Kinoya o, durnaların qanadında uçaraq gəldi.Orta məktəbi qızıl medalla bitirəndən sonra heç kəsin ağlına da gətirməzdi ki, yeniyetməlik çağlarından məktəbdə fizika fənni ilə çox maraqlanan, Moskva Fizika-Texnika İnstitutuna qəbul olmağa hazırlaşıan Eldar Quliyev həyatını kino sənəti ilə bağlayacaqdır. “Durnalar uçur”. Eldar Quliyev orta məktəbi bitirən ərəfələrdə kinoteatrlarda Mixail Kalatozovun sensasiyaya çevrilmiş “Durnalar uçur” filmi nümayiş etdirilirdi. Eldar bu filmə dəfələrlə baxdıqdan sonra qəti qərara gəlmişdi: “Rejissor olacağam, kino çəkəcəyəm”.
Kinoya onu durnalar uçaraq bax beləcə qanadlarında gətirdi və elə bağladı ki, bir daha onu kinodan ayıra bilmədilər. Orta məktəbi qızıl medalla bitirəndən sonra iki il işləməli oldu, həmin illərdə əmək stajı olmadan instituta qəbul etmirdilər. Kinostudiyada rejissor köməkçisi vəzifəsində işləməyə başladı. Yalnız bundan sonra Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul oldu. Əvvəlcə sənədli filmlər ustası Roman Karmenin sinfində oxuyurdu. Bədii filmlər emalatxanası yaradılanda isə Karmenin məsləhəti ilə Eldar oraya getdi.
Təhsil illərində Eldar Quliyev o dövrün qaydalarına uyğun olaraq, özünün yazdığı ssenarilər əsasında kurs işləri çəkirdi. Ssenarilərin əsası kimi çox vaxt Qərb ədəbiyyatı nümunələri, məsələn, Jan Anuy, Henrix Böll, O’Henri kimi sənətkarların əsərlərini seçirdi. Diplom işini isə Azərbaycan yazıçısı Salam Qədirzadənin bir hekayəsi əsasında çəkmişdi. Diplom işini əla qiymətlə müdafiə edəndən sonra doğma Bakıya qayıtdı.
Lakin gənc kinematoqrafçının debütü sənədli kinoda oldu. O, Yusif Səmədoğlunun ssenarisi əsasında Səməd Vurğunun 60 illiyinə həsr edilmiş sənədli filmi Yalçın Əfəndiyevlə birgə çəkmişdi. Filmin musiqisini isə Emin Sabitoğlu yazmışdı. Beləliklə, bir növ üçqat debüt alınmışdı – ilk rejissor işi, ilk ssenari və bəstəkarın kinoda ilk işi.Ancaq Eldar Quliyev Azərbaycan və sovet kinematoqrafiyasına o dövrdə böyük hay-küyə səbəb olmuş “Bir cənub şəhərində” adlı tammetrajlı bədii filmin quruluşçu rejissoru kimi daxil oldu.
Filmin doğurduğu əks-səda birmənalı deyildi. Onu tərifləyənlər də vardı, pisləyənlər də. Onun ekranlara çıxmasını da xeyli gözləmək lazım gəldi. Senzorlar həmin filmi bir ildən artıq rəflərdə saxlamış, yalnız 1969-cu ildə bu məsələ öz müsbət həllin tapdı. Bundan ruhlanan gənc kinorejissor böyük həvəslə yeni filmlər çəkməyə qərar verdi. Onun kinoları sadəcə kino deyildi, həyatın özü idi, bir cənub şıhərində olduğu kimi, acısı, ağrısı, sevgisi, dəlidi, ağıllısı ilə birlikdə gerçık həyatın inikası idi. Yaradıcılıqla məşğul olduğu yarım əsrə yaxın bir müddətdə Eldar Quliyev 20-yə yaxın bədii və çoxsaylı sənədli filmlər çəkib. Həmin filmlərin ssenarilərini də istedadlı gənc azərbaycanlı müəlliflər yazıb.
Eldar Quliyev 1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı, “Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifi olub. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda mükafatlara layiq görülüb. “Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professoru olub. E.Quliyev 1987-ci ildən “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının rəhbəri kimi fəaliyyət göstərib. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.
Film çəkə-çəkə öz ömrü də bir film oldu – Eldar Quliyev adlı sənədli bir film… Durnaların qanadında kinoya gəldiyi kimi elə durnaların qanadında payız olmasa da, bahara rəğmən köçdü bu dünyadan…
Bu gün 80 yaşında olan sənətkar durnaların qanadlarında bu dünyadan köçsə də, hər yaz yenə eləcə getdiyi durnaların qanadında Azərbaycan kinosuna qayıdacaq: özünün, yetirmələrinin çəkdiyi filmlərlə.