- Köşə

Gülyaz ƏLİYEVA, Nədən ziyalılar şikayətçidirlər? Və ya: “əmiləy, ay əmiləy, bəlkə…”


Xəbər verildiyi kimi, bu ilin fevral ayında ziyalılar Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət edərək Bakının əcnəbi dillərin “işğalından” azad olunmasına yardım etməsini xahiş etmişdilər. Müraciətlə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin əməkdaşlarından ibarət komissiya yaradılsa da, problemin həlli istiqamətində heç bir addım atılmadığı üçün müraciəti imzalayan ziyalıların nümayəndələri Prezident Administrasiyasına yenidən müraciət edərək humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva ilə görüşmək istədiklərini bildiriblər. FADMM-in aprel ayı hesabatında deyildiyinə əsasən, bu məsələ ilə bağlı 25-dən çox  saytda informasiya dərc edilib. Məsələni müxtəlif yöndən işlqlandıranlardan biri də ” Yeni Müsavat”dır.

“Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verib. Onun dediyinə görə qanunvericiliyə görə Azərbaycan ərazisində dövlət dili ilə yanaşı xarici dildə olan reklamdan da istifadə oluna bilər:
“Sadəcə bu zaman xarici dildə olan mətn Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və onun ölçüləri Azərbaycan dilində olan mətnin ölçülərindən böyük olmamalıdır. Bu, Qanunvericiliyin bir müddəasıdır. Eyni zamanda Qanunvericiliyə görə sahibkarlığın istehlakçılar bazarında özlərini öz adları kimi tanıtmaq hüququ var. Bir çox xidmət və ticarət obyektləri də bu hüquqlarından istifadə edirlər. Yəni, onlar xarici dildə reklamı yerləşdirməzdən əvvəl bununla bağlı əmtəə nişanı kimi qeydiyyatdan keçən və digər sənədləri Dövlət Reklam Agentliyinə təqdim edirlər. Yalnız bundan sonra həmin sənədlər varsa, özlərini tanıtmaq hüququ verilir. Yəni, xarici dildə olan reklamlarını yayımlaya bilirlər”.
Hüseyn Azəri ziyalılar ilə birlikdə keçirilən monitorinqdən də söz açıb:

“Ziyalılar müraciətlərində qeyd ediblər ki, Rəsulzadə küçəsində 42 obyektin 40-da reklam xarici dildə yazılıb. Biz ziyalılarla birlikdə həmin monitorinqi keçirən zaman da qanunla bağlı rəsmi sənədləri təqdim etmişik. Onların iddiası budur ki, niyə şəhərin mərkəzində bir sıra brend adları xarici dildə yazılıb. Biz isə izah etdik ki, həmin adlar dünya brendləridir və onların mərkəzi ofisləri xarici ölkələrdədir və onlar bu adla əmtəə nişanı ilə qeydiyyatda keçdiklərindən bu dildə yayımlayırlar. Yəni, qanunvericilik sahibkarlığa bu hüquqları verdiyi halda Dövlət Reklam Agentliyi sahibkara “sən reklamını mütləq Azərbaycan dilində yayımlamalısan” deyə bilməz və bu sahibkarların işinə müdaxilə hesab olunar”
“Bəs niyə ziyalılar hələ də sizdən şikayətçidir?” sualımıza qurum rəsmisi bu cür cavab verdi:

“Bu sualı onların özlərindən soruşmaq lazımdır. Çünki hər dəfə ziyalılar bizə müraciət edəndə görüşlər keçirib, məsələ izah olunub.”

Qurumun mətbuat katibi hörmətli Hüseyn Azəri bəyə demək istəyirəm ki, əvvəla, təkcə brend adlar deyil, brend olmayan adlar da xarici dildə yazılır və dünyanın yox, elə yaxın qonşu ölkələrdə belə bu belə deyil, yəni brebd adla yanaşı, ana dilində də nəsə yazılır. İkincisi, ziyalılara izahat deyil, bu sahədə görülən əməli iş lazımdır.
ADRA nümayəndələri ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını Paris Konvensiyası ilə əsaslandırmağa çalışırlar. Bu isə müraciətdə deyildiyi kimi, yanlış yanaşmadır. Bu Konvensiya, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında “dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır.
Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində reklam və digər lövhələrin yazılmasını qadağan edə bilməz və etməyib.
Həmin Konvensiyaya qoşulan və bizə yaxın olan postsovet ölkələrində nüfuzli beynəlxalq əmtəə nişanları qorunsa da, əvvəlcə dövlət dilində və ya transliterasiya edilərək yazılır (bu barədə fotomateriallar ADRA-ya iki dəfə təqdim edilib). Amma qarşı tərəf bunu həmin ölkələrdə (Rusiya və Gürcüstan) fərqli əlifbalardan istifadə edilməsi, azərbaycanlıların isə latın qrafikası ilə olan lövhələri oxuya bilməsi ilə (!) izah etməyə çalışdılar.
Həmçinin Hüseyn bəy Azərinin qeyd etdiyinə görə də “… xarici dildə olan mətn Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və onun ölçüləri Azərbaycan dilində olan mətnin ölçülərindən böyük olmamalıdır. Bu, Qanunvericiliyin bir müddəasıdır , – deyən hörmətli Hüseyn bəyə xatırlatmaq istərdik ki, sitat gətirdiyi Qanunvericiliyin əvvəlcə birinci müddəasına əməl etmək lazımdır ki, sonra 2-ci müddəaya – sahibkarın hüququna keçək.
Hüseyn bəy Azəri deyir ki, bunu ziyalıların özündən soruşmaq lazımdır ki, niyə şikayətçidirlər?

Əcəba, görəsən niyəmi? Məgər bu sahədə irəliyə doğru hər hansısa addım atılbmı? Hansısa əməli fəaliyyət göstərilibmi? Doğrudur, Qanunvericiliyə görə Azərbaycan ərazisində dövlət dili ilə yanaşı, xarici dildə olan reklamdan da istifadə oluna bilər. Və onun da qeyd etdiyi kimi: “Rəsulzadə küçəsində və eləcə də digır küçələrdə buna kobud surətdə əməl olunmayıb və ADRA nümayəndələri sahibkarlıq subyektlərindən problemi aradan qaldırmaq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR qanununa (maddə 7.1.) əməl edilməsini tələb etmək əvəzinə, bütün bu pozuntuların qanuni olduğunu izah etməyə çalışırılar. Demək, belə məlum olur ki, bu strukturun əməkdaşları bəlli qanun pozuntularını aradan qaldırmaq üçün heç bir tədbir görmək niyyətində deyillər. Bizə, hörmətli Hüseyn bəyin dediyinin əksinə olaraq, izahat deyil, qanuna uyğun əməli iş, Bakı küçələrindəki yazıların qanuna uyğun şəkildə Azərbaycan dilində olmasını görmək lazımdır.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna görə (maddə 7.Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi, 7.1.), Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Qanunun bu tələbinə əməl edilməsini görmək istəyirik, izahat deyil.

Bəs hanı bu maddəyə əməl edən? Məgər Bakıda bu müddəaya əməl olunurmu ki, sonra sahibkarın hüququ ön plana keçirilir? Sözügedən qanunun sözügedən maddəsinə əməl olunubmu ki, bu ziyalılar şikayət etməkdən vaz keçsinlər? Hansı reklam və obyekt adı bu şikayətdən sonra dəyişdirilərək birinci böyük lövhədə Azərbaycan dilində, ondan sonra xarici dildə yazıldı ki? Qanunda yazılan tələblərə əməl olundu ki? Mən gündüz vaxtı əlimdə çıraqla gəzdimsə də, bunların heç burinə Bakı küçələrində nə şikayətdən öncə, nə də sonra rast gəldim. Bəlkə, kimsə rast gəlib, mənim xəbərim yoxdur? Məgər sözdə: ” Hə, Siz düz deyirsiniz, bu fəaliyyətiniz tıqdirəlayiqdir”, – deməklə iş bitmişmi hesab olunur? Deyəsən, siz əməli işdən daha çox sözə və izahata önəm verirsiniz. Məgər bu xarici dilli reklamların da mı danışıq yolu ilə çıxarılacağına ümid edib 30 il gözləmək lazımdır? Məgər ziyalıların nədən şikayətçi olduqları aydın yazılmayıbmı?

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciətdən sonra ziyalılarla keçirilən görüşdə qərara alındı ki, növbəti müzakirədə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin əlaqədar şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün addımlar atılsın. Aradan 10 aydan artıq vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmadığı halda hələ ziyalıların nədən şikayətçi olduqları sualmı edilir?
Qanunun sahibkarlarla bağlı hissəsini müdafiə edib, bu hissədən möhkəmcə yapışır, digər hissəsini isə görməzliyə vurursunuz? Nədən sahibkarların hüquqları bu qədər canü dildən müdafiə edildiyi halda, bu boyda xalqın ana dili hüququna hörmət edilməməsinə göz yumulur? Nədən Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun (maddə 7.Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi, 7.1.) müddəalarına əməl etmək sahibkarlardan tələb olunmur? Onların Qanuna əməl etməməsinə nədən icazə veriirsiniz? Nədən Azərbaycanımzın baş şəhərində M.Rəsulzadənin adını daşıyan küçədə 42 obyektdən 40-nın adının əcnəbicə yazılmasını belə rahatlıqla seyr edə bilirsiniz?
Bəs bizim ana dilimiz olan Azərbaycan dilinin varlığı niyə müstəqil Azərbaycanın baş şəhəri Bakıda hiss olunmur?
Niyə şəhərin orta göbəyində ana dilimiz ucuz köşklərə qısılıb qalıb?
Məncə, milli heysiyyət bazarda satılmır ki, pulla alına, ya da sahibkarların hüququ deyil ki qoruna..

Nədən ziyalılar şikayətçidirlər?

Müraciətdə də deyildiyi kimi: “Dövlət dili haqqında” qanuna etina edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması ziyalılar tərəfindən heç cür qəbul edilə bilməz. Bütün bunlar təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir”. Ona görə də nə qədər ki Bakı əcnəbi dillər tərəfindən “işğal”dan azad olunmayıb, əlbəttə ki, ziyalılar da şikayətçi olacaq!

Cavab bu qədər bəsit, bu qədər sadə və aydın.

Bu arada əvvəllər “Mozalan” telejurnalında gedən bir süjet yadıma düşdü. Bir yük maşını bir çuxura düşür, sürücü nə qədər çalışır, maşına nə qədər qaz verirsə də, çuxurdan çıxara bilmir. Bütün başbilənlər yığışır gəlir, hərə bir təklif verir, biri çertyoj çəkir, biri deyir, təkərin altından qaldırmaq lazımdır, bir çuxuru doldurmaq lazım olduğun bildirir. Bigəri təkərin altına dayaq verməyi sınaqdan keçirir. Maşınsa elə qaz verə-verə qalır. Çuxurdan çıxa bilmur ki bilmir. Başbilənlərin sayı daha da artır, verilən təkliflərlə bərabər. Kənardan bütün bunları görən bir uşaq deyir:
– Əmiləy, ay əmiləy, bəlkə itəliyəsiz?…
Bundan sonra adamlar yüngülcə itələməklə maşını çuxurdan çıxarırlar. Demək, məsələni həll etmək üçün yüz fikirdən, izahatdansa, bircə hərəkət, əməli iş lazımdır. Deyirəm, bəlkə, o uşağı çağıraq, elə bizə məsləhət verə ki:
– Əmiləy, ay əmiləy , bəlkə , söküb atasınız və bütün bu reklam və müəssisə adlarını Qanunun 7.1 maddəsinə əsasən yenidən yazasınız.