- Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Qazanılmış ad

Belə bir söz var, azadlıq verilmir, alınır, qazanılır. Bu arada, “qazanmaq” dedim, “Qazanılmış manat” nağılı yadıma düşdü. Saqqalı ağ deyil, özü ağsaqqallıq məqamına çatmış bir kişi ölümündən sonrakı adını, şərəfini düşünərək, övladının müftəxor, ata hesabına, asan yolla, zəhmətsiz dolanmasının qayğısını çəkdiyindən çox narahat olur. Oğlunu düz yola gətirmək, zəhmətə alışdırmaq, öləndən sonra özünə rəhmət oxutmaq üçün yollar fikirləşir və tapır. Oğluna 1 manat qazanıb gətirməsə, varislikdən məhrum edəcəyini söyləyir. Tənbəl, harınlamış oğul ataya yalan satmaq istəyir.

Oğluna “can yandırmaq istəyən” anası ilə birləşib bu ağsaqqal atanı aldatmaq – pulu guya onun qazandığını bildirmək istəyir. Müdrik kişi bunu sınamaq üçün 1 manatı yanan odun içinə atırsa da, oğlunun halına təfavüt etmədiyini görüb, haldan anlayır. Pulu onun özünün qazanmadığını deyir. Bu hal bir neçə dəfə təkrar olduqdan sonra, oğlan və ana kor-peşman həqiqətə üz tutmalı olurlar. Oğlan həqiqətən pul qazanmasa ağzından çıxardığı sözün həmişə arxasında durduğunu gördüyü atasının sözünü yerinə yetirməyə, pulu məhz özü qazanmağa məcbur olur.

Qazandığı qəpik-quruşu oda atan atasına qeyzlənərək, əllərini oda salır və qəpikləri oradan götürür: – Sən nə edirsən, ata, – deyir, mən o pulu qazananacan bilirsən, nə qədər əziyyət çəkib, nə qədər tər azıtmışam? Hə, müdrik xalqım, sənin ağsaqqal adlandırdıqların belə idi. Ölümündən sonrakı adını da düşünürdü. Sənin qoyduğun yazılmamış qanunlar hara, indikilər hara? Haradan hara gəldik. Ağsaqqallar şurasının üzvünün törətdiyini xalqdan “ağsaqqal” adını qazananlardan hansı edə bilərdi?

Xalqın “ağsaqqal” adı verdiyi adamların saqqalı ağ olmur, onlar müdrikliyi həqiqi əxlaqi dəyərlıri ilə seçilərək, qanlıq işi sözlə, tədbirlə yatıraraq alırdılar. Əməlləri ilə uzun müddət xalqın yaddaşında qalırdılar. Vallah, baxıram, deməyə söz tapmıram… Mövzunun çox da içərilərinə gedə bilmirəm, getmək istəmirəm.

Hardasan, ay Dədə Qorqud? Hanı öydüyüm ağsaqqallar, Qan yatırar, ev qurardılar. Bəzən sözlə bəzən də lap Tərs sillə ilə vurardılar, Elinə gəc baxanları, namussuzu, ev yıxanları. Xalqın cibinə girib Onu asta-asta soyanları. Ağsaqqallar əl verməzdi eləsinə. El qınağı töhmət idi . O ləkəni heç bir çayın suyu belə yuyammazdı, O ləkəni Silənməzdi. Gərək əməl ilə söz, Dillə ürək bir ola ki, Ağsaqqal olasan sən də. Yoxsa ağ tük, ağ rəngli saç, Lap ağappaq olsa belə, ağsaqqal deyilsən sən. Heyf sənə doğma kəlməm doğma sözüm… Ağsaqqaldan qorxdu gözüm. Heyf sənə …