- Köşə

Gülyaz ƏLİYEVA. Mən kiməm?

Füzulini çox oxuyuram. Qəribədir ki, hər oxuyanda yeni bir məna kəsb edirəm – əhvali-ruhiyyəmə, düşüncəmə uyğun. Onun bir kəlmədə ifadə etdiyini bir səhifə ilə ifadə edə bilmirəm. Böyüklük az sözlə dərin  mənalar ifadə etməkdədir:
Mən kiməm? Bir bikəsü, biçarəvü, bixaniman,
Taleyim aşüftə, iğbalım nügun, bəxtim yaman ….
Bir beytdə 7 cümlə və səhifələrə sığmayan dərin məna …İstədim mən də özümə sual verəm:

Mən kiməm?

Yarımçıq işlə heç aram olmadı. Sevdimsə, bütün ürəyimlə, dopdolu, bir mm də boşluq, yer qoymadan sevdim!
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi-eşqdən etmə cüda məni…

Birinə dost dedimsə, onu tam bir dost gözü ilə gördüm, dost sandım və dost etdim özümə. Yarımçıq dost olmadım. Orta hədd olmadı məndə heç! Ya hər şey, ya heç nə! (Oxuyanda da 2 qiymətim olub həmişə: ya “2” ya da “5” almışam, istər orta, istər musiqi, istərsə də institutda) Oldumsa, ya çox xeyirxah oldum, üzüm döndüsə, çox sərt oldum. Miyanə ola bilmədim.  Dost ola bilməyənlərə dost olmadım heç zaman. Yalandan özümü dost göstərmədim! Ya gözümdə tutdum, ya kəsib atdım. Süni olmadım. Süniləri, saxtaları, yalançıları  tez tanıdım. İnsanları heç zaman varlısına, kasıbına ayırmadım. İnsandırsa, insandır. Mənən zəngindirsə, dürüstdürsə, mərddirsə, insandır. Zəhməti sevdim, ona vuruldum. O, insanı başıuca edir, sandım. Onun sayəsində gözükölgəli olmadım heç zaman. Nə əldə etdimsə, onun sayəsində etdim. Allahımı sidq-ürəkdən sevdim. Tək ona borcluyam, ona minnətdaram.

Qarşıma həmişə yaxşı adamlar çıxardı. Pislərdən uzaq oldum. Yolumda oldular, amma əsla, yanımda olmadılar. Paxıllara, bədxahlara acıdım. Çünki həmişə mənə qazdıqları quyuya özləri düşdülər. Allahım məni daim o quyulardan qorudu. Getdiyim yerdə qazılan quyu varsa, ayağımı sındırdı, qayıtdım. Şükür etdim, çünki quyuya düşmədim. Ayağı sağ  olub quyuya düşməkdənsə, ayağımın sınmağını üstün tutdum, onun ağrısına dözməyi, quyuya düşüb çıxmaq xəcalətindən üstün tutdum, quyuya düşmədiyim üçün şükür etdim. Saxtalara, sünilərə güldüm, saxta ola bilmədim. Ürəyimlə dilim bir oldu, daim  ürəyimdəki üzümdə, gözümdə əks olundu.  Artistlik etməyi bacarmadım, yalan danışmadım, danışa bilmədim,  gözlərim, dilim məni ələ verdi. Qorxaqlara, yaltaqlara güldüm. Özünə əziyyət verməyi bacaran, özünə tələbkar, acımasız olan adam qorxaq ola bilməz. Özümə zülm elədim həmişə, kəskin qadağalar qoydum və ona ciddi  əməl etdim, heç kəsin zülmün görməyim deyə  Dərd üstümə gəldi həmişə…

Dərdiməndi firqətəm, dərmani-didar istərəm…

Dərd məni çox sınadı, vacib məqamlarda, vacib dönəmlərdə canımın parçaları ilə, ciyərparalarımla məni daim sınağa çəkdi. O da inadına durdu sanki mənim inadımı görüb: atamı tez alıb, qardaşımı tez alıb, oğlumu tez alıb, məndən yox, bu dünyadan… Məndən ala bilmədi amma! Onlar həmişə yanımdadırlar! Mənimlədirlər! Ona görə güclüyəm! Tək deyiləm, üç adamı özümlə daşıyıram: orta yaşlı müdrik, cavan və uşaq! Ona görə hərdən uşaq kimi küsəyən, saf, təmiz, hərdən şən, zarafatcıl, hərdən də dünyagörmüş, qəm daşıyıcısı, kədərli oluram…

Dərdim çox oldu…
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun…
Dərd adamı arındırır, müdrikləşdirir, deyirlər. Ona yeniləndə isə adamı əyir, amma dərd  məni əyə bilmədi, yenə bilmədi, düz yolumdan döndərə bilmədi, onu çəkdim, amma dilimə gətirmədim, ürəyimdə çəkdim, gücüm çatmasa da, daşıdım ürəyimdə. Ürəyimin həcmindən böyük olsa da, yerə qoymadım. Bu, məni çox yordu, ürəyimi yordu, onu çox yerdən zədələdi.

Dərd çox sınadı mən zəifi …

Özümdən, çəkimdən ağır yükləri çiynimdə  daşıdım həmişə, qarışqa kimi, yerə qoymağı düşünmədim amma, onu özümə sığışdırmadım. “Bu mənim taleyimdir, bu mənim qismətimdir, çəkməliyəm”,- dedimsə də, ürəyimdə buna qarşı üsyan oldu həmişə məndə amma..
Dərdimi qucaqlayıb çəkdim, gizlində çəkdim, onu aşikarda çəkməyə utandım, qüruruma sığışdırmadım,  özümü sındırmadım, heç kəsə demədim dərdimi…

Qönçə kimiyəm məni-pərişan
Ağzım dutulu, içim dolu qan…

Dərdin məni əydiyini görsünlər, istəmədim. Dayana bilməyəndə uzun gecələri çox dolan vaxtlarımda dərdimi kağıza tökdüm, gözyaşımla bərabər, mənə acısınlar istəmədim, dərd məni əysin istəmədim, yüngülləşəm istədim! İsgəndərin buynuzun görmüş çoban quyuya deyən kimi mən də xəlvətcə kağıza dedim dərdimi…

Qarabağlıyam! Şəxsi kədərim azmış kimi bir bu dərdim də var! Dağ boyda! Yurd dərdi – Vətən dərdi. Məskən – mədfən dərdi! Füzuli dərdi kimi müqəddəs bir dərd!
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmküsarım yox,
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyarim yox,
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm?

Dürüstəm. Cəsarətliyəm. İnsan ancaq dürüstlüyünü fərq edərsə, cəsarətlə danışa, cəsarətli ola bilər…
Heç namərd olmadım. Birini gözüm tutdusa, ölənəcən tutdu, tutmadısa, ölənəcən tutmadı. Yarı yolda qoymadım heç kəsi. Başıma tac etdimsə, ölənəcən tacdır, ayağıma çul etdimsə, oradaca qalasıdır!

Bundan sonra da başqa cür olmaram, ola da bilmərəm. İnsanları qadın-kişi deyə bölməyi sevmədim.
İnsandırsa – insandır mənimçün, ya kamildir, ya cahildir! Kamillik zirvəsi mənim üçün sonsuz iztirablardan keçməkdir. Mən o iztirablardan alnıaçıq, üzüağ  keçmişəm! Mən cəhənnəm əzabını bu dünyada görənlərdənəm. Həm övlad kimi, həm bacı kimi, həm də ana kimi! Mən 80 yaşlı anamı hər dəfə qəbir üstünə aparıb balaca qardaşımın məzarını necə qucaqlayıb göz yaşı tökdüyünə baxdıqca, o soyuq daşı əlləri ilə sığallayıb “layla “dediyini eşitdikcə, mənim qürurlu, həyat yoldaşını itirəndən sonra heç vaxt göz yaşlarını bizə göstərməmiş (tək bir dəfə dərsdən təsadüfən tez evə qayıdarkən onu heç kəsin evdə olmadığına əmin olduqdan sonra oturub ağlayarkən göz yaşı axıtdığını görmüşəm. O zaman anamın da ağlaya biləcəyinə əmin olub təəccüb etmişdim), anamın nurunu itirmiş gözlərindən sel olub axan göz yaşlarını gördükcə cəhənnəm əzabı yaşayır, Qır qazanında korun-korun yanıram… Mən atamın qəbrinin üstünə gedə bilməyəndə, o qəbirin erməni tapdağında qaldığını düşündükcə Qır qazanında yanır, yenidən dirilirəm. Mən körpə balamın itib-batmış qəbrini hər dəfə qəbirlər arasından axtarıb tapa bilməyəndə, əli boş qayıdanda, arxadan sanki: “ana, ana, məni niyə görmürsən, mən burdayam?!”,- səsini eşitdikcə  cəhənnəm əzabını yaşayıb yenidən dirilirəm. Lap Prometey kimi! Mən bundan sonra o dünyada Cəhənnəm əzabını 2-ci dəfə çəkərəmmi, görəsən,  bu dünyada bir dəfə çəkmişkən?!

Mən inandığıma dərindən inanıram, güvəndiyimə sonsuzadək güvənirəm.
Mən dünyanı həmişə düz görmüşəm, əyri görmədiyim üçün əyrilərdən xəbərsizəm.
Mənim dünyam əyri deyil, düzdür. İnsan düzdürsə, demək, dünya da düzdür. Qarşımasa, daim düz insanlar çıxıb. İnsanlar düz olduqca dünya da düzələcək, – buna ürəkdən inanıram. Odur ki, düz dünyamın yıxılmasını istəmirəm, onu qorumağa çalışıram. Əyrilərin orada olmasını istəmirəm.
İnsanam, hərdən səhvim ola bilər, amma onu fərq edəndə mütləq düzəltməyə çalışıram. Ən zəhləm qaçan şey kiminsə mənə inanmamasıdır, düz danışanda şübhə etməsidir. Ona heç təhəmmülüm yox! Özümü alçalmış və çarəsiz hiss edirəm o zaman! İnsanlar düz olduqca, bir-birinin dediyinə inandıqca, bir-birlərinə güvəndikcə dünya da düz və güvənilir olacaq, sanıram. Odur ki, özümə belə balaca bir dünya düzəltmişəm.
Mən  də beləyəm. Bundan sonra da başqa cür olmaram, ola da bilmərəm.  Bütün bunlara rəğmən güclüyəm, yıxılmamışam, ayaqdayam, yaşayıram, hətta gülümsəyirəm! Mən buyam.  Nəyəmsə, oyam! Ya hər şey, ya heç nəyəm.

Mən beləyəm .
Fikrimdə ancaq azad yaşamaq,
Bir quş kimi uçmaq…
Ucsuz-bucaqsız səmadan
Bu riyakar dünyaya baxmaq
İstəyirəm…
Gülümsəyirəm,
Həyatın acısına,
Ağına, qarasına…