Çoxdandlr, bu qədər ümidsizliyə qapanmamışdım…
Rusiyada yaşayan azərbaycanlı blogerin Bakıya gəlişi gənclərimizin əksəriyyətinin nə böyüklükdə tamahkar kütlə olduğunu üzə çıxardı.
Bu hadisə gənclərin, hamısının olmasa da, böyük əksəriyyətinin hansı səviyyədə olduğunu göstərdi. Vəziyyətin bu cür acınacaqlı halda olmasının səbəbləri nədədir, kımdədir, görəsən? Bu gəncliyə nə oldu? Onlar birdən-birəmi bu hala düşdü? Məncə, səbəbin bir hissəsi gənclərin təlim-tərbiyəsində yeridilən ümumi ideoloji işlərin səviyyəsinin yarıtmaz olmasındadır. İdeoloji işlərin aparılmasında boşluqlar olmamalıdır. Boşluqlar olanda həmin sahələr bu işdə marağı olanlar tərəfindən istənilən vasitələrlə tutulur, süni surətdə doldurulur. Reallığı görmək lazımdır, bu, bizik, bizim cəmiyyətin yetişdirdiyi gənclikdir. İndiki gənclik uşaqlığında layla eşitməyib, nağıllara qulaq asmayıb, kitab oxumur, faydalı bədii filmlərə baxmır, teatra getmir. Evdə də telefon, çöldə də telefon. Kim onların tərbiyəsi ilə məşğul olur? Bütün günü əlində telefon olan valideyinmi, ya əlavə yüklərlə həddən artıq yüklənmiş, lazımsız kağız-kuğuz içində itib-batmış, göz açmağa imkanı olmayan müəllimmi?
Uşaqları dəyişmək üçün birinci növbədə ailədən, nənələrdən, analardan başlamalıyıq… Görünən mənzərə çox dəhşətlidir. Buna kütlə deyirlər. Kütlə isə çox qorxulu və böyük qüvvədir. Kütləni istənilən istiqamətə asanlıqla yönəltmək olar. Yadıma uşaq vaxtı olan bir hadisə düşdü. Kənddə nənəmgildə idim. Onların çoxlu qoyunları var idi. Qoyunları müşahidə edirdim. Əgər “lider” qoyun bir yerə gedirdisə, qarşılarını kəsməyə nə qədər çalışsan da, hamısı lap ölüm, təhlükə də olsa, onun ardınca kütləvi şəkildə getməli idi. Hətta qonşunun balaca oğlu bir dəfə qarşısı kəsilmək istənın bu dəhşətli qoyun kütləsinin ayaqları altında qalmışdı. Nə qədər qarşısın kəsməyə çalışsalar da, hamısı kor-koranə surətdə eyni istiqamətdə getdi və nəticə faciəvi oldu… Mən o vaxt bu kortəbii kütlədən çox qorxmuşdum…
Bəs insanı kütlıyə çevirən nədir? Kimdir günahkar? Onlarmı bizmi, yoxsa başqalarımı? Vəziyyətdən ən asan çıxış yolu gəncləri və məktəbi gunahlandırmaqdır. Lakin günahı təkcə onlarda axtarmaq da düzgün olmazdı.
Demək, gənclər arasında manqurtlaşma çoxdan varmış, məlum hadisə isə paytaxtdakı bu manqurtları ortaya çıxardı. Sayları nə qədər də çoxmuş…
Bəs səbəb nədir? Günah kimdədir? Ordakı gənc deyilən kütlənin cahilliyinin yükü, əslində, özlərindən daha çox valideynlərinin çiynində olmalıdır. Fanat olmaqda eyib nəsə yoxdur. Gəncliyi bunsuz təsəvvür etmək olmaz. Bizim dövrümüzdə də vurğunu olduğumuz səs, rəsm, kinoaktyorlar var idi. Amma bizim gənclik hər şeyin yerin bilirdi, mütailəsi var idi, ata-ana ilə, bacı-qarsaşla, yoldaşları ilə canlı ünsiyyətdə olurdular.
İfrat telefon aludəçiliyi müasir dövrün, xüsusən, gənclərin ən yaralı yeridir. Odur ki, ailədə bu barədə söhbətlər aparılmalı, gənclərə düzgün yol göstərilməlidir. Bir telefona görə gənclik bu cür acınacaqlı vəziyyətə düşməməlidir.
Bunun olmaması üçün hər bir valideyn evdə maarifləndirici söhbətlər aparmalıdır. Hər şeydə əndazəni gözləməyin vacibliyi xatırlanmalıdır. Əsas iş valideynlərdədir. Gəncə başa salmaq lazımdır ki, xoşu gəlmək və fanatlıq fərqli şeylərdir. Fanatizm ifratçılıqdır, hər şeyin də ifratı pisdir. “Dədə Qorqud” filmində belə bir epizod var. Öldürülməməsi üçün Beyrəyin ayaqlarına qapanan Yalıncığa Beyrək ikrahla baxaraq deyir: “Qalx ayağa, bir qaşıq qan nədir ki igidliyi, ərliyi ona qurban verirsən?!”
İndi oradakı gənclər gör nə dərəcəyə gəliblər ki, bir telefona görə hətta alçaldılaraq şallaqlanmağa razı olublar. Özlərinə nə dərəcədə hörmət qoymurlar ki, üstlərinə telefon atılmasını qəbul edirlər. Əlbəttə, bizim gənclik onlar deyil, Qarabağda savaşan, ölümün gözünə dik baxan, düşmən qarşısında əyilməyən, Şuşanı yalın əllə alan gənclikdir. Lakin belə cahil kütlənin çoxalmaması üçün mütləq təsirli tədbir görmək, ideoloji iş aparmaq lazımdır. Yoxsa, sonra gec olar.
Bir ayfondan ötrü bir-birini tapdalayıb keçən belələri gələcəkdə əllərinə imkan düşəndə pul, var-dövlətdən ötrü acgözlük edib hər cür satqınlığa, rüşvətxorluğa razı olar. Hər bir xalqa məxsus ümumi mentalitet olur. Bu mentalitetdən seçilən ayrı-ayri fərdi insanlar, qruplar az olur və istisna təşkil edir. Bizim ümümi mentalitetimiz bu deyil. Mentaliteti dəyişmək xalqı məhvə aparar. Gəncliyi düz yolda olmayan xalqın isə gələcəyi olmaz.