Elə bir mövzu haqqında söhbət açmaq istəyirəm ki, o, bütün dövrlərin əlinə qələm alan və almayan, habelə dünyanı anlamağa çalışan bütün söz xiridarlarını həmişə düşündürüb. Onu yerinə, məqamına görə dağa çıxaran da, dağdan endirən də adlandırıblar. Bəzən baş kəsdirən, bəzən də savaş kəsdirən olub o. Kimi onu su kimi lətafətli, saf inci, kimi də can adlandırıb. Amma nədənsə onun – can adlandırdılarının az olmasını istəyiblər həmişə. Çoxluğuna görə kimi onu dərd verən, kimi də “əzizi xar qılan” adlandırıb. Söhbət, əlbəttə, sözdən gedir. Az söz bir dəstə çiçəyə, çox söz xırman otuna bənzədilib. Az söz Günəşlə, çox söz ulduzla müqayisə edilib. Qiymətinə görə məna daşıyan az söz qızıla, mənasız söz kərpic yığınına bərabər tutulub.
Sözün dəyəri onun mənasında və həqiqiliyində, doğruluğunda, elmiliyində olub. Yalan söz üz qızardıb, doğrunu danışan isə qüdrətli olub həmişə bütün dövrlərdə. Bəzən elə olub ki, yalan söz ayaq tutub, amma yeriməyib. Ulularımız, dünyagörmüş kişilər sözü ağızda bişirib çıxartmağı tövsiyə ediblər. Çiy söz də çiy ət kimi dadsız və ziyanlı olar deyə.
Söz də quş kimidir deyiblər, ağızdan çıxdısa, onu heç cür geri qaytara bilməzsən. Nə qədər istəsən, cəhd etsən belə…
Söz qılıncdan kəsərlidir. Atalar deyib ki, qılınc yarası sağalar, söz yarası sağalmaz. Odur ki, onunla ehtiyatlı hərəkət etməlisən. İçi dolu tüfəng qanmaz bir uşaq əlində necə qorxuludursa, söz də bir nadan dilində o qədər qorxuludur; abad könlü yıxar, pərişan edər, ürək sındıra bilər. Ürək dediyin də şüşədəndir, sındımı, düzəldə bilmirsən, güc-bəla ilə düzəltsən də, artıq möhkəm olmur, həm calanmış yerlərin izi qalır, əvvəlki gözəllikdə olmur, həm də dayanıqlığını itirir, qəfildən təkrar sına bilir.
Sözdə doğruluğa qiymət verən müdrik atalar “Doğru söz dəmiri dələr” deyiblər. Doğruya heç zaman zaval olmayıb, deyilənə görə. “Sözü söz kəsər” deyiblər. Sözün kəsə bildiyini başqa heç nə kəsə bilməz. Söz ölkələr tutar, ordular yıxar, qansız, qadasız. Elə olar ki, sözdən ölərsən, elə də olar sən sözü öldürərsən… Bəzən söz səni, bəzən də sən sözü dirildərsən. Ehya verdiyin – diriltdiyin söz də səni daim diri tutar, ölməyə qoymaz. “Söz insanın vuran əlidir” deyiblər. Qoluzorluların güclə edə bilmədiyini, kamil bir insan gücsüz olsa belə, bir sözlə həll edə bilər. Xalq təfəkkürünün məhsulu olan “Ağıllı uşaq” nağılının qayəsi də budur, bunu demək istəyiblər, ordunun həll edə bilmədiyi məsələni söz vasitəsilə çözən ağıllı uşağın timsalında…
“Sözün başı axırından bilinər. Sözü sözdən alarlar”.
Görün, söz nə qədər böyük qüvvəyə malikdir ki, atalarımız ona bu qədər söz qoşublar. Bayatılarımızın birində deyilir:
Söz-söhbəti naz oğlan,
Keyf-damağı saz oğlan,
Özün gələ bilməsən,
Nə sözün var yaz, oğlan.
Demək, sözə ehtiyac o qədər güclü olub ki, insanın özü olmasa da, sözünün ona yetməsi kifayət edib, adamın yoxluğun unutdurub.
Söz həm maddi, həm də mənəvi varlıqdır. O, həm həqiqi, həm də məcazi mənalıdır. Söz təkmənalı və çoxmənalı, ümumişlək və qeyri-ümumişlək, arxaik və neologizm ola bilər.
Deyilənə görə, söz insandan əvvəl yaranıb. Axı Allah insanı yaradıb və ona “kün” (“ol”) deyib. Deməli, əvvəl söz, ondan sonra insan yaranıb və o, ölməzdir, əbədiyaşardır.
Sözün də taleyi var. Onun taleyi sözü işlədəndən, o sözün kimin dilində və ya qələmində işlənməsinə baxır. Aqil, kamil insanın dilindən və ya qələmindən çıxan söz dəyərli olar, qızıl kimi sözlər olar. Bir cahilin, yalançının dilindən çıxan sözlərin isə nə qədər qiymətli olsa da, dəyəri olmaz. Urvatsız olar o söz.
Bəs nədir sözün tərifi?
Dilçilərin fikrincə: “Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səs birləşməsidir.
Söz dilin semantik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz. Dildəki sözlərin mexaniki çoxluğu dilin inkişafından xəbər verir. Sözü çox olan xalqın (dilin) təfəkkürü zəngin olur.
Məncə, bu tərif, sözün özünün daşıdığı mənanı tamamilə özündə ehtiva etmir. Söz təkcə varlığın adı deyil, o bizim hisslərimizin, duyğularımızın da tərcüməsidir. Bəzən biz onu düz “tərcümə edə”, düzgün ifadə edə bilmirik. Baxırsan ki, ürəyindəki hisslər başqadır, amma o, dilinə gələndə, sözə çevriləndə başqa cür “tərcümə” olunub. Ona görə də bəzən danışıqda “fikrimi düz ifadə edə bilmədim, düzgün çatdıra bilmədim” kimi ifadələr işlədirik. Səhv etmirəmsə, Taleyran demişdi ki, dil – söz fikri açmaq yox, həm də gizlətmək üçün istifadə olunan bir vasitədir. Bəzən dediyin, işlətdiyin sözlər ürəyindəkini aşkara çıxarmağa yox, gizlətməyə xidmət edir. Demək, “tərcüman”dan çox şey asılıdır.
Hər sözü tərcümə etmək mümkün olmadığı kimi, ürəyindəki hissləri, duyğunu da bəzən sözə çevirmək olmur. Onları da bəzən ya bilərəkdən, ya bilməyərəkdən düz ifadə edə – “tərcümə” edə bilmirsən. Çünki onlar sırf sənin ürəyinin sözəridir, sənin hisslərin, sənin duyğularındır. Başqalarından fərqlənir. Frazeoloji birləşmələr başqa xalqın dilinə tam mənası ilə tərcümə edilə bilmədiyi kimi, onun çatdırdığı fikri tam mənası ilə onu yaradan xalq başa düşdüyü kimi sənin ürəyinin hiss və duyğularından doğan sözləri də tam mənası ilə yalnız sən özün anlaya, sən bilə bilərsən. Lalın dilini yalnız anası bildiyi kimi, onların daşıdığı məna yükünü də yalnız sən bilə bilərsən. Onlar sehrli, tilsimli sözlərdir. Düzgün ifadə edilə bilməyəndə (çox zaman bu, belə olur, o sözləri, o hissi, duyğunu ifadə etməyə, “tərcümə” etməyə düzgün kəlmələr, ifadələr seçə bilmirsən), qarşındakı səni yanlış anlaya bilər. Elə ona görə də o cür sözləri ürəyində saxlamaq istəyirsən. Çünki dilə gələndə sözlər o sehrini, qüdrətini, o daşıdığı mənasını itirmiş olur. Yanlış “tərcümə” – ifadə o sozləri öldürür.
Odur ki, bəlkə də, bunu nəzərə alaraq, bəzən sözü – dərdi heç kəsə demədən ürəkdə saxlayırlar… Lap Səməd Vurğunun bu misralarındakı kimi:
Nə sözüm-söhbətim, nə həmdəmim var,
Dərdim ürəyimdə pünhan, ağlaram…
Bəs niyə belə olur?! Ürəyindəkini düzgün ifadə, düzgün “tərcümə” edə bilmədikləri üçün… Adi tərcümədə də belədir. Hər xalqın dilində yalnız özünəməxsus elə sözlər, kəlmələr, ifadələr var ki, onları özgə dilə hərfən tərcümə etmək olmur, gülünc alınlr, ilkin daşıdığı mənadan uzaqlaşır. Məsələn: frazeoloji birləşmələr kimi.
Frazeoloji birləşmələri başqa xalqa düzgün çatdırmaq, tərcümə etmək üçün onun ruhunu, canını duyasan gərək, onu olduğu mənasında anlamaq üçün o frazemi yaradan xalqın nümayəndəsi olasan gərək, ya da onun daşıdığı dilə mükəmməl bələd olasan. Başqa cür onu tam mənası ilə anlaya və ya anlada bilməzsən. O cür ifadələri başqa dilə tərcümə etmənin yolu onları həmin xalqın o ifadənin mənasına yaxın ifadələrlə əvəz etməkdir ki, əlbəttə, bu da həmişə dolğun alınmır və nəticədə müəyyən dərəcədə təhrif etmiş olursan.
Ürəkdəki sözlərimiz də belədir. Bəzən biz onları düz “tərcümə” edə bilmirik. O zaman onlar öz ifadə etdiyi mənanı, çatdırmaq istədiyin fikri, dəyərini itirmiş olur. O cür çətin, qarışıq hissləri ifadə edən sözlərimiz elə dilə gəlmədən ürəkdə qalsa yaxşıdır. Çünki o sözlər düzgün ifadə edə bilmədiyindən səhv anlaşılır.
Tərcümə oluna bilməyən və ya çətin tərcümə olunan sözlər də var.
Deyirlər, dünyada ən həcmli və çətin tərcümə edilən söz yaqan dilində olan “mamihlapinatapai” sözüdür. Təxmini mənası belədir: Heç bir tərəfin etmə iqtidarında olmadığı halda hər iki tərəfin istədiyi bir şeyi etmək üçün bir-birinin gözlərinin içinə baxması və yaxud da iki tərəfdən birinin həyata keçirilməsini istədiyi şeyi yerinə yetirmək təklifini baxlşları ilə etməsidir… Bədii olaraq bunu “digərinə özünü naqolay hiss etdirmək” kimi tərcümə etmək olar…
Göründüyü kimi, məna tam anlaşılmadı…ürəkdə qalan sözlər də belədir demək… Tərcümə etmək, sözlə ifadə etmək olmur…