Mənəviyyatımız aşınır. Gözəl, humanust insani dəyərlərimiz yox olmaq üzrədir. Mənəviyyat, gözəl qəlb, əxlaq, təbillik deyil, xarici görkəmin qabardılması, az qala adamın gözünə girməsi yaxşı gələcəkdən xəbər vermir. Buna qarşı təbliğat aparılmasa, qadınlar az sonra inkubator cücələri kimi bir-birindən seçilməyəcək və bu, artlq baş verməkdədir. Hətta məktəblərdə bu barədə qızlar arasında söhbətlər aparılmalı, onun insan səhhətinə vurduğu zərərlərlə yanaşı mənəviyyata mənfi təsiri də deyilməlidir.
Eyni geyim tərzi, eyni saç düzümü, eyni qaş, eyni burun-dodaq, eyni dırnaqlar… Bunun bir sonu olmalıdır axı. Şəhərdə küşələrdə kimi görürsən, sanki eyni adamdır, Hollivud kinolarının ekranlarından düşüblər sanki. Hansı millətdən, hətta hansı cinsdən olduğu belə bilinmir.
Bir insan özü olanda, öz mənəvi zənginliyi də təbiətinə əlavə olunanda o, gözəl görünür. Birinin çox gözəl saçı, birinin gözəl, özünəməxsus gözləri, birinin səsi olur ki, bu onu digərlərindən fərqləndirir. Eynilik gözü də yorur. Müxtəlif rəngli çiçəklərdən hörülmüş çələng daha gözəldir, nəinki eyni rəng və eyni çiçəkdən.
İndi Moşu Göyəzənlinin uşaqlarının anasının sözü olmasın, qaşı-gözü, burnu-dodağı, dırnağı düzəldilməmiş qız-qadına bizim nəinki şəhərlərimizdə, hətta kəndlərimizdə belə bir təhər, geridəqalmış kimi baxırlar. Öz tələbəlik yoldaşını, qonşunu, qohumunu, iş yoldaşını belə bir müddətdən sonra tanıya bilmirsən. Beynin deşilir ki, bu kimdir, görəsən, axı mənə tanış gəlir. Tanımadığın adama belə kiməsə oxşatdığından salam verirsən və məlum olur ku, bu, heç də həmin adam deyil, sadəcə eyni həkimin “əl işləri”dir.
Təbiilik gözəldir. Bunu təbliğ etmək lazımdır. Hər şeyin bir əndazəsi var. “Şekspir” demiş, suyun belə. Artıq içiləndə dərd verir o da.
Qocalmış bir bədəndə süni, şişirdilmiş, dartılıb-çəkilmiş, zülmlə göyə qaldırılmış qaş, dartılmaqdan formasını itirib “kitayski” olmuş gözlər, sizcə, gözəlmi görünür? Artıq müasir Xuramanlar çoxalmaqdadır və bilin ki, onların da sonda peşmanlığı, monoloq söyləməyi var, bu barədə düşünün, xanımlar, düşünün:
Ürəyəyatan idi əvvəlki halım,
Öz qaşım, öz burnum, öz yanaqlarım.
İndi kosmosdadır sanki qaşlarım,
Şişib topa dönüb lap dodaqlarım.
Botoks gözəldir deyib durdular,
Başımı, beynimi yeyib durdular.
Ağılsızlıq edib uydum bunlara,
Heyf, təbiiliym getdi, yox çara…
Bir gözəldin, ayrı düşdün saçlarından,
Əlin çatmaz, ünün yetməz qaşlarından,
Vaxt gələr ki, botoks gedər, qırış artar,
Fayda olmaz axan o göz yaşlarından…