Ey oğul, hər lisanə ol rağib,
Xassə ol rus elminə talib.
Onlara ehtiyacımız çoxdur,
Bilməsək dil, əlacımız yoxdur.
S.Ə.Şirvani.
Orta məktəbdə oxuyarkən Şirvaninin şeirindən götürülmüş bu parçanı sinfimizin görkəmli yerindən asıb, rus dilini öyrənməyin vacib olduğunu, hətta bunu klassiklərin də təbliğ edib vurğuladığını bizim beynimizə həkk etməyə çalışıblar. Amma, nədənsə, mən, uşaq ağlımla olsa da, heç zaman buradakı fikrin ürəkdən gələrək rus dilinin təbliği üçün yazıldığını düşünmədim, əksinə, o dövr üçün əlacsızlığımızın göstəricisi olduğunu fikirləşdim. “Bilməsək dil, ƏLACIMIZ yoxdur”. Əlacsızıq! Rus işğalı altında olarkən bu dili öyrənməkdən başqa əlacımız yox idi! Mən bu şeirdə təbliğdən çox, bir inilti, əlacsızlıqdan doğan bir təəssüfün ağrılı səsinin hiss edirdim. Sanki bir inilti, dərin yaranın zoqqultulu ağrısının doğurduğu bir səs var idi bu, “əlacımız yoxdur”, ifadəsində… Ruslaşdırma siyasətinin doğurduğu ağrı…
Rusiya işğal etdiyi ərazilərə öz dilini və mədəniyyətini zorla qəbul elətdirirdi. Xalqları öz içərisində əritməyə çalışırdı. Odur ki, məktəblər rus dilində idi. Milləti öz içərində əridib yox etmənin ən güclü və asan yolu isə onun dilini əlindən almaq və onu yad dildə danışdırmaqla qədim kökündən, soyundan ayrı salmaq idi. Odur ki, Rusiyanın tərkibində olarkən, ana dilində məktəblərin olmaması səbəbindən rus dilində təhsil almaq əlacsızlığımızdan doğan bir hal idi. Bunun gələcək üçün çox böyük bir təhlükə, xalqın inkişafı, öz milli köklərindən, mənəvi dəyərlərindən milli mənsubiyyətindən uzaq salınma siyasəti olduğunu anlayan vətənpərvər ziyalılarımız zaman-zaman buna qarşı çıxmış, can qoyaraq mübarizə aparmış, “Əkinçi”dən üzü bu yana daim ana dilini, ana dilində təhsilin vacibliyini ön plana çəkmişlər. Ağrıdıcı haldır ki, bir əsrdən artıq bir dövr keçib, çox şeylər dəyişib, Azərbaycan müstəqillik qazanıb suveren, bölgədə öz sözünü deyən, öz güclü ordusu, BMT-də təmsil olunan inkişaf etmiş, torpaqlarına sahib çıxmış, ana dili 1995-ci il 12 noyabrda qəbul olunmuş Konstitusiyaya görə dövlət dili kimi təsbit olunmuş, 30 illik bir müddətdə müstəqilliyini qoruyub saxlaya bilmiş güclü bir dövlət olub, amma hələ də dil problemi öz aktuallığın itirməyib. Bəziləri rus dilinin təbliğində o dövrlə bu dövrü müqayisə edir, misal çəkirlər. Unudurlar ki, artıq dövr o dövr, Azərbaycan o Azərbaycan deyil. Məsəl var, deyərlər: “O baban ölüb artıq”. Bəs, görəsən, nədən dövr o dövr olmasa da, C. Məmmədquluzadənin “Anamın kitabı”ndakı Rüstəm bəylər heç dəyişməyib, övladları, nəvə-nəticələri bu qədər artıb, ölkənin 10%-dən çoxunu təşkil edib və son zamanlar daha da fəallaşıblar. 100 ildən artıqdır ki, bir millətin içərisində təbəqələşmə və ruslaşma, qınından çıxıb qınını bəyənməmə davam etməkdədir. Keçən əsrin əvvəllərində buna səbəb Azərbaycanın Rusiyanın işğalı altında olması, ana dilində məktəblərin olmaması idi. Vətəndə ana dilində təhsil olmadığı üçün Əbdüləzəl kişinin, Zəhrabəyim ananın övladları günəşdən qopub xırdalanan, işığı, hərarəti azalan ulduzlar kimi əsillərindən, köklərindən qoparaq yad dildə təhsil alıb, bir-birinə, hətta anaları Zəhrabəyimə yad olmaq məcburiyyətində qalmışdılar. Yad dildə təhsil alan bu qardaşlar Vətən üçün faydalı bir iş görməkdənsə, biri fars, biri rus lüğətinin, “sərf-nəhvi”nin, digəri Osmanlıca yazdığı məzmunsuz nəzminin, keçirdikləri mənasız “zasedaniya”larının hayında idilər. Anaları Zəhrabəyimin – Vətənin dərdi, vəziyyəti onları maraqlandırmırdı.Və bu yad dildə təhsil alan qardaşlar hərəsi təhsil aldığı dildə lüğət yazmaqda maraqlı idilər və öz milli köklərindən qopmuşdular, ona görə də nə birliyə gələ bildilər, nə də Vətən üçün xeyirli bir iş sahibi oldular. Bunu əsərin sonunda onları yoxlayan senzor aşkar etməklə onların parıltılı “ziyalı”, “xaricdə oxumuş” maskasının boş bir şardan ibarət olduğunu, heç birinin nə həqiqi, nə rəmzi analarına bağlılıqda Gülbahar ola bilmədiyini sübut etdi və o parıltılı şar partladıqda yerində heç nə qalmadı. Yad dildə təhsil almış bu qardaşlara soydaşlarının dərdi, Anaları Vətən, analarının dili – kitabı yabançı idi.
Bəs indi nə olub, indi də mi rus dilində təhsil almasaq, bilməsək, başqa əlacımız yoxdur? Bəs indi nəyə görə uşaqlarımız yad dildə təhsil almalıdırlar?
Hamıya məlumdur ki, insan hansı dildə təhsil alsa, istər-istəməz o dilə, o xalqın mədəniyyətinə meylli olur, o mədəniyyətin içərisində öz milli mənsubiyyətini, milli kimliyini əridir. “Anamın kitabı”ndakı qardaşlar kimi. Bəs indi nəyə görə müstəqil Azərbaycan Respublikasında rusdilli məktəblərdə oxuyan şagirdlərin sayı ümumi şagirdlərin sayının 10%-dən bir qədər artığını təşkil etməlidir? Ən pisi də odur ki, bunu çox da böyük rəqəm saymırlar. Halbuki bu rəqəm müstəqillik qazanmış, ana dili dövlət dili olan bir ölkədə 1% olsa belə, yenə də çoxdur!
Dil öyrənmək vacibdir, xüsusən, indiki – dünyaya inteqrasiya olunduğumuz dövrdə. Heç kəs bunun əleyhinə deyil. Amma dil öyrənmək başqa, uşaqların yad dildə təhsil alması başqa. Rus dilində təhsil alanlar ölkədəki ruslardırsa, başqa millətlərin nümayəndələridirsə, bununla da işimiz yoxdur. Bizim dərdimiz rus dilində təhsil alan ruslarla deyil, əlbəttə, Azərbaycanda azsaylı xalqların öz ana dilində təhsil alma hüquqları var, dərdimiz öz ana dilini qoyub, rus bölməsindəki təhsilə axınla bağlıdır. Dünyanın hansı ölkəsində başqa dövlətin dilində bu qədər büdcədən maliyyələşən məktəb var?! Əlbəttə, Azərbaycanda doğulub-böyümüş, Azərbaycanı öz doğma vətəni hesab edən və öz ana dili – rus dilində təhsil alan onlarla rus əsilli Azərbaycan vətəndaşı Qarabağ müharibəsində Azərbaycana bağlığılığını öz canı, qanı bahasına göstərdi. Buna sözümüz yox, bu başqa mövzudur.
Söhbət azərbaycanlıların rus “sektor”una axınından, ölkədə təhsilin dövlət dili ilə yanaşı bölmələrlə, dövlət hesabına, rus”sektoru” adı altında paralel aparılmasından gedir.
Bəs valideynləri öz uşaqlarını rus bölməsində oxutmağa vadar edən səbəblər hansılardır? Məsələnin nə yerdə olduğunu öyrənmək, hər iki tərəfin mövqeyini, səbəblərini dərindən bilmək üçün sosial şəbəkələrdə gedən yazıları, məsələyə İbrahim Nəbioğlunun, Solmaz Rüstəmova-Tohidinin, Nadir İsrafilovun münasibətləri ilə tanış olduq, həmçinin 28 sentyabrda İTV-də rus dili məktəblərinə axının səbəbləri haqda gedən müzakirəni izlədik. “Sabaha saxlamayaq” verilişində rus dilində təhsilin vacibliyini qeyd edən İradə xanım Tuncayın mövqeyi, mənə elə gəldi ki, “ana yurdun da, Füzulinin də”, elə Məmməd Arazın da “ürəyinə toxundu”. Verilişi izləyərkən dil öyrənməklə, dil öyrənmək xətrinə yabançı dildə tədris almağı qarışdıranların mövqeyinə təəccüblənsəm və qeyzlənsəm də, Elçin Şıxlının mövqeyi səbbimi bir qədər aldı…
Bəs ana dilinə qarşı bu biganəlik haradan qaynaqlanır, görəsən? Valideynləri qınamaqla yanaşı, onları buna vadar edən səbəbləri, arqumentləri araşdırmaq və onları aradan qaldırmaq dövlət dili Azərbaycan dili olan bir ölkədə təxirəsalınmaz bir vəzifəyə çevrilməlidir. 30 ildən çox bir dövr ərzində müstəqillik qazanmış, müstəqil bir respublikada çox acnacaqlı haldır ki, rus sektorunu seçmə səbəblərindən biri kimi iş üçün müraciət olunan hər hansı bir müəssisədə rus dilinin tələb olunması arqumentinin gətirilməsidir. Bu hal, məhdud dairədə ola bilər, amma hər yerdə yox. Bu cür halların qarşısı tezliklə alınmalıdır.
Başqa bir arqument kimi rus “sektoru”nda tədrisin və dərsliklərin keyfiyyətli olması faktının gətirilməsi də utancvericidir. Bunun üçün ilk növbədə Azərbaycan bölməsində dərslərin və dərsliklərin keyfiyyətinin qaldırılması qayğısına qalınmalıdır.
Bəzilərinin övladlarını rus bölməsində oxutması üçün əsas səbəbləri guya övladlarının Dostoyevskini, Tolstoyu orijinaldan oxuya bilməklə bağlıdır. Halbuki rus bölməsini qurtaran azərbaycanlı uşaqların əksəriyyəti nəinki Dostoyevskini, Tolstoyu oxumur, hətta onları tanımır belə. Rus bölməsində Azərbaycan dili və ədəbiyyatı tədris olunsa da, onlar arasında çox az halda Azərbaycan dilində ədəbiyyat oxuyan tapa bilərsən. Azərbaycanın görkəmli şair və yazıçılarını tanımayan bir nəfər rus bölməsini bitirən uşaqdan Tolstoyun kim olduğunu soruşduqda, uzun müddət düşündükdən sonra: “balıqdır”, – deyə cavab verəsi oldu. Demək, heç də rus bölməsində oxuyanların hamısı Dostoyevskini, Tolstoyu orjinaldan oxuya bilmirmiş…
Əslində çoxu uşağını rus sektorunda oxutmağa bir dəb kimi baxır. “Sabaha saxlamayaq” verilişindəki valideyn xanım isə buna səbəb kimi parklarda, getdikləri yerlərdə uşaqların ana dilində yox, rus dilində danışmasını əsas gətirir. Özünü şəhərli sayanlar, vəzifəli, imkanlı “ziyalılar”
uşaqlarını, əksər halda rus bölməsinə qoyurlar. Adamlar arasında: “Nisbətən, aşağı təbəqənin uşaqları Azərbaycan şöbəsində təhsil alırlar, – deyə bir fikir formalaşıb. İndi “qonşudan qalma dala” prinsipi ilə yaşayanlar da yuxarıya baxıb, öz uşaqlarını bildi-bilmədi, oxudu-oxumadı rus bölməsinə yazdırırlar. Bunun sabahını və nəticəsini düşünmədən…
Bəs rus bölməsində onlara görə diqqəti çəkən əsas məqam nədir? Bu bölmələr arasındakı zahirən görünən cəhət. Savad cəhətdən Azərbaycan bölməsi daha üstün olsa da, dünyagörüşü, gözəl geyinmək, gözəl rəqs etmək, sərbəst davranış, daha müasir dəbli görünüş cəhətdən rus sektoru insanları özünə çəkir. Rus “sektoru”nda oxuyanlar görünüşdə və düşüncədə Avropa rus mədəniyətini “mənimsəsələr” də, Azərbaycanın milli mədəniyyətinə, ədəbiyyat və musiqisinə laqeyddirlər. Əlbəttə, içərilərində bu cür olmayanlar varsa da, bu, bir çiçəklə yaz olması anlamına gəlməz. Bəzilərində hətta rusca danışmayan hər kəsə yuxarıdan baxmağın da əlamətləri var…
Rus bölməsini seçənlərin əksəriyyəti buna səbəb kimi iş üçün müraciət etdiyi yerlərdə, verilən elanlarda rus dilini bilmə tələbinin olmasını göstərdi.
Elə dövlət müəssisəsi, özəl müəssisə, şirkət yoxdur ki, işə girmək istəyəndə rus dilini bilib-bilməməsini soruşmasınlar. Heç soruşan yoxdur ki, bu işi necə bilirsən, nə edə bilirsən, ixtisasını necə, bilirsənmi? Əksərən, soruşurlar, rus dilin, ingilis dilin bilirsənmi? Nəyə görə nə qonşu Gürcüstan, nə də Ermənistanda belə bir problem olmadığı halda bizdə 100 ildir dil problemi həll olunmayıb. Bizə çox dil bilən mütəxəssislər lazımdır. Amma bu kütləvi şəkildə uşağını rus dilində oxutmaqla yox, əlavə bir fənn kimi, kurslar hesabına olmalıdlr, məhdud dairədə. Amma əgər bir məmləkətdə reklamlar, məkan, yer adları hamısı ingilis, rus dilindədirsə, Azərbaycan dilində adı yazılan mağazalar ən ucuz, ən kasıb mağazalardırsa və onda yazılan reklamlar da orfoqrafik cəhətdən qüsurludursa, əlbəttə, rus dilini bilmə, rus “sektor”u da heç vaxt moddan düşməyəcək. Demək, əgər bir kəs bu dilləri bilməsə, bir dövlət idarəsinin qarşındakı lövhəni oxuya bilməz.
Axı Azərbaycanda Konstitusiyaya görə dövlət dili Azərbaycan dilidir. Və Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununun (2002) 7.1 maddəsinə görə: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.
Demək, rus bölməsinə axın üçün həm obyektiv, həm də subyektiv səbəblər var. Ona görə də rus bölməsinə axının qarşısını almaq üçün bu ölkədə ana dilində təhsilin səviyyəsini yüksəltmək, əsl mənada dövlət dili etmək lazımdır. Bu dövlətin işi olmaqla yanaşı, həm də vətəndaşın vəzifəsidir. Bu məsələdə Vətəndaş mövqeyi Gürcüstanda ana dilinə münasibətdəki vətəndaş mövqeyi səviyyədə olmalıdır. Gürcülərin hamısı rus dilini bilsə də, onlar heç vaxt nə bir-biri ilə, nə də başqaları ilə rusca danışmır, onlara rusca sual verənlərə də gürcücə cavab verirlər. Nə Gürcüstanda, nə Ermənistanda rus dilində məktəblər olmadığı halda bizdə get-gedə rus məktəbləri yeni çiçəklənmə dövrü yaşayır. Ölkədə rus dilindən imtinada hətta Qazaxıstan da bizdən irəlidədir. Rus dilindən ən çox istifadə edən ölkə olan Qazaxıstan ölkədəki reklamlarda rus dilindən imtina etdi. Qazaxıstan parlamentinin aşağı palatası yeni qanun dəyişikliyi edib.
Bu qanuna görə reklam lövhələri, menyu, elanlar, qiymət və yol nişanları ancaq qazax dilində olacaq.
Qanunda “rus dili və digər dillərdə elanlar ehtiyac yarandığı zaman tətbiq edilə bilər”- deyə qeyd yer alıb.
Azərbaycan Respublikasında hər müəssisədə, hər iş yerində, hətta restoran və kafelərdə belə rus, ingilis dilini bilmək tələb olunursa, rus bölməsinə axının olması da gözləniləndir. Əlbəttə, rus və ya əcnəbi dillərin tələbi məhdud dairədə ola bilər, amma hər yerdə yox. Bu cür hallar ana dilinin məhvinə aparan proseslərdir ..
Öncə o rus dili tələb edilən yerlərdən islahata başlamaq lazımdır. Sonra rusca, xarici dillərdə yazılmış reklamlar Azərbaycan dili haqda Qanunun 7.1 maddəsinə əsasən, dəyişdirilərək ana dilində yazılmalıdır.
Rus dili Azərbaycanda süni şəkildə yaradılmış tələbatdır. Odur ki, vətənimizdə digər ölkələrdə olduğu rus dilini xarici dil kimi öyrənmək olar, dil bilmək müsbet keyfiyyətdir, lakin öz ana dilinden fərqli dildə təhsilini başa vurmaq, bu artıq oz ana dilinə qarsı, oz tarixi kecmisinə qarsı həqarətdir.
Rus dilini bilmək, öyrənmək üçün rus bölməsində təhsil almağa gərək yoxdur. Azərbaycan bölməsində təhsil alıb, rus, ingilis dillərini kifayət qədər yaxşı bilən şagirdlər var. İnsan öz tarixini, mədəniyyətini, hansısa elmi fənnləri öz ana dilində öyrənməlidir. Niyə hansısa azərbaycanlı ana dilində ünsiyyət qura bildiyi halda Azərbaycan tarixini rus dilində oxumalıdır? Dünyanın hansı ölkəsində dövlət məktəbində təhsil hansısa başqa dildə aparılır? Rus dili yenə tədris olunsun xarici dil kimi, şagirdlərimiz də onu lap mükəmməl öyrənsin, rus ədəbiyyatını da gedib orijinaldan oxusunlar. Necə ki ingilis, fransiz, alman dilləri keçilir, elə. Amma Azərbaycan məktəbini bitirən şagird 17-18 yaşında Azərbaycan tarixi haqqında Azərbaycan dilində məlumat verə bilmirsə, bu biabırçılıqdır.
Kim hansı dildə təhsil alırsa, alsın, harda yaşayırsa yaşasın, ana dilini, vətənin tarixini bilməli, sevməli, təbliğ etməlidir. Birinci nüans budursa, ikinci nüans ondan ibarətdir ki, Azərbaycanda Konstitusiya görə, Azərbaycan dili dövlət dilidir. Onu vətəndə ikinci dilə çevirmək olmaz. Təhsil birmənalı şəkildə ana dilində aparılmalıdır, dil açan uşaq əldə qələm tutanda ilk yazdığı söz “ana, “Vətən” olmalıdır, ana südü uşağın mayəsinə sirəyət etdiyi kimi, ana dili də uşaqlıqdan onun ruhuna sirayət etməlidir. Rus dilini sonradan öyrənməli, ya da əvvəllərdə olduğu kimi məktəbdə ayrıca fənn kimi keçirilməlidir. Vətənə, xalqa sevgi onun dilinə sevgidən başlayır. Sonda onu demək istəyirəm ki, Vətənpərvərlik təkcə qədəmlərini basdığın, suyunu içdiyin torpağa bağlılığınla sədaqətinlə deyil, həm də Vətənin tarixini, ədəbiyyatını, xalqın arzu-istəklərini özündə ehtiva edib qoruyan, yaşadan, nəsildən-nəslə ötürən dilə sevgidən başlayır, onu bilməklə ölçülür
Uşaq öz ana dilində oxumalı, bütün bacarığınızı onların rus və ya başqa xarici dildə yox, ana dilində yaxşı təhsil almasına yönəldin.Gələcəyimiz üçün Anamıza, dilimizə biganə olmayaq. Bu gün Azərbaycanda uşaqların rus dilində təhsilə cəlb olunması,əlacsızlığımızdan yox, öz anamıza, öz dilimizə, öz xalqımızın milli-mənəvi dəyərlərinə biganəliyimizdəndir…