- Ədəbiyyat

Gülyaz ƏLİYEVA. Çörək pulu

– A kişi, Şəhid atası! Səni İcra Hakimiyyətinə çağırırlar, təcili gəlsin, işimiz var, – deyirlər.

Kişi başını xarab olmuş avtobusun altından çıxarıb :”yaxşı”, – dedisə də, İcra Hakimiyyətinə  getmək fikri yox idi. Evdə bir çətən külfəti vardı, çörək gözləyirdi, avtobus da işə düşmürdü. Səhərin gözü açılar-açılmaz avtobusun altını qurdalayır, işə salmağa çalışırdı. Lakin onunla illərin dostu olan, ən çətin anlarda belə Şuşanın dolanbac yollarını quş kimi qalxan avtobus da burada, bu düz yollarda sanki elə onun özü kimi yornuq düşmüş, işləmək istəmirdi. Qarabağdan çıxanda bir çətən külfəti, qonum-qonşunu bu avtobusla gətirmişdi. Avtobus məşhur avtobus idi. Son günlərəcən Şuşaya əhali, sonra hərbçiləri daşıyan bu qırmızı avtobusu nəinki bizimkilər, ermənilər də yaxşı tanıyırdılar. O mənfurlar bu avtobusu əvvəlcə hər dəfə Şuşadan enib Əsgərandan keçəndə daşa basardılar, sonralar isə daha da irəli gedib artıq gülləyə tutardılar. Avtobusun şüşələrini dəlib keçmiş güllələrin yerləri hələ də onun şüşələrində durur, o günləri xatırladırdı. Heç vaxt onu dar macalda qoymamışdı bu avtobus. İndisə üzünə dirənmiş, işə düşmək istəmirdi. Kişi bu  avtobusa adicə əşya kimi yox, dəmirdən olsa da, sanki özünün yaxın sirdaşı, dostu, yaddaşı olan bir canlı kimi baxırdı.

– Niyə belə edirsən axı? İşə düş də… deyib əlindəki alətlə avtobusu bir daha qurdaladı. Köhnə avtobus yaralı, xəstə adamlar kimi xlrıltılı səs çıxararaq sanki qınağı başa düşmüşcəsinə işləməyə başladı. Həmişə cəldliyi ilə seçilən, avtobusa atın üstünə atılır kimi atılan kişi indi yorğun-yorğun addımlarla keçib avtobusun sükanı arxasıına oturdu.

Əslində bu kişini yoran iş deyildi. İşdən yorulmaq kəlmısi ona yaddır. Yaşına görə  çox çevik idi. Onu yoran, yornuq salan dərdi idi. Ürəyində iki oğul dağı gəzdirirdi. İçində gəzdirdiyi bu dağların ağırlığı qəddini bükmüşdü. Kişi bir il yarımda iki nər biləkli oğul itirmişdi. O vaxtdan yatağına qor dolmuş, yuxusu ərşə çəkilmişdi. Kirpikıəri küsülü adamlar kimi bir-birinə yaxın gəlmirdi, bir-birinə həsrət qalmış, ayrılıq çəkir, bir yerə cəmlənə bilmirdi. Bu il yarımda şəhid atası balacalaşıb yumağa dönmüş, sanki əti ilə bərabər sümükləri də ərimişdi. Düz bir il yarlm idi ki, gözlərini yummağa qorxurdu. Çünki gözlərini yuman kimi oğullarını yuxuda görürdü və yuxuda onları görmək xoşbəxtliyinin sonu o müdhiş anla bitirdi. Hər gecə oğullarını ermənilər yenidən ödürür,  hər gecə o anı yenidən yaşayırdı. Hər gecə o dəhşətin gözlərində doğurduğu qorxu, təlaş və çaşqınlıq içərisində yuxudan dik atılır və sübhədək o anı unuda bilmir, bir daha gözləri yumulmurdu. Hər gecə yuxudaykən oğullarının adını qışqıraraq çəkir və evdəkiləri də yatmağa qoymurdu.  Artıq evdə buna öyrəşmişdilər. Özü də evdəkiləri narahat etdiyindən məyus olurdu. Ona görə də bu gecə qərara gəldi ki, heç evdə yatmasın. Elə həyətdə saxladığı avtobusda oturub gecəni dan eləsin…

Amma  gecənin bir yarısı  avtobusdakı səsə, qışqırtıya nəunki evdəkilər, bina sakinləri də dik atıldı. Gəlib gördülər ki, avtobusun oturacağındaca gözləri yumulan kimi eyni yuxunu görən ata, yenə də yuxuda oğullarını səsləyir. Həyat yoldaşı onu evə gətirdi: “Camaatdan ayıbdlr axı, – dedi! Sonra camaat nə düşünər? Deyərlər, kişini evdə yatmağa qoymurlar”…

Köçkün kimi yerləşdikləri binada yüzdən artəq ailə məskunlaşmışdı. Burada işğal olunmuş bütün rayonlardan köçkünlər olsa da, əksəriyyəti Ağdam rayonun sakinləri idi. Burada qaldıqları müddətdə hamı bir-birinə isinişmiş, dərd-sərləri bir olan bu adamlar bir-birini yaxından tanımağa başlamışdı. Burada hamının bir dərdi vardı:”Torpaq!”  Bir adı vardı: “Köçkün!”  Dərd ortağı olan bina sakinləri də get-gedə şəhid atasının hər gecə oğullarını yanıqlı səslə çağırmasına oyrəşmişdi. Kişi də Prometey kimi hər gün eyni əzabı yaşayırdı. Hər gecə ermənilərlə qovğada, balalarını onların əlindən qurtarmağa çalışır, lakin nail ola bilmir, gecəni dirigözlü açırdı. Səhərlər yenə başı iş-gücə qarışır, birtəhər fikrini yayındıra bilirdi. Amma  elə ki toran qovuşdu, şər qarışdı, yenə qara-qura fikirlər qara quş kimi  iti caynaqlarını onun qara ciyərinə deyil, düz ürəyinə batıraraq qanı axa-axa o ürəyi əyri dimdiyi ilə didik-didik edib parçalayır, ətini çəngə-çəngə qopararaq yeyirdi…

Döyüş zonasından övladlarından birinin qanlı tabutunu gətirəndə onu açmağa  qoymadılar. O gündən şübhə ürəyini xain düşmən kimi oğrun-oğrun gəmirməyə başladı. Bəlkə, ölən heç onun oğlu deyildi, axı tabutu açmağa qoymadılar! Deyilənə görə, oğlu minaya düşmüş, tikə-tikə olmuşdu. Tanınmalısı qalmadığından tabutu gətirən əli silahlı əsgərlər onu açmağa qoymamış, eləcə də yetirişi basdırmışdılar! Amma 2-ci oğlunun meyitini öz gözləri ilə görmüşdü. Alnından snayperlə vurmuşdu muzdlu qara qatil oğlunu. Son nəfəsinə gedib çatdıra bilməmişdi. Amma xəstəxanaya yetişmişdi. Oğlunun  başının bir hissəsini güllə aparmışdı…O vaxtdan dərdli ata oğlunun yarısı getmiş başını unuda bilmirdi. O anı gözlərinə köçürmüşdü, nə qədər edirdi gözündən o tükürpədici anı silə bilmirdi…

Rayon İcra Hakimiyyətinin Qaçqın və Məcburi Köçkünlərlə İş şöbəsinə çağrılanda getmək istəmədi. Lakin sifariş-sifariş dalınca gəlirdi. Hər səhər dan yenicə söküləndən gecəyarısınadək köhnə avtobusla “xaltura” edərək öhdəsində olan bir çətən külfətin çörəyini güclə çıxarırdı. İki böyük oğlu müharibədə şəhid olmuş, öhdəsndə qalan uşaqlarının bu çətin zamanda, heç olmasa gündəlik tələbatlarını ödəməyə çalışırdı. İş yox idi. Şəhərə köçkünlər axışdığından şəhər əhalinin hamısını çörəklə təmin edə bilmirdi. Bəzən saatlarla çörək növbəsində dayansa da, evə əliboş gəlməli olurdu. Köçkün kimi sığındıqları bina şəhərdən çox kənarda idi. Avtobuslar çox gec-gec işləyirdi. Hər gün qaçqın və məcburi köçkünlərdən tələbə olanları, bir də gündəlik çörək pulu qazanmaq üçün çalışanları şəhərə aparar, qəpik-quruş qazanardı. Çoxunun yol pulu olmaz, o da bu sübh yenicə açılar-açılmaz səhərin şirin yuxusuna haram qatıb məktəbə vaxtında çatmaq üçün bəzən səhər yeməyi yemədən belə evdən çıxan bu yarıac-yarıtox tələbə qızları vaxtında dərsə çatdırsın deyə avtobusunu işə salar, günortadan sonra geri dönərdi.  Doğrudur, dövlət onlara cüzi  məbləğdə sosial yardım edir, müavinət verirdi. Camaatın “çörək pulu” adlandırdığı pul isə onların heç bir həftəsinin çörəyini görmürdü, nəinki ayı… Odur ki, doğma yurddan çıxardığı bu köhnə, sınıq-salxaq maşınla qoca vaxtında sürücülük edir, ürəyində iki şəhid dağının ağırlığı ilə sıxıntı içində olsa da, ayaqda durmağa, ailəsini dolandırmağa çalışırdı. Əksəriyyəti tələbələr, tanış-biliş olan adamlardan çox vaxt pul da almırdı. Çoxunun evinə gələn pul təkcə elə “çörək pulu” adlanan müavinət idi. Pulu olmayanlar da düşəndə utana-utana: “Dayı, pulum yoxdur, çörək pulu alanda verərəm”, – deyib düşürdülər. Əslində çoxu heç çörək pulu alanda da o pulu verməyəcəkdi.  Bunları bilirdi…

Gecəki dəhşətli yuxunun təsiri hələ ötüşməmişdi. Beş ay öncə torpağa tapşırdığı, alnından vurulan oğlu onun həm də köməkçisi, iş yoldaşı, sirdaşı idi. Axır zamanlar, döyüşə gedənədək bu avtobusu, demək olar ki, oğlu idarə edərdi. İndisə oğlu əlindən bir quş kimi uçub getmiş, özü isə tək qanadı qalmış bir quş kimi  çətinliklər içərisində çırpınaraq qalmışdı. Nə qədər uçmağa can atsa da, bacarmır, elə hey çırpınırdı. Bu nəticəsiz çırpıntılar isə onu tamamilə heydən-hərəkətdən salmışdı. Bu köhnə avtobus ona həm də buna görə əziz və doğma idi ki, oğlunun yadigarı idi. O, işsiz qalanda ürəyi sıxılırdı, istəmirdi ki, bu avtobus lazımsız bir əşya kimi atılıb bir kənarda qalsın və ya onu bir başqası sürsün. Ürəyi bunu götürmür, odur ki, gəliri olmayanda belə işləyirdi.

Bu gün günün tülyanında şəhərə iki dəfə maşın sürsə də, ancaq ki, benzinin pulun çıxara bilmişdi, çörək pulun yox! Yay idi. Tələbələr də yox idi. Ayın axırı idi. Odur ki, gedib, heç olmasa, hər ayın axırında köçkünlərə verilən “çörək pulu”n alıb evə bazarlıq etmək qərarına gəldi.

Kassaya yaxınlaşıb adını-soyadını dedi. Kassada outran, sifətindən də, səsindən də qadından çox kişiyə oxşayan qadın qarşısındakı dəftərə baxıb  kobud səslə:

– A kişi, sənin adının qarşısını bağlayıbıar. Sənə pul verə bilmərəm, – dedi.

– Necə yəni bağlayıblar, düz-əməlli bax. Axı mən hər ay çörək pulu alıram! – dedi.

– A kişi, dedim axı, adının qarşısın bağlayıblar. Bir neçə adamda belədir. Onlara çörək pulu verməyin, – tapşırıblar!

– Axı niyə?

– Bilmirəm, get İcra Hakimiyyətinə, məsələni  özün həll elə. A kişi, nə dayanıb baxırsan, çəkil, başqalarına yol ver, növbə çoxdur, işim başımdan aşır!

– Lənət sənə, kor şeytan! – deyib, kişi əvvəlki qıvraqlıqla otaqdan çıxdı, gəlib cəld hərəkətlə avtobusa atıldı. Yayın cırhacırında günün altında saxladığı köhnə avtobus od tutub yanırdı. Havanın istiliyi azmış kimi bir yandan da günün altında qalıb qızmış dəmirlərin istisi avtobusun içini cəhənnəmə döndərmişdi. İçəri girəndə hiss elədi ki, istidən bağrı bişir. Ürəyi su istədi. Bilmədi, bu istilik eşitdiyi xəbərin ağırlığından oldu, ya istidəndir. Düşüb su aldı. Suyu birbaşa başına çəkib içdikdən sonra avtobusa minib düz İcra Hakimiyyətinə sürdü. Çox sürətlə gedirdi.

İcra Hakimiyyətindəki nümayəndəliyin otağına girdi.

Ad-soyadını dedi, növbəsiz içəri buraxdılar. Hövsələsiz adam idi. Boş yerə vaxt itirmək istəmədən birbaşa mətləbə keçdi:

– Salam. Mənim çörək pulumu niyə kəsmisiniz?

–  Salam. Adın, familyan nədir?

– Əli Əliyev.

Orta yaşlı adam qarşısındakı vərəqləri qurdalayıb nəsə oxudu və sonra sözə başladı:

– Həə, Atəş Əliyevin atası… A kişi, məlum olub ki, oğlun Atəş döyüşdə yoxdur. Qaçıb!  De görək onu harada gizlədibsən? Uşaqları döyüşdən qaçanlara çörək pulu vermirik!

– Nə?!

Kişinin gözləri kəlləsinə çıxdı. Bir anda qulaqları guppuldadı, gözləri qaraldı:

– Nə dedin?!

– Oğlun Atəş Əliyev döyüş yerində yoxdur. Yerin bilirsən? Haradadır? Yerin deməyənəcən sənə çörək pulu veilməyəcək!  Oğlunu harada gizlədibsən?…

Nümayəndə ağzı köpüklənə-köpüklənə  üyüdüb tökür, dil boğaza qoymur, elə hey danışırdı…

Kişisə bunların heç birin eşitmirdi.

“Oğlun  döyüşdən qaçıb!”  Bu kəlmələr  beynində saat əqrəbi kimi elə hey  fırlanır, fırlanır, dayanmaq bilmirdi. Gicgahları  guppuldayır, başqa nəsə fikirləşməyə qoymurdu: “Oğlun  döyüşdən qaçıb!” “Oğlun  döyüşdən qaçıb!” “Oğlun  döyüşdən qaçıb!”

Kişi nəfəsinin tıxandığını hiss etdi. Əlləri ilə köynəyinin yaxasını açdı. Hiss etdi ki, havası çatmır. Bu hissis-duyğusuz, gözlərindən cin çıxan kötük adamın üzünə bir şillə vurmaq, üstünə var qüvvəsi ilə bağırıb beynindəki səsi batırmaq istədi. Amma gözlədiyinin əksinə səsi çox sakit və təmkinli çıxdı. Odur ki, nümayəndənin kişinin içindəki zəlzələdən, tufandan, sunamidən əsla xəbəri olmadı.

– Hə, bilirəm!

– Nəyi?

– Gizləndiyi yeri bilirəm.

– Hardadır?!

– Qardaşının yanında. Tək deyil!

– Ünvanı bilirsən?!

– Hə, dur gedək, yerin sənə də göstərim, – dedi.

Nümayəndə sevincək tez ayağa qalxdı.

– Ay pir olmuş, bunu bayaqdan de də. Uşağın yerin nə qədər tez desən, o qədər yaxşıdır,  yoxsa ona “fərari” damğası vuracaqlar, döyüşdən qaçan döyüşçünün yerin deməyən valideyn də cinayət daşıyır axı, bilirsənmi? Elələrinə heç çörək pulu da düşmür. Gəl yerin de, iş bitsin…

– Avtobusum həyətdədir. Gəl mənimlə gedək, göstərim!

– Hə elədir. Səni görsə, qaçıb gizlənməz. Bizdə günah yoxdur, bizə elə tapşırıblar. “Voyenkomat”dan  deyirlər ki, Atəş Əliyev döyüşdə  yoxdur. Bizə də tapşırıblar ki, döyüşdən qaçanların ailəsinə çörək pulu verməyin, bir məni də başa düşün. Buyruq quluyam. Amma, kişi, sən narahat olma  elə bu gün oğlunu taplb gətirək, tapşıracam çörək pulunu versinlər…

Kişini belə süst görən nümayəndə dil qəfəsə qoymurdu… Amma bilmirdi ki, kişi onun danışdıqlarının heç birin eşitmir. Beynindəki saatın çıqqıldayan əqrəblərinin səsi onu nəsə eşitməyə qoymur.

Kişi nümayəndə ilə birlikdə həyətə düşdü. Avtobusa tərəf getdi…

Beynindəki saat dayanmaq bilmirdi. Oğ-lun qa-çıb. Çık-çık, oğ-lun qa-çıb, çık- çık! Fikri avtobusu, təhlükəli də olsa, birbaşa oğlunun “gizləndiyi” yerə sürmək idi. Axı özü də çoxdandır oranı görmək istəyirdi. Qoy bu kötük adam onun oğlunun döyüşdən “qaçıb” harada “gizləndiyin” görsün!  Sonra nə olur, olsun. Artıq cana doyub. Yuxusunu ərşə çəkən  oğlanlarının məkanında  – doğma torpaqda onlarla birlikdə əbədi yuxuya getmək idi fikri! Bayaqkı əqrəblər yerini indi də buna verib beynində çıqqıldayırdı. Addımlarında bir əminlik vardı, yeyin addımlarla nümayəndə ilə birlikdə avtobusa oturdu. Avtobusu: “Ya Allah!” – deyib işə saldı. Ayağını qaza basıb maşını xodlamışdı ki, elə bu zaman:

– Əli kişi deyilsən, hara gedirsən? – sözlərinə geri döndü. Ağdamdakı qonşusu idi. Bir göz qırpımlndaca avtobusa yaxınlaşıb kişi ilə illər ayrısı kimi salamlaşıb-görüşdü qucaqlaşdı.

– Necəsən, ay  Əli? Neynirsən?

Əli kişi: “İşim var, başqa yerə gedirəm!” – demək istəyirdi ki, qonşu onu qabaqladı:

–  Mən də səninlı gedim.

Bunu deyən qonşu Mürsəl kişi razılıq gözləmədən artıq avtobusun içində idi:

–  Allah köməyin olsun. Səhərdən isti nəfəsimi kəsib, burda qalmışdım. Nə yaxşı səni gördüm. Gör neçə aydır səni görmürdüm. Fikrim elə sənin yanında qalmışdı. Oğlun Atəş şəhid olanda başımıza güllə yağa-yağa Ağdamda yas verdik. Sonra mənim oğlum da yaralandı. Başım qarışdı, səndən xəbərim olmadı. Sən də mi buradasan? Uşaqlar necədir? Hara gedirsən belə? Gözümə bir təhər dəyirsən.

– Ağdama!

– Boy? Niyə ki?

–   Döyüşdən “qaçıb gizlənən” oğlum Atəşin gizləndiyi yeri bu adama göstərməyə! – deyib avtobusun oturacağında quruyub heykələ dönmüş adamı göstərdi.

– Səni yolda salaram, incimə, evə getmirəm, özün gedərsən! – dedi.

– Əli kişi, məgər sənin oğlun beş ay öncə şəhid olmayıb?! Ağdam Şəhidlər Xiyabanında əllərimizlə torpağa  basdırmadıqmı?! Sən nə danışırsan, kişi?!

– Bu kötük adam deyir, oğlunu gizlətmisən, yerin mənə göstər. Mən də onu aparıram oğlumun yerin göstərməyə!…

Əli kişi avtobusu saxlayıb qonşusunu düşürdü və ayağını qaza basaraq yüksək sürətlə işğalda olan Ağdama – torpaq uğrunda gedən döyüşlırdə vuruşaraq şəhid olmuş oğillarının uyuduğu torpağa tərəf  sürdü…