- Köşə, Xəbərlər

Gülyaz ƏLİYEVA. Qırıq qəlbin nağılı

 

Gül balaları unutmadıq. Böyüklər də oxuya bilər

Çox vaxt bəzilərini əlimizdən, bəzilərini də gözümüzdən salıb  qırırıq. Bir əşyanımı, ya bir qəlbimi. Bax o an, bəzən heç önəmsəmədiyimiz bir şeyin əsl dəyəri məhz o an üzə çıxır, o qırdığımıza münasibətdə. Qırdığımızın qırılan anda aldığı dəyər bəzən sağlam olan vaxtında aldığı dəyərdən daha qiymətli olur.

qiz nagil

Çinlilərin qədim bir adətləri var. Onlar qırılan bir əşyanı əsla atmaz, ona dəyər verər, qırıntıları toplar,  qırılan yeri təmir edib, yapışdırarlar. Ən əziz yerdə saxlarlar. Qırılan şey onlar üçün çox dəyırlidirsə, qırılan yeri təmir etmək üçün qızıldan istifadə edərlər. Təmir edə bilmədikdə qırıntıları atmaz, əridilən qızılın içərisinə tökər, cəvahirata çevirərlər, bəzək əşyası edərlər, əvvəlkindən də dəyərli olar…

Bəzən biriləri boş yerə qırılar, bəzənsə qırılması vacibdir, çünki bəzən bəzi qırılanların həyatımızda heç vaxt həqiqi yeri olmadığını anlayırsan. Bəzənsə qırdığımızın qiymətini əvvəlkindən daha artıq bilirik, sanki onu – onun dəyərini, qiymətini, həyatımızdakı yerini məhz qırıldıqdan sonra daha dərindən duymuş, anlamış, kəşf etmiş oluruq. Qırılanın hər parçasın ehtiyatla, sevgi və şəfqətlə, sonsuz peşmanlıq və təəssüflə bir yerə toplamağa, onu təmir etməyə  çalışırıqsa, bu, onun yaşadığınə, dəyərli olduğunu göstərir. Zamanın əli dəyib qırılan parçaları birləşdirmək üçün qızıldan qiymətli vaxtımızı sərf edir, ürəyimizi qoyuruq. Həqiqətən, sevgi ilə təmir edib geri qaytardığımızın qiyməti sağlamlardan – qırılmamışlardan daha dəyərli olur və cəvahirata dönüşür bizim gözümüzdə, çinlilərdə olduğu kimi.

Bir şeyin qırılması bəzən önəmsəmədiyimiz bir gerçəyi görməyimizə vasitə olur. Qırılan qırılır və bir daha qırılmamaq üçün təkrar birləşdirilir, əvvəlki dəyərinin üzərinə dəyər qoymuş olur, daha bahalı olur. Maddi bir şey isə ona qızıl qatılıb birləşdirilir, mənəvidirsə, həqiqi sevgi ilə təmir edilir və dəyəri artır. Qırılan şeyin dəyərin əvvəlkindən daha yaxşı bilirik, hər baxdığımızda dəyərini xatırladır adama, qırılana qədər önəmsəmədiyin dəyəri…

Hamıya məlumdur ki, ət qırılmaz, doğranar, kəsilər, tikələnər, döyülər, əzilər, qırılmaq, sınmaq, parçalanmaq şüşəyə məxsus əlamətlərdir. Hamının ürəyi ətdən olsa da, bəs nədən dilimizdə ətə uyğun gəlməyən “qəlbim sındı, ürəyim qırıldı, parça-parça oldu” ifadələri işlənir? Deyilənə görə, bu ifadə o zamanlardan – qəlblərin ətdən, daşdan deyil, zərif şüşədən olan zamanlardan qalıb və indiyədək yaşayaraq dilimizdə işlənməkdədir…

Çox-çox uzaq zamanlarda göylə yer arasındakı məsafə hələ bu qədər uzaq olmadığı, dağların başı buludlar arasında olanda, buz bulaqların şəffaf, tərtəmiz olduğu, çayların şırıl-şırıl şırıldayıb axdığı, günəşin şəfəqlərinin çayın suyunda par-par parıldadığı, quşların pırıl-pırıl uçduğu, küləklərın vıy-vıy vıyıldayıb əsdıyı vaxtlarda o dağlar arasındakı yaşıl ormanların ortasında bir koma varmış. Ətrafı gül-çiçək qoxulu, səması masmavi, quş civiltili, meyvə-giləmeyvə ətirli bu komada təbiətin özü kumi təbii, saf və təmiz, kiçicik bir qız yaşayırmış. Qız çox gözəl olduğu qədər də xeyirxah və yumşaq qəlbə malik imiş. Onun qapqara gözləri rəngini torpaqdan, al yanaqları lalədən, dişləri ağlığını və düzülüşünü  incidən, ağzı balacalığını püstədən pay alıbmış. Qızın fındıq boyda burnu, xurmayı saçları, ceyran gözlərinə oxşar, iri, qapqara gözləri varmış. Hər yerə, hər şeyə o gülən gözləri ilə, xeyirxah nəzərlərlə baxar, ona görə də baxdığı yerdə güllər açarmış, qədəm basdığı yerlərdə onun gəlişindən qaranlıqlar yoxa çıxar, hər tərəf nura qərq olarmış. O, qarşısına çıxanlara sevinc bəxş edər, yaxşılıqlar edərmiş. Bu dünyada pislik adlı şər qüvvələr hələ yoxmuş o zamanlar, bəlkə də varmış, amma qız onun varlığından xəbərsizmiş. Qızın çox böyük və yumşaq, zərif şüşədən bir qəlbi varmış. Dedim ha, çox qədim zamanlarmış, o qədər qədim zamanlar imiş ki, o zaman insanlar bir-birindən qəlblərini gizlətməzmiş, yalan nədir bilməzmişlər. O əyyamlar insanın qəlbi də, dili də, sifəti də safmış, şəffafmış, birmiş və çox gözəlmiş. Ona görə də insanların qəlbi sinəsinin altında, görünməz yerdə deyil, üzdə, görünən yerdə imiş. Üz cizgiləri kimi hər kəsin də qəlbinin gözəlliyin görmək olurmuş o zamanlar. Xeyirxah, yumşaq qəlblilərin şəffaf, tərtəmiz saf və gözəl şüşədən parlaq qəlbləri varmış. O zamanlar o diyarda heç pis qəlbli, qara və daş qəlbli insanlar olmazmış. Bu kiçicik qız da öz təmiz qəlbi ilə qarşısına çıxanlara otlara, quşlara, böcəklərə , göbələklərə, dovşanlara, Simurq quşlarına kömək edərmiş. Səhər günəş şəfəqlərini ətrafa səpələyəndə o da bu dağlarda, ormanlarda günəşin gur şəfəqlərinin bərq vurduğu çayın sahilində saçlarını küləklər çiyinlərinə dağıda-dağıda  çəmənliklərdə, dağların ətəklərində şən-şən gəzərmiş. Təmiz qəlbli olduğundan dənizlərin üstündən də adlayaraq keçə bilərmiş. Keçdiyi yerlərdən: dağların zirvəsindən, zümrüd meşələrdən, geniş çəmənlərdən gül-çiçək dərər, meşəçiyələyi, sarı, qırmızı moruq, göbələk, xeyirli bitkilər yığarmış. Faydalı bitkilərdən xeyirli məlhəmlər hazırlayarmış. Darda olan dovşanlara, dələlərə, sərçələrə, kirpilərə kömək edər, acları yemləyər, yaralananların yarasını sarıyar, sağaldarmış.  Beləcə ömür sürərmiş…

Bir gün həmin ormana haradansa pis qəlbli adamlar gəlmiş və orada hər şeyə zərər vurmuş, hər yeri dağıtmışlar. Bu pis qəlbli, burnu əyri, eybəcər adamlar qızın komasını da yandırmış, xarabalığa çevirmişlər. Ormanda dəhşətli bir yanğın baş vermiş, hər yer yanıb-külə dönmüş, məhv olubmuş. Balaca dovşanlar, dələlər, kəpənəklır, kirpilər, gözəl güllər-çiçəklər, çiyələklər – hamısı qızın gözləri qarşısında yanıbmış. Bunları görən qız çox qorxubmuş. Yanğından qaçaraq sıldırım qayalar arasında bir uçurumun kənarında qısılıb-qalıbmış. Bu vaxt qıza bir zamanlar yaxşılıq edib qırılmış qanadını sarıyıb-sağaltdığı Simurq quşu yardım etmiş, onu yanğının ağzından alaraq qanadları üstündə o diyardan götürərək bizim əyyamlara gətirib çıxarıbmış. Simurq quşu balaca qızı bir şəhərdə yerə buraxaraq özü yenə uçaraq geriyə – qədim  zamanlara  qayıdıbmış.

Balaca qız gəlib bizim zamanlarda yabançı, yad bir şəhərə düşübmüş. Bu şəhərdə çox şey onun bildiyi kimi deyilmiş. Heç adamların da qəlbi üzdə deyil, gizlində imiş. Odur ki, buna öyrəşməmiş qız kimin yaxşı, kimin pis qəlbli olduğunu bilməzmiş. O hamıya inandığı halda ona  qəribə məxluq kimi baxar, dediyi sözlərinə inanmaz, ondan gen gəzərmişlər. Bu da balaca qızın qəlbini sıxarmış. Qız adamların ona qəribə nəzərlərlə baxmasının səbəbini bilmədiyindən əzab çəkərmiş. Hər gecə yuxusu ərşə çəkilsə də, beynində dolaşan sualların cavabını tapa bilməzmiş. Onu görəndə uşaqlar qaçar, heç kəs ona yaxın gəlməzmiş.

Bir dəfə meydançada top oynayan uşaqların topu gəlib qızın yanına düşür. Təbiətən xeyirxah qız topu götürüb uşaqlara aparır. Onu görən uşaqlar, qızın qeyri-adi qəlbinə heyrətlə baxaraq onu ələ salaraq gülürlər: “Sən niyə o şüşə oyuncağı boynundan asıbsan”, – deyirlər.

Qız: ” Bu, oyuncaq deyil, mənim qəlbimdir, – deyir. Uşaqlardan biri:

– Yalançı! Bir buna baxın, yalançıya baxın, bizi aldadır , – demiş.

Bu sözlərə uşaqların hamışı gülüşmüş. Acı sözlər  qızın qəlbinə necə toxunubmuşsa, bundan onun o kövrək şüşə qəlbi sınaraq param-parça olub-dağılmış, hər tikəsi bir diyara düşübmüş. Balaca qız ağlaya-ağlaya qəlbinin parçaların axtarmağa çıxmış, diyar-diyar gəzərək onları tapıb bir yerə yığmağa başlayıbmış. Əgər bir ay ərzində qəlbinin parçaların bir yerə toplamazsa, əbədiyyən bu dünyaya göz yummalı olacağını yaxşı bilirmiş. Odur ki, kiçik qız dincəlmək bilmədən qəlbinin hər parçasın bir diyardan toplayıb bitirməyə tələsirmiş. Elə qəlbinin hər parçasın toplayıb bitirmək üzrə ikən, tən mərkəzdə ürəyinin qırılmış bir parçasının çatışmadığın görmüş, nə qədər gəzib-axtarsa da, qəlbinin qırılmış həmin parçasını tapa bilməyibmiş. Artıq vədə dolmaq üzrə – bir ayın tamımı imiş. Qızcığaz  ölmək dərəcəsində tamamilə taqətdən düşüb bir kənara çəkilibmiş. Elə ümidini üzmək üzrəykən onun qəlbini qıran uşaq qəlbinin itmiş parçasını əlində gətirərək dediyi sözlərə, onun ürəyini qırdığlna görə üzr istəyərərək  geri veribmiş. Heç yerdə tapa bilmədiyi qəlbinin bir parçasını uşağın əlində görən qız çox təəccüblənmiş və oğlandan bu parçanı haradan tapdığını soruşmuş. Sən demə, qızın qəlbini qırarkən qırılan qəlbin bu parçası oğlanın öz qəlbinə sancılıb-qalıbmış və o vaxtdan oğlan da əzab çəkmış, bu yaradan onun da qəlbi sızlayıbmış. Bunun səbəbinin nə olduğunu bilməyən oğlan Loğmana öz dərdini demiş. Loğman onun qəlbində nəsə bir yad cismin olduğunu söyləmiş, sonra onun qəlbindən həmin sancılmış parçanı çıxarıbmış.  Bu parçanın onun qəlbinə hardan gəlib sancıldığını soruşan Loğmana uşaq bu qeyri-adi əhvalatı danışıbmış.  Bunu eşidən Loğman oğlana tez gedib bu parçanı qıza gecikmədən verməsini söyləmiş. Əgər gecikərsə, o qızı bir də görə bilməyəcəyini də demiş və mütləq parçanı verərkən qızdan üzr istəməsini tapşırıbmış. Çünki səmimiyyətlə  söyləniləcək üzr və qəlbən peşmanlıq da sınmış qəlbin məlhəmi olacaqmış. Oğlan da Loğmanın sözünə əməl etmiş və kiçicik qızdan ona “yalançı” dediyinə görə ürəkdən  üzr istəyibmiş.  Bu üzrün sehrindən də qızın qırıq qəlbinin sınmış parçaları bitişmiş və qırılmış qəlbi yenə tam – bütöv olubmuş . Beləliklə də, uşaq həm özü rahatlıq tapıb əziyyətdən qurtarmış, həm də artıq ölməkdə olan kiçik qızın qırılmış qəlbinin parçasın geri qaytararaq onu həyata qaytarıbmış… Bu parça və qəlbən deyilmiş üzrdən sonra qızın qəlbi tamamlanmış və hər parçası yerinə oturmuşdur. Oğlan da qəlb qırmağın acısını daddığından o vaxtdan sonra bir daha qəlb qırmamışdır.

Beləliklə, uzaq əyyamlardakı dağlardan gələn xeyirxah qəlbli qızın qırılmış qəlbində izlər qalmış olsa da, təmir olunmuşdur.

Bundan sonra kiçik qız da Allahdan onun da qəlbinin üzdə, görünən yerdə şüşədən deyil, köksünün altında saxlanaraq gizlində ətdən olmasını diləyibmiş. Xeyirxah və doğruçu qız olduğu üçün Allah da bu kiçicik qızın arzusunu yerinə yetirmiş, onun da qəlbini pis gözlərdən gizləmiş və ətdən etmişdir. Bu hadisədən sonra daha qəlbi üzdə görünən heç kəs qalmamışdır. Artıq insanlar kimin qəlbinin gözəl, kimin qəlbinin xəbis və pis olduğunu ilk baxışdan anlaya bilməmişlər. Onun da bir sirri, bir yolu varmış, kimin ürəyinin necə olduğun qəlbin aynası olan gözlərə baxdıqda aydın görə bilmişlər.  Bu aynalar da hər adama açılmaz, pis qəlblilər o aynanı görməzlərmiş…

Beləcə,  bir nağılın sonu gəlmiş və göydən 3 alma düşmüş, üçü də gözəl qəlblilərə düşmüş. Kimin qəlbi daha gözəldir, birini götürsün. Əgər almanı gözəl qəlbli biri götürərsə, dərhal yerinə biri də əmələ gələr, göydən düşən sehrli alma tükənməzmiş. Pis qəlblilər götürərsə, almanın yeri boş qalar və yalnız 3 adama yetərmiş…