Bu günlərdə “kamilinfo. net” saytının redaktoru Vasif Sadiqlinin feysbukda “report az” saytına istinadən paylaşdığı bir məlumat diqqətimi cəlb etdi. Paylaşımın müəllifi narahatlıqla, haqlı olaraq sual edirdi: ” BU, NƏ BİABIRÇILIQDIR? DÖVLƏT QURUMLARI HARA BAXIR?”
“Yarmarka iştirakçısı Nicat Abdullayev bildirib ki, fotosessiya üçün yazılı dekorlar təklif edirlər. Bunun qiyməti isə 2 manatdır. Onun sözlərinə görə, şəkil çəkdirənlər arasında gənclər üstünlük təşkil edir. O, burada kreativ fotoların alındığını bildirib” (“report.az”).
Sözügedın dekorda Novruz bayramının əsas atributlarından olan yaşıl səmənini andıran fonda bu sözlər yazılıb:
“Ya druq tı druq ərə getsin buzim kruq…
..En büyük aşklar bolşe başlamaz”
Çox əcəb və pakizə bir “kreativlik”! Əsrləri yola salmış Novruz özünün hələ belə mükəmməl, kreativ təqdimatın görməmişdi! Novruzu dövrə, zamana necə də gözəl uyğunlaşdırmışlar.
Əcəba, Novruz ənənələrini beləmi başa düşüblər, onu gənclərə beləmi “kreativ” şəkildə təqdim edirlər? Bununla əlaqədar olan dövlət qurumları, görəsən, doğrudan da, hara baxır?! Doğrusu, müstəqillik dönəmində bir xalq olaraq bütün milli-mənəvi dəyərlərimizə sahib çıxacağımıza çox böyük ümidim vardı. Lakin…
Son dövrlərdə belə bir qorxulu hal müşahdə olunmaqdadır. Bilərəkdənmi, ya başqa səbəblərdənmi milli dəyərlərimiz, mənəviyyatımız çox aşınmalara məruz qallr. Nə dilimizi, nə mənəvi dəyərlırimizi qoruya, olduğu kimi gənclərə tanlda, sevdirə bilməmişik. Axı Novruz, sıradan bir bayram deyil. O da ana dilimiz, “Kitabi-Dədə Qorqud” kimi müqəddəsdir, xalqımızın milli sərvətidir, ona toxunmaq, çirkinləşdirmək olmaz. Novruz xalqımızın humanist düşüncəsini, yüksək əxlaqi keyfiyyətlərini özündə ehtiva edir. Onun kökləri çox qədimlərə, düz şumerlırə qədər gedib çıxır. Novruz bayramı qədim türklərdə yaradılış, törəyiş, törə bayramıdır. İnanca görə,
qışdan sonra yenilənən təbiət qış yuxusundan ayılıb canlanır, yarpağı tökülmüş ağaclar yenidən tumurcuqlayır, çiçəkləyir, atlaz kimi parlaq zümrüd kimi yaşıl yarpaqlar açır, donmuş suların buzu əriyir, təbiətə yeni nəfəs gəlir, çəmənlər al-əlvan rəngə boyanır. Təbiətlə həmahəng olan insan qəlbi də kini-küdurəti, küsülülüyü unudub, yenilənir, sevgi ilə, şəfqətlə yenidən vurmağa başlayər və qan qaynaması ilə insanın özü də, ruhu da yenilənir, yenidən törəyir.
Səməni oturaq həyata keçmiş ulu əcdadlarımızın bərəkətli tarlasının, boyanmış yumurta Yer kürəsinin, Kosa və Keçəl Qışın, Od, Tonqal isə yerdə günəşin rəmzi, 4 çərşənbə isə dünyanın yaranmasının əsas 4 ünsürü: su, od, hava, torpağı təmsil edib. Evlərə torba və ya qurşaq atmaqla ruhların da payını verdiyini sanan qədim insan Yerdən və göylərdən ilinin, torpağının bərəkətli olması üçün bir halallıq aldığını sanıb. Paylaşmaq, bölüşmək, təmizlik, sülh, küsülülüyə son qoymaq. Novruzun əsas qayəsi, bayramın amalı, məramı məhz bu idi…
Novruz həm də milliliyimizin, kimliyimizin, fərqliliyimizin , kökümüzün soyumuzun göstəricisi olub. Məhz ona görə Sovetlər dönəmində o, qadağan, yasaq edilib. Lakin xalqın qan yaddaşı onu unudulmağa, itib-batmağa qoymayıb. Adamlar Novruzu həmişə qeyd edib, mahiyyətin anlayıblar..
Bəs indi necə? Novruz indi necə təbliğ, təqdim olunur? Müstəqillik dönəmində, heç bir qoruq-qadağa olmadığı bir zamanda Novruzu layiqincə təbliğ edə, gənclərimizə tanıda bilirikmi?!
Təəssüflə qeyd etməliyik ki, yox! Nəinku onu tanıda bilmirik, hətta bütün mahiyyətini yanlış təqdim edirik. Baxın, gənclərə Novruz necə təqdim olunur: “Ya druq tı druq ərə getsin bizim kruq” Novruz kreativliyi bumudur? Əcəbdir. Bir vaxtlar klassikləri beləcə “kreativ” təqdim etdilər. İndi də bu!
“Ya druq tı druq ərı getsin buzim kruq “.
En büyük aşklar bolşe başlamaz”la.
Bu “kreativ” dekorda ana dilinin eybəcər hala salınmasına hələlik toxunmayıb, Novruzun mahiyyətinə varılmadan vulqarcasına təqdim olunmağından danışmaq istəyirəm. Novruz bizim milli dəyərimizdir. Bu dəyərlər uzun əsrlərin sınağından çıxıb. Novruz adətləri hansısa dekorçunun belə səviyyəsizcəsinə ifadə edə biləcəyi bir mövzu deyil. Novruzu bu cür sərbəstliyin, üzr istəyirəm, abırsızlığın, sırtıqlığın təbliği vasitəsinə çevirmək olmaz! Onun bu formada “kreativlik” adı altında gənclərə çatdırılmasına göz yummaq yolverilməzdir. Yadıma “Əli və Nino” kitab mağazasının klassiklərimizi kuryer kimi müxtəlif formalarda təqdim etdiyi “kreativlik” düşdü. Bu mənzərə heç də ondan geri qalmayan bir mənzərədir. Düzgün olmayan təbliğin nəticəsidir ki, son zamanlarda Novruz personajları, hətta bu bayramın özü ilə bağlı ağız büzənlərin artdığı gizli deyil. Həmçunin, bayramla bağlı təşkil olunan kütləvi tədbirlərin ildən-ilə sönük alındığı da müşahidə olunmaqdadır. Müxtəlif məkanlarda hazırlanan Novruz tamaşalarında Kosa və Keçəl bayağı, şit, görməmiş kimi təqdim olunurlar. Nəticədə Novruz personajlarını sevdirmək əvəzinə, onları gözdən salırlar. Həmçinin sosial şəbəkələrdə də Novruz bayramının əsas personajları ilə bağlı neqativ fikirlərin yayılmasının şahidi oluruq. Qədim tariximizi, əski inanclarımızı, folklorumuzu özündə əks etdirən Novruz bayramının gözdən salınmasında, heç şübhəsiz, mentalitetimizə uyğun olmayan bu cür “kreativlik” də əsas rol oynayır. Novruz bayramı adı ilə tanıdığımız qədim türklərdə Törə- Yaradılış bayramı olan bu bayramı bu cür bayağılaşdırmaq olmaz. Gənclərə onun mahiyyətini, Novruz bayramının insanın, təbiətin, kainatın yaranış bayramı olmasını təbliğ etmək əvəzinə onun atributlarını bu cür bayağı şəkildə təqdim etmək tariximizə, mədəniyyətimizə, kimliyimizə əl uzatmaqdır. Milli dəyərlərə toxunmaq, onları təhrif edərək təqdim etmək xalqın dəyərlərinə qarşı hörmətsizlik deyilsə, bəs nədir?