- Dil, Köşə, Manşet

Gülyaz ƏLİYEVA. Dilimiz – keçmişimiz, bu günümüz, gələcəyimiz, milli sərvətimiz…

 

Alman fiosofu Hegel deyirdi. “Ana dilində danışmaq böyük mədəniyyətdir”. Doğrudan da, elədir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də millətin varoluşudur, xalqın tarixini, mədəniyyətini özündə yaşadan ən təsirli mənbədir, keçmişə gələcək arasında qurulmuş ən etibarlı körpüdür.  Xalqın özünüifadə vasitəsidir. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Dil də canlı varlıqdır. O da doğulur, inkişaf edir, böyüyür və əgər övladları onu işlətməsə, bəyənməsə, o da ölə bilir…
Hazırda dünyada mövcud olan 6700 dilin yalnız beş faizindən fəal istifadə edilir və yaxşı sənədləşdirilib. Qalanları isə, təəssüf ki, bundan məhrumdur, yaşaması təhlükə altındadır. Dili işlətməmək xalq üçün faciəyə səbəb olar. Dili unutmaq təkcə gələcəklə deyil, həm də tarixlə, əcdadlarımızla əlaqənin kəsilməsi deməkdir. Harvard Universitetini bitirmiş dilçi alim və Məhv olmaq Təhlükəsi ilə üzləşmiş Dillər İnstitununun direktoru Qreqori Anderson  yazır: “Təsəvvür edir ki, hansısa ulu əcdadınızı yuxuda görürsünüz, onunla hansı dildə danışacaqsınız? Böyük ehtimalla o, indi sizin danışdığınız dili heç başa düşmür. Beləliklə də, balaca dilləri danışan adamların öz tarixləri ilə əlaqəsi tam kəsilir.”
ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə, dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq.

Hazırda mövcud olan dillərdən 28 faizində cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki, həmin 28 faiz son dərəcə təhlükə altındadır.
Dünyada 6700 dil var, amma bunun çox az bir hissəsi dövlət dili statusuna malikdir. Dövlət dili və ya Rəsmi dil – Konstitusiya ilə ölkənin, vilayətin xüsusi statusa malik olan dildir. Bir qayda olaraq ölkə administrasiyası, parlament və məhkəmələrində işlədən dil rəsmi dil sayılır. Təkcə çoxişlənən deyil, az işlənsə də yerli xalqın dili də dövlət dili elan edilə bilər. Məsələn, Yeni Zelandiyada maori xalqı ölkə əhalisinin beş faizini təşkil etsə də, onun dili dövlət dilidir. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. O, Azərbaycan Respublikasının əhalisinin  gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dilidir.
Azərbaycan dili təkcə bizim deyil, o, İran İslam Respublikasında yaşayan 30 milyondan  artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.

Biz əcdadlarımıza daim minnətdar olmalıyıq ki, torpaqlarımız, ərazimiz müxtəlif tarixi dönəmlərdə cürbəcür şahlıqların, sultanlıqların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da, qadağan olunduqda da dilimiz ölməyib, yaşayıb. Xüsusən də, Güney Azərbaycanda məktəblər, mətbuat olmasa da, qadağalar qoyulsa da onu xalq yaşadıb.
Ana dilimizi sevək, onu qoruyaq və qədrin bilək! Çünki xalqı birləşdirən və tanıdan ən güclü vasitə məhz dildir. Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.
Gəlin bu sərvəti birlikdə qoruyaq və gələcək nəslə təbii, gözəl, orijinal şəkildə ötürək.
Sonda fikrimi daha da qüvvətləndirmək üçün yazımı H.Əliyevin  dil haqqında kəlamları ilə bitirmək istəyirəm.:
“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir.
Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur.
Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir.
Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.