Yazı— səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Dilçilər yazıya belə bir tərif verib. Bəs bu tərif yazının nə olduğunu əhatə də bilibmi? Yazı – bəşəriyyətin ən böyük kəşflərindən biri. Yazı – keçmişlə gələcəyi birləşdirən ən etibarlı körpü. Yazı təkcə bumu? Bəzən o, ulu babamın əlindəki çapacaq daşla yazılaraq qayaüstü rəsmlər vasitəsi ilə özünü bizə yetirib, bəzən 12 min inək dərisi üzərində iz salıb, parça-parça özünü bizə çatdlrıb. Bizi onu yazanın fikirləri, düçüncələri, dövrü ilə tanış edib.
Yazı onu yazanın ürəyinin güzgüsüdür, bəzən sənin özünü sənə tanıtdırır, bəzən də külli-aləmə. Bəzən ürəyinin ən dərin guşəsində gizlədib heç kəsə demədiklərini bir kağıza etibar edib köçürürsən. Yazı – sənin ürəyindəkiləri üzə çıxarıb səni faş edən bir vasitə. Yazı – səni bəzəksiz-düzəksiz, elə olduğun kimi tanıdan vasitə. Əsl, həqiqi mənliyin, kimliyin. Düşündüklərini, ürəyini açıb göstərən güzgü… Bəzənsə səni heç cür əks elətdirə bilməyən qarmaqarışıq fikir toplusu. Yazı nədir? Nədirsə, biz onu, bəlkə də, heç vədə bilməyəcəyik, o səbəbdən ki, məhz adına yazı dediyimizdə səs, mənbə, məxəz barədə hər cür anlayış görünmür, bilinmur, sadəcə, onlar orada gömülür! Yazı – qeyri-müəyyənliyin, qeyri-yekcinsliyin, ikimənalılığın elə bir məkanıdır ki, burada bizim subyektivliyimizin izləri yox olur. Bu, elə bir ağ-qara labirintidir ki, hər cür özünəbənzərlik və onu yazan adamın cismani nişanəsi bəzən onda itib gedir.
Yazı hər zaman sənin özünü əks elətdirmir, bəzən sən özün onda itib-batırsan, səndən əsər-əlamət qalmır. Yazdığın yazıda özün olmaqdan çıxırsan, başqalaşırsan, özündən daha böyük bir insan olursan, özünün fövqündə dayanırsan… yazmaq istəyin səni rahat buraxmır, elə hey ürəyindəkiləri klaviaturaya tökmək, səni sıxan fikirlərdən, sözlərdən yaxa qurtarmaq, dolmuş ürəyinin yükünü boşaltmaq istəyirsən. Əgər o ürək dolubsa, mütləq boşalacaq. Asfaltı deşib çıxan lalələr kimi nə qədər onu sıxsan da, xeyri olmayacaq, var qüvvəsini toplayıb o dar qəfəsdən çıxacaq. Bu elə bir qüvvədir ki, bəzən səni şirin yuxudan ayıldıb, gecədən sübhədək öz əsarətində saxlayır, səni düşündüklərini yazmağa vadar edir. Bəzən səni ən doğma, yaxın adamlarının əhatəsindən alıb uzaqlara aparır, cismin o adamların yanında olsa da, ruhən oradan uzaqlaşmış olursan. Yazı səni səndən də alıb aparır və onu ifadə etməyincə səndən əl çəkmir, fikrini bir yerə cəmləyə bilmirsən. Ətrafında olub bitəndən xəbərin olmur, deyilənləri eşitmirsən. O sirli, sehrli aləmdə itib-batırsan, ta onu yazıb bitirənə qədər əsarətdən qurtula bilmirsən.. bəzən bunu asanlıqla bacarırsan, bəzən də yox… O, səni nə rahat yaşamağa qoyur, nə yatmağa, nə də yeməyə… o ağ-qara labrintin sehrinə düşdünsə, çətin ki, ondan aralana, bir yol tapıb asanlıqla qurtula biləsən. Bəzən bir andaca hərflər özləri sıraya düzülüb fikirlərini asanlıqla açıqlayıb kağıza və ya klaviaturaya səpələyir. Bəzən də yazmaq istədiyinin əlində əsir qalır, heç cür onu ifadə edə bilmirsən ki, qurtula, rahat nəfəs alasan…
Yazı – ürəyindən ürəklərə açılan körpü, sənin gələcəyə mesajın. Yazı – səni özündə gizlədib itirən sirr. Yaxşı yazı səni səndən sonra yaşatmağa qadir olan güclü bir qüvvədir. Xoş, hər sözü bir pəhləvan olub əzm qıldıqda tədricilə bəhrü bəri tutanların halına…O ağ-qara labirintə düşüb, oradan asanlıqla özlərinə yol tapıb çıxa bilənlərə…