Şənbə töhfəsi – ağ kağız, qara qələm deyib gəlmişəm…
Kağız-qələm… Ən məhrəm sirdaşımız. Ürəyimizi boşaltdığımız, dərd-sərimizi, ağrı-acımızı tökdüyümüz qəlb yoldaşımız, sirr boğcamız. Ataların bir sözü var, deyir:
Əzizinəm açım mən,
Yerim yoxdu, qaçım mən.
Ürək süfrə deyil ki,
Hər yetənə açım mən.
Amma kağız bizim üçün bütün dərdlərimizi, sirlərimizi açıb tökdüyümüz yerdir. Bəzən olur, dolursan, yaz buludları kimi. Hər kəsdən, özündən belə qaçırsan. Dərdini söyləməyə, ürəyini açmağa yer axtarırsan. Sözünü, sirrini, ürəyinin dərinliklərində gizlətdiklərini tökməyə, boşaltmağa məhrəm bir yer istəyirsən. Səni məngənə kimi sıxan sözləri, düşüncələrini kimə deyəsən, kimə söyləyəsən? Kimə deyəsən ki, heç nə soruşmadan səni, ancaq səni səbirlə dinləyə? Əlbəttə, kağıza deyəcəksən. O zaman qələm yada düşür və sən oturub ürəyini ağ kağıza boşaldır, ona qara naxışlar düzürsən. Necə deyərlər, “sağ dəstinlə ağ kağıza” qara yazır, ağ tarlanda qara şum əkirsən. Bir yüngüllük tapırsan, çiyinlərindən ağır yük götürülmüş kimi… Yuxusuz gecələrində ürəyini neştər kimi söz deşəndə yenə əlinə qələm alırsan, ağ kağızla dərdləşirsən, heç kəsə demədiklərini ona deyirsən. Muncuq sapa düzülən kimi hərflər də qara mirvariyə dönüb yan-yana düzülür… Ürəyin rahat olur.
Kağız-qələm. Bəşər övladının ən önəmli kəşflərindən biri – yazı… İlahi yazı Yaradana məxsusdur. İnsanın Allahın bir zərrəsi olmağını sübut edən vasitələrdən biridir yazı. Bəşəriyyətin yarandığı ilk vaxtlarda qələm ancaq uca Yaradanın əlində olub, yazını ancaq o yazıb. Qələm və yazmaq yalnız ona məxsus olub.
Yazı biz anadan olmamış alnımıza yazıldı: bəxtimiz yazıldı, qədərimiz, taleyimiz yazıldı. Yaradana müraciətlə: “Yazı yazan, bu gözəli mənı yaz”,- dedik.
Mən aşıq qara niyaz,
Ağ üzdə qaranı yaz.
Hər kağızın başında
Mən bəxti qaranı yaz.
Sonra Yaradan qələmi – yazmaq hünərini, qabliyyətini yaratdıqlarının əşrəfi sandığı İnsana verdi ancaq. Yaradan İnsanı bütün yaratdıqlarından seçdi. Ona da yazmaq, yaratmaq qüdrəti verdi. Söz demək, söz söyləmək, yazmaq, yaratmaq eşqi verdi. Ağıl verdi, düşüncə verdi, özündən zərrələr bəxş etdi ona… Ona da qələm əta etdi.
Qələmin hünərini gördü atalar. Odur ki: “Qələm qılıncdan itidir, qələm yazanı qılınc poza bilməz, qələmin ucu – qılıncın gücü”, – dedilər. Qələmə inandılar.
“Qələm əyri yonulsa da doğru yazar”, – söylədilər.
Qələmi fikrin tərcümanı adlandırdılar.
“Qələm sözdən kəskindir”.
“Qələm tutan əl dilənməz”, – dedilər.
Qələm yazanı kağız udar, həqiqətən də.
Nə qədər yazılar uddu kağızlar. Özündə saxladı, bizə çatdırdı. Ona yazılan sözlər vasitəsi ilə. Kağızlara dürr kimi sözlər yazıldı. Söz… Xəlqə ağzın sirrini hərdəm izhar qılan söz. Yoxdan var olan ilahi söz. Onun qüdrəti danılmaz oldu. Aqillər sözə ehya verdilər, onu diriltdilər ki, söz də onları diri tutsun, ölməyə, unudulmağa qoymasın. Söz də dediyini tutdu. Gözəl söz əhlini diri tutdu, unudulmağa qoymadı. Bəzən baş, bəzən də savaş kəsdi söz, kimin ağzından çıxmasına rəğmən. Amma get-gedə, zaman dəyişdikcə söz də ikiləşdi: doğru söz, yalan söz, həqiqi söz, qəlp söz deyə… Bu zaman atalar hər sözə deyil, doğru sözə önəm verdilər: “Sözün doğrusu dəmiri dələr”, – dedilər. Sözün haqdan gəldiyini sandılar.
“Söz sözü çəkər, söz vaxtına çəkər.
Söz var – gələr keçər, söz var – dələr keçər”, – söylədilər.
Sözü astanın ürəyi tasvasda olar.
“Sözü yerə atdılar ki, yerini tapsın. Sözü yerində söylədilər.
Sözü ilə işi bir olanı hörmətli tutdular. Yalan söz üz qızartdığı üçün aqillər məclisində urvatsız tutuldu. “Sözün yanlışı olar, yalanı olmaz”, – deyən atalar, bir də: “Sözün uzunu adamı yorar”, – dedilər. Odur ki, mən də sizi yormaq istəmir, sözümü çox uzatmayıb burada tanamlayıram. Sözünüz kəsərli, diliniz uzun, qələminiz iti olsun. İstirahətli şənbələr…