dastana başdangetdi münasibət var.

Dastan haqda informasiyada yazılır: “Bəylər  Bürenin oğlu olması üçün dua edər. Bayandır Xan da bir qız çocuk istədiyini söylər. Bunun üzərinə Bəylər onun da qızı olması üçün dua edərlər. Çox mutlu olan Bayandır Xan, əgər duaları kabul olur da bir qız övladı olursa, onu Bürenin oğluna verəcəyini söylər”.

Xanlar xanı Bayındır xanla Baybecanı səhv salıblar.

Doğrudur, ssenari fərqli ola bilər. Anar da kinoda buğanı Buğacın yox, Qazan xanın əlilə öldürür, – deyə bilərsiniz. Ancaq Anarın çəkdiyi filmdə dastanın ruhu saxlanılıb.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Dastanın əsas ruhu, canı isə vətənpərvərlik, yurdsevərlik, oğuzların zəngin əxlaqi görüşləri,  qəhrəmanlıqdlr. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunub. “Kitabi-Dədə Qorqud” Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir. Bu ruhu özündə saxlayan bir serial çəkilməsini çox istərdim.

Son zamanlar Azərbaycan telekanallarında yağışdan sonrakı göbələk kimi artan, bir-birini təkrarlayan, özündə əxlaqsızlığı, yalanı, dələduzluğu əks etdirən, sanki təbliğ edən ucuz seriallardansa, gənclərə vətənpərvərliyi, torpaq, yurd sevgisi aşılayan, milli -əxlaqi dəyərlərimizi təbliğ edən, milli kimliyimizi əks etdirən “Dədə Qorqud ” serialı çəkməyin vaxtı deyilmi?

Məncə, çoxdan vaxtıdır.

Məni bu yazını yazmağa vadar edən Türkiyə istehsalı olan məzhəkəli “Bamsı Beyrək” filminə baxdıqdan sonra çox mütəəsir oldum və 16 ildən sonra dustaqlıqdan qayıdıb nişanlısının toyunda qopuz çalıb, dəli ozanlıq etməyə məcbur olan Beyrəyə acıdım və ürəyimdən: “Gör səni nə hala salıblar, qərib, sənin xəbərin yox!- demək keçdi…