Gəlin sizə, ay qardaşlar,
Bu gün Ayıdan danışım.
Əyripəncə, yekəqarın,
Harın Ayıdan danışım…
“Ayılar Ursidae ailəsinin ətyeyən məməliləridir. Onlar caniforma və ya it kimi ətyeyənlər kimi təsnif edilirlər. Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Anadolu və Qafqaz daxildir”.
M.F.Axundzadənin “Hekayəti-Mollaİbrahimxəlil-kimyagər” komediyasında “meymunu yada salma” – deyiləndə meymun nuxalıların ağlından çıxmadığı kimi, mənim də son zamanlar ayılar ağlımdan çıxmır. Sanki biri mənə: “Ayını yadına salma”, – deyib… Bizlərdə qanmaz, yekəbaş, nataraz adama “ayı” deyirlər. Odur ki, əzəldən mənim ayılara nəsə bir antipatiyam var. Totemi Ayı olan ölkələrə də, Moşu Göyəzənlinin uşaqlarının anası demiş, nəsə belə bir təhər baxıram e…
“Ayılar 195 gün səthi qış yuxusuna gedirlər. Onlar çalalarda, mağaralarda yuva qururlar. Yuva qurmayan ayılar veyil olur. Bu ayılar insan üçün çox təhlükəlidir. Ayılar suda çox yaxşı üzürlər, dayaz yerlərdə onlar hətta balıq tuturlar”.
Heyf ki, dövlətlər, ölkələr bəxtlərinə düşən qonşu ilə axıradək yaşamaq məcburiyyətindədir, “qonşun pisdir, köç qurtar”, – deyimi dövlətlərə şamil edilməz. Qonşumuz Ayı hər dəfə qış yuxusundan ala-yarımçıq oyananda bədbəxtlikdən ona qonşu düşən ölkələr bundan çox ziyan görür. İllah da o ölkələr keçmiş Sovet respublikalarından biri ola, İllah da müsəlman ölkəsi ola… Amma bu qış yuxudan ala-yarımçıq ayılan Ayının hədəfi müsəlman yox, öz slavyan qardaşı oldu. İşğalçı Ayı üçün dil, din qardaşlığı da əhəmiyyət kəsb etmir.
“Ayılar ağaca dırmaşıb, arıların yuvalarını dağıdırlar. Adətən, hər şeyi yeyirlər. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Meyvə gilələrindən, baldan, həşəratlardan əlavə, yazda qar uçğunlarında tələf olmuş heyvanların cəsədi, yabanı çətirçiçəkli və taxıl bitkiləri ilə qidalanır. Ev heyvanlarına da hücüm edir.
Arktik dəniz buzlaqlarında böyük ağ ayının ayı balasını ödürərək yemək üçün sürüdüyü faktı da fotoya alınıb.” Bu qış nataraz Rus Ayısı qanlı caynaqlarını qanı bir, dili, dini bir slavyan qardaşının qanına batırmaqdan da çəkinmədi. Qış yuxusundan ala-yarımçıq ayılar-ayılmaz Ukraynaya hücum etdi. Dövlətin müstəqilliyinə təhlükə törətdi, dinc sakinlərə divan tutdu. Rus tanklarının Ukraynada şose yolda çox qansızcasına minik maşınlarını taxtabiti əzirlərmiş kmi əzib keçidikləri səhnələrə baxarkən 1990-cı ildə 20 Yanvarda Bakıda törədilən qırğını xatlrladım. Ssenari eyni… Xarkova Ukraynanın özünün raket atdığı xəbərini eşidəndə də 44 günlük müharibədə “özümüzün” Gəncəyə, Bakıya “raket atmağımız” yadıma düşdü…
“Ayıların pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika, demək olar ki, yoxdur”. Azad elləri xalqlar həbsxanasına çevirən, həyasızlıq rəmzi sayılan qırmızı, “möhtəşəm rus diyarı” SSRİ-nin – yekəpər Ayının caynağından qurtarmağa çalışan respublikalardan ən amansızcasına boğmağa çalışdığı ölkə Azərbaycan oldu. 90-larda bizi tanklar altında əzib tarixdən silmək istədi bu nataraz Ayı. Sonra 92-də Xocalıda bu Ayı dişini Donuzun əli iə yenə bizim qanımıza batırdı. 200 ildir, Ayının pəncəsində çabalayırıq… 2020-ci ildə 44 günlük müharibədə burnu əzilən “yetimçəsinin” dərdi ilə fınxıran Ayı üçün
2022-ci ilin qışı bir başqa qış oldu, yuxusuna haram qatıldı.
Bu yekəpər, boz ayı
Qış fəslində, üç ayı
Qar olanda çöl, bayır,
Kahasında yuxlayır…
Yuxulayır və yuxusunda o “möhtəşəm” xalqlar həbsxanası SSRİ-ni bərpa etdiyini görür. Yuxusunda iri sulu bir armudu caynağında görən Ayı bu xülya ilə oyananda Ukrayna ona iri sulu bir armud şəklində görünür. Keçən dəfə Azərbaycanda Qarabağ münaqişəsindən damağında qalan balı yalaya-yalaya ayılığına salaraq heç nəyə, insan hüquqlarına, qonşu dövlətin suverenliyinə, dünyaya məhəl qoymadan, Ukraynaya eyni ssenari ilə hücuma keçir. Bu gün Ukraynada baş verənlər Xocalı faciəsinin, 20 Yanvar ssenarisinin kimlər tərəfindən yazıldığını və icra olunduğunu bütün dünyaya eynilə göstərdi. Ayı bizə hücum edəndə, erməni itlərini üstümüzə qısqırdanda biz də tək idik, dayandıq, inandıq ki, Haqq nazilər, üzülməz…
Rahatlayıb yerini,
Sorur pəncələrini.
Çox sevirlər armudu,
Bir də balı ayılar,
Onların düşmənidir
İti sancan arılar…
Baxaq, görək, bəs bu gün dünyanın Rus Ayısına münasibəti necədir, 15 müttəfiq Sovet respublikasından onun yanında hansılar qalıb? Türk fobiyasından əziyyət çəkən Ermənistandan və iqtisadi asılılıq çatısını boğazından çıxara bilməyən, hətta arada boğulacağından ehtiyat edən Belarusdan başqa heç hansı. Artlq dünya Rus Ayısının ayılığından qurtulmağa, onun xislətini anlamağa başlayıb. Avropa İttifaqı ölkələri Rusiya üçün bütün limanlarını bağlamağa hazırlaşır. FİFA və UEFA bütün Rusiya komandalarını bütün futbol turnirlərində iştirakdan kənarlaşdırıb. Rəsmi açıqlamaya görə, Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırır. Aİ ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılır. Kanada Rusiya gəmilərinin ölkənin limanlarına və ərazi sularına daxil olmasını qadağan edib.
SSRİ kimi azman imperiyanın geniş hüdudlarını itirən, ciddi sanksiyalara məruz qalan boykotpozan amil səciyyəsi daşıyan sosialist ölkələri düşərgəsinin dəstəyindən məhrum olan, Ukraynada ağzı yanan Rus Ayısının öz zağasına çəkilməkdən başqa yolu yoxdur.
Sanksiyalar nəticəsində ölkədə artıq qıtlıq yaranmaqdadır. Üstəlik, ABŞ başda olmaqla bir sıra ölkələr Moskva olimpiadasını boykot etdilər. Rusiyanı təkcə siyasi-iqtisadi sanksiyalar gözləmir, bu ölkə mədəniyyət, incəsənət, idman, turizm və bir sıra başqa sahələrdə də sanksiyaya məruz qalacaq, Avropadan təcrid olunacaq. Dünyanın beş qüdrətli dövlətinin rəhbəri Rusiyaya, konkret olaraq, prezident Putinə qarşı birləşiblər. Bunlar ABŞ, Britaniya, Fransa, Almaniya və İtaliyanın başçılarıdır.
Onlar Rusiyanın Ukraynada oynadığı tragikomediyadakı baş roluna görə bu ölkəyə yeni, daha təsirli sanskiyalar tətbiq edəcəklər. Ancaq Ukraynadan Krımı dişləyib qoparandan sonra dişi qana batmış “rus ayısı”nı durdurmaq üçün C.Londonun “Kiş əfsanəsi” hekayəsindəki böyük ayı ovçusu Bokun oğlu Kişin istifadə etdiyi üsuldan istifadə etmək lazımdır. Onu eləcə içərindən parçalamaq lazımdır. Bu yolla Ayıya qalib gəlmək, zırpı, nataraz Ayının axırına çıxmaq olar.
Rusiyanın suveren Ukraynaya hərbi müdaxiləsi və Kiyevi raket atəşinə tutması bəşəriyyətə qarşı cinayətdir. Amma xalq müharibənin qarşısını ala bilər. Rusiyanın 50-dən çox şəhərində keçirilmiş etiraz mitinqləri ümid doğurur ki, xalq müharibənin qarşısını ala biər. Bu, Putinin əvvəlcədən hesablamadığı məqamdır. Xalqı hesaba almayan lider uduzmağa məhkumdur.
Lakin bu müharibədə nəticənin necə olmasından asılı olmayaraq Putin məğlubdur. Rəzil məğlubiyyət! Təcavüzkar Rusiyanın və artıq hərbi-siyasi tələyə düşmüş avantürist V.Putininin Ukraynada nəyə isə nail olacağı mümkünsüz görünür. Səbəblər göz qabağındadır.
Əvvəla, Ukrayna ordusu əla vuruşur, xalq misilsiz bir dirəniş göstərir, ölkədə yüksək döyüş ruhu var. Oyanmış, düşmənə nifrət edən xalqla müharibə nizami ordu ilə müharibədən daha çətindir. İkincisi, Ukraynanın müdafiə əməliyyatlarında fərqli hərbi düşüncə müşahidə olunur. Üçüncüsü, Qərb dövlətləri Rusiyaya qarşı sıx birləşiblər və sinxron addımlar atırlar. Rus iqtisadiyyatını çökdürəcək effektli sanksiyalarla yanaşı, indi Ukraynaya silah-sursat yardımı da nəzərdə tutulub.
Və nəhayət, bütün dünyada Rusiya təcavüzü əleyhinə etirazların genişlənməsi Moskva üçün ciddi psixoloji və informasiya gərginliyi yaradır. Belə etirazların Rusiyanın özündə də çoxalması və ölkə elitasının da müharibəyə etirazı Putinin qara günlərinin başlanmasından xəbər verir…
Yaşasın qəhrəman Ukrayna xalqı və suveren Ukrayna!
Ayılar adam kimi
Qalxıb gəzə bilirlər.
Qıllı çoban itləri
Duyuq düşməsə əgər,
Oğurlayıb qoyunu,
Quzunu aparırlar.
Bir də gördün çobanlar
Hay-haray qoparırlar.
İtlər qalxıb hürüşür,
Ayı qorxuya düşür.
Ovunu atıb gedir,
Çaparaq gözdən itir.