- Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Bayramınız mübarək, əziz müəllimlər

“Mən müəllim ailəsində dünyaya gəlmişəm. Gözümü dünyaya açdığım ilk gündən atamı hər səhər harasa tələsən görmüşəm. Atam hər gün evimizin yaxınlığındakı məktəbin qapısını hamıdan əvvəl açmağa adət etmişdi. Odur ki, mən də lap uşaqlıqdan atama oxşamaq, müəllim olmaq arzusundayam. Mən də gələcəkdə atam kimi Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyirəm. Arzu edirəm ki, məktəbi bitirdikdən sonra ana dilimin incəliklərini şagirdlərimə təkcə öyrətməklə kifayətlənməyim, dilimizin şirinliyini, doğmalığını, aydınlığını onlara sevdirim. Bu dildə yaranan əsərləri şagirdlərimə sevə-sevə öyrədim. Bu dil vasitəsilə Nizaminin hikmətli kəlamlarını, Füzulinin qəlb oxşayan rübabını, Vaqifin sadəliyi və reallığı ilə seçilən qoşmalarını, S.Vurğunun müasir həyatdan bəhs edən poemalarını, H.Cavidin bəşəri məhəbbəti tərənnüm edən fəlsəfi dramlarını şagirdlərimə öyrədim, sevdirim…”
Bu sətirlər mənim orta məktəbdə yazdığım “Mənim arzum” inşasından götürülmüş sətirlərdir.

Müəllim olmaq mənim , həqiqətən də, müqəddəs sandığım uşaqlıq arzum olub. Hər gün məktəbdən gəldikdən sonra qohum-qonşunun məktəb yaşı çatan-çatmayan uşaqlarını güllü bağçamıza yığıb, dərs keçər, məktəbdə öyrəndiklərimi onlara da öyrədərdim. Öz “şagird”lərimi sevır, onları sonda imtahan da edər, əlamətdar günlərdə onlarla birgə tədbirlər keçirər, yeri gəldikdə konfet-şokaladdan ibarət hədiyyələr də verərdim. Ən gözəl bayramlarda atamı da “öz məktəb”imə dəvət edər, “şagird”lərimin nələrə qadir olduğunu ona göstərərdim. Onun ağzından çıxan hər tərifli söz, “afərin” kəlməsi məni qanadlandırıb əngin səmalara qaldırardı. Orta məktəbi və musiqi məktəbini də əla qiymətlərlə başa vurduqdan sonra arzularımın arxasınca gedərək ali pedaqoji təhsil aldım və pedaqoji institutu da əla qiymətlərlə – fərqlənmə diplomu ilə biturdim. İnstututda qalıb işləmək imkanım olsa da, çox həvəslə təyinat yerinə gedib işlədim.

Mən müəlliməm. Arzuladığım sənətimdə çalışıram…Yetişdirdiyim yüzlərlə şagirdlərin içərisində müəllim olanları da çoxdur.
Bu gün dəyişən, qloballaşan dünyada hər şey kimi məktəbə, müəllimə münasibət, baxış da dəyişib. Çox şey əvvəlki kimi deyil. Proqram da, üsullar da, vasitələr də, qiymətləndirmə sistemi də. Dəyişməyən tək şey var. Müəllimə dikilən sevgi dolu saf, təmiz uşaq gözləri və”ağ lovhə” olan uşaq beyni. O ağ lövhəyə yaxşı şeylər yazmaq bu gün əvvəlki illərdən fərqli olaraq təkcə müəllimdən asılı deyil. Ailə, mühit, və cəmiyyət də bu yazının nədən ibarət olmasında məsuliyyətlidir. Bəzən uşaqların cəmiyyətdə gördükləri, ailədə eşitdikləri bizim yazıların o “ağ lövhə”də qalıcılığını pozur. Məktəb təkcə təhsil vermir, o həm də tərbiyə ocağıdır. Tərbiyə isə uzunmüddətli bir prosesdir və o, ilkin qaynağını ailədən götürür. Bu günlərdə – Müəllimlərin peşə bayramı günü ərəfəsində sosial şəbəkələrdə yayılan videolar bunu bir daha təsdiq edir. Bu gün ailələr də əvvəlki ailələr deyil. Əksər ailələrdə uşaqıar baxımsız qalır, nəzarətsiz böyüyürlər. Düzgün tərbiyə almamış uşaq gələcəkdə təkcə ailə üçün yox, bütün cəmiyyət üçün zərərlidir. Odur ki, əziz valideynlər, onu bilin ki, uşaqlarınız üçün ən zəruri və vacib olan şey vaxtında verilmiş düzgün tərbiyədir. Uşaqlarınıza ən bahalı paltarlar almayın, ən bahalı məktəblərdə oxutmağa çalışmayın, ən yaxşl yeməklər yedirməyin qayğısını çəkməyin. Bahalı maşınlar almaq, villalar qoymaq ardınca qaçmayın.

Uşaqlarınıza düzgün tərbiyə verin, sevgi göstırin, onlarla səmərəli vaxt keçirin, ünsiyyət qurun, qalan şeylər düzələr. Əgər uşaq vaxtında düzgün tərbiyə almasa, sonradan onu düzəltmək çox ağır olar. Necə ki atalarımız deyib, əyri bitmiş ağacı körpə budaq ikən düzəltmək asandlr, sonradan düzəltməyə çalışsan budaq düzəlməz, qırılar. Uşaqlarınızın tərbiyəsindəki qüsuru vaxtında düzəldin ki, sonradan qırılmasınlar.
Həmkarlarıma bu çətin və şərəfli işlərində yüksək peşəkarlıq, uğur arzu edirəm. Mənə var-dövlət deyil, düzgün tərbiyə miras qoyan, müəllimliyi sevdirən ilk müəllimim atamı hörmətlə anır, Allahdan rəhmət diləyirəm. Bütün müəllimləri 5 Oktyabr – Müəllimlərin peşə bayramı münasibətilə təbrik edirəm.