Klassik ədəbiyyatda payız obrazı xəstəlik, ölümlə bağlı bədbin hadisələri təsvir etmək üçün işlədilən bir vasitədir.
Payızda dünyaya gəlmişdi o da. Bir soyuq, çiskinli oktyabr səhərində.
Adətən oktyabra “Cavidlər ayı” deyirlər. Maraqlıdır ki, ailənin bütün üzvləri məhz bu ayda doğulublar. Oktyabrın 2-si şairin qızı Turan xanımın, 22-si oğlu Ərtoğrolun, 24-ü isə Cavid əfəndinin özünün. R.Hüseynovun qeyd etdiyi kimi H.Cavid Vaxtdan, Zamandan ucada duran bir sənətkar idi!
O sənətkarlar ki, vaxtla, zamanla ayaqlaşdılar, onlar elə o dövr, zaman keçdikdə və ya “göstərən saətdə dövrani-fələk bir inqilab”da həm özləri, həm sənətləri fani oldu, zamanın arxivinə atıldı…
H.Cavidin mövzularından, əsərlərindən, traktor səsi gəlmədi, pambıq yığılmadı, kolxoz qurulmadı…. Onu daim insan, insanlıq, onun daxıli, mənəvi problemləri düşündürdü. Ona görə də traktor, pambıq, kolxoz sıradan çıxanda Cavid də çoxları kimi tarixin amansız arxivinə sürülmədi, gömülmədi, çünki onun sənəti ölməz sənətdir, çünki o, adına əbədiyyəti bağladı, təkcə sənəti ilə deyil, kamilliyi, mükəmməlliyi, ailəsi, övladları, şəxsiyyəti, iç dünyası, mənəvi aləmi liə də örnək oldu, klassik oldu.
Onun sənətini hamı – ana, baba, müəllim, bir sözlə, bütün insanlar sevdi, oxudu. Onun sənətində “Yer gücü, Göy gücü” vardı. Şeirləri sanki gözəl afətdir, kəlamlarında müdrik peyğəmbər hikməti var, knyazlar baş əydi bu sənət qarşısında, onu oxuyanlar uçurumdan uzaq oldular. İnsanı İnsan olmağa, İblisdən uzaqlaşmağa çağırırdı bu sənət.
İnsana insan olduğun xatırladan, tanrısı gözəllik və sevgi olan humanist sənətkar nə yazıq ki, altun və qadın düşkünü divanə başların qurbanı oldu, fəqət onun sənəti ölən deyil, adına əbədiyyəti bağlamışdır, zaman, vaxt onu gömə bilmədi, onu gömmək istəyənlər, sevgisiz başlarında əqrəblər gəzənlər isə Zamanın və Vaxtın tələbi ilə qaranlığa gömüldülər!
Qızı Turan Cavid ömrü boyu atası ilə bağlı xatirələrin, yazıların, əlyazmaların başına pərvanə kimi fırlandı. Bəzən də düçar olduğu atəşlərdən içi min əzab çəkdi, yandı, qovruldu, amma zərif çiyinlərini elə bir yükün altına vermişdi ki, o, adicə övlad deyildi. Köksündə anasının, atasının, qardaşının ürəkləri döyünürdü. Dağılmış inciləri bir yerə yığmaq missiyası onun taleyinə yazılmışdı. Qapı-qapı, el-el, oba-oba gəzərək atasının əsərlərini axtardı, topladı, çap etdirdi. Bəzən də üzləşdiyi məqamlarda son qəpiyini də xərcləməyi bacardı. Atasının əlyazmalarını müxtəlif şəhərlərdən, müxtəlif insanlardan öz halal pulu ilə aldı. Qandan-gendən gələn bir toxluq ömrü boyu Turan xanımın varlığında qərar tutdu. Onu maraqlandıran yalnız Hüseyn Cavid irsinin bir yerə toplanması və yenidən çapı idi. Turan xanımı narahat edən, daim düşündürən, nəhayət, çatdığı arzulardan biri də Hüseyn Cavid əsərlərinin ilkin variantında işıq üzü görməsi oldu. Doğrudur, böyük dramaturqumuz bəraət aldıqdan sonra kitabları çap edilirdi. Təəssüf ki, dövrün tələbindən, quruluşun hökmündən irəli gələn diktələrə məruz qalaraq. Məhz Turan xanımın fədakarlığı nəticəsində Hüseyn Cavidin əsərləri yazıldığı kimi pərəstişkarlarına çatdırıldı.