- Köşə

Gülyaz ƏLİYEVA. Deyirlər…

Deyirlər, sıxıntı keçicidir, sən göy üzünə bax, gözlərini ayırma ordan… Qara buludlar ötüb keçəcək. Bir gün səhər açılacaq, parlaq günəş doğacaq… Elə şeylər var ki, uzun müddət ürəyində saxlayırsan, dilinə gətirə bilmirsən, boğazını göynədir, dilini yandırır. Gündüzləri bir təhər gəzib-dolanıb, iş-güclə başını qatırsan. Gecələrsə onlar xatirəyə dönüb, qəddarcasına, xüsusi amansızlıqla üstünə qoşun çəkir, səni səndən alır. Nə göy üzü düşür yadına, nə açılacaq səhər, nə parlaq günəş…dilə gətirə bilmədiyin sözlər var, onlar ancaq insanın özünə aiddir, özünə məhrəmdir. Onu yad gözlərdən qorumq istəyir, heç kəsə deməməyə çalışırsan.

O kədər də sənin öz müqəddəs kədərindir, onu da yad gözlərdən gizləyirsən, üzündəki saxta təbəssümü ona hicab edirsən… Ancaq bir gün dərdin səni içəridən yeyir, gəmirir, saxlaya bilmirsən, onu heç kəsə demək istəməsən də, kağıza tökmək, sözə çevirmək istəyirsən…

Deyirlər, zaman ən böyük dərmandır, hər şeyi unutdurur. Bəs nədəndir ki, bu zamanın bəzi şeylərə heç təsiri yoxdur?! Heç nəyi unuda bilmirsən? Əksinə, hiss edirsən ki, bu ürəyindəki söz yığını, nisgil, qübar, həsrət ildən-ilə canlanır, böyüyür, artır. Lap Oğuz eli köçərkən çobanın təpiyi dəydikcə böyüyən, şişən Təpəgözə çevrilən ət torbası kimi.

O qəm-kədər də vaxt keçdikcə unudulmur, zamanın ona zərrə qədər təsiri olmur, gücü yetmir, o da böyüyür, səni sıxır, əzir, bəzən nəfəsinə tıxanıb, səni boğur, səni tükədir… Lap Oğuzların bəsləyib-böyütdüyü, sonralar onlara qənim klsilən Təpəgöz kimi. O xatirələr – əzizlərinin son gün xatirələri yaddàşına həkk olunur. Fon musiqisi kimi elə hey beynində səslənir, göz önündən keçir, daim səninlədir. Zaman keçdikcə də eyni cür qalır, heç unudulmur, əksinə, daha da canlanır, daha da ağrıdıcı olur, daha möhkəm səslə çalınır, qulaqlarında guppuldaylr… Hər gün o xatirələrdə əvvəllər görmədiyin nəyisə tapırsan, nəyisə kəşf edirsən. O heç köhnəlmir…

Deyirlər, qız uşaqları atalarını çox sevirlər. İllah da o ata müəllim ola, qızlarını dünyalar qədər istəyə, hər axşam onlara nağıllar, maraqlı hekayələr danışa. Şeirlər söyləyə, şeirlər söylədə… Deyirlər, qızlar qardaşlarını çox istəyirlər. İllah da o qardaş balaca ola. Beş bacının əzizi, körpəsi ola. İllah da əziz-xələf qardaş atasın erkən itirə… Ailə, ev qayğıların erkən yaşdan çiyinlərinə almaq məcburiyyıtində qala … şəxsi arzu-istəklərinin üstündən istər-istəməz xətt çəkə. Öz dünyagörüşü, savadı, mütaliəsi ilə yaşıdlarından qat-qat fərqlənsə də, təhsilini davam etdirməyə, işləmək məcburiyyətində qala …uşaq ikən ağsaqqal ola…

Deyirlər, analar öz uşaqlarını çox istəyirlər. İllah da oğlan uşaqĺarını. İllah da o uşaq çox şirin ola, körpə ola, məsum ola … Ölüm təbiətin qanunu olsa da, insanı yandırır, alışa bilmirsən bu həqiqətə. Heç cür barışa bilmirsən onunla. İllah da bu ölüm vaxtsız ola, qəfil ola… İllah da bunun üçünü də yaşayasan… üçünün də son xəbərini sən alasan, üçünü də gözlərinlə görəsən, üçünün də yanında sən olasan… Üçü də həyatını vermık istədiyin ən əzizin ola…

Deyirlər, ən əziz adamını itirəndə dünyada hər şey gözdən düşür, əhəmiyyətinш itirir, rəngi dəyişir. O göy üzü də, o açılan sabahlar da, parıldayan günəş də.. Hər şeyi unudursan …beynində eyni fon musiqisi, gözündə son günün xatirələri… Hər şeyi, hər şeyi, hətta özünü də unudursan, yalnız o gönləri unuda bilmirsən…

Deyirlər…